25 yaşını cənnətdə qarşılayan ŞƏHİDimiz

09 İyun 2021 08:27    1001 Baxış   
25 yaşını cənnətdə qarşılayan ŞƏHİDimiz

Düz 25 il öncə, 1996- cı il iyunun 9-da Xancanovlar ailəsinin - Məhəmmədəli bəylə Məlahət xanımın uçmağa qanadları yox idi. Tanrının bu ikiliyə bəxş etdiyi müqəddəs sevgidən Təbriz dünyaya göz açmışdı...

Gözəl Göyçayımızın Müskürlü kəndində dünyaya gələn Təbriz atası Məhəmmədəlinin, anası Məlahətin zəhmətkeş və əməksevərliyindən pöhrələnmiş, ağlı kəsəndən valideynlərinə başucalığı gətirmişdi.

Nənəsi Məftuləni çox istəyən Təbriz ona o qədər bağlanır ki, doqquz yaşından etibarən onunla qalır. Bu hal onun ata-anasını zərrə qədər narahat etmir, əksinə, nənəni sanki göylərə qaldıran Təbrizə olan sevgini birə beş artırır...

Doğulduğu kənddə orta məktəbi bitirdikdən sonra Naxçıvandakı N saylı hərbi hissədə qulluq edən Təbriz, hələ xidmət dövründə rəhbərliyin rəğbət və hörmətini qazanmış, adından yaxşı mənada söz etdirməyi bacarmışdı. Vətənə xidmət borcunu şərəflə yerinə yetirən Xancanov doğma Göyçaya qayıtdıqdan sonra kompüter biliklərinə sahiblənir, kənd təsərrüfatında zəruri olan bacarıqlara yiyələnir, zəhmətin və işin insana gətirdiyi başucalığını çox erkən dərk edir.



İşlədiyi bütün sahələrdə böyük hörmət qazanan Təbriz halal zəhmətlə pul qazanır və ailəsinə böyük dayaq olur. Bəlkə elə buna görədir ki, 27 sentyabr 2020-ci ildən az öncə Ordumuzun səfərbərlik üçün başladığı təlimlərdə könüllü iştirak edir və 2-ci Qarabağ savaşının ilk günündən silaha sarılır. Fizulinin, Cəbrayılın, Ağdərənin, Suqovuşanın alçaq ermənilərdən azad edilməsində yaxından iştirak edən Təbriz düşmənin canlı qüvvə və texnikasının məhv edilməsində böyük şücaət göstərir. Sonuncu dəfə 15 oktyabrda ailəsi ilə əlaqə saxlayır. Səhəri gün başından və ayağından yaralanan Təbriz Şəhidlik zirvəsinə ucalır.



19 noyabrda Təbrizin nəşi müqəddəs torpağımıza əmanət olunanda bütün Göyçay ayaq üstə idi. Vətən onun uğrunda qan tökən, canını fəda edən öz Şəhid balasını isti qoynuna alırdı. Məhəmmədəli kişinin məğrur, Məlahət ananın qürurlu baxışları ilə müşayiət olunan mərasimdə iştirak edənlər bir nəfər kimi, sanki öz doğmasından, ciyərparasından ayrılırdı...



Olduqca çalışqan, enerjili, gülərüz, zarafatcıl, heç kimin xətrinə dəyməyən Təbrizin bu gün cənnətdəki ilk ad günü - yubiley yaşıdır. Yaşasaydı, onu sevən doğmalarla, istəyən dostlarla birgə bir masa arxasında deyib gülərək qeyd edərdi. Amma qismət olmadı. Çünki uca Yaradan Təbrizi elə mərtəbəyə yüksəltdi ki, orda yalnız Şəhadət şərbətini içib Şəhidliyə ucalanlar bir masa ətrafında toplana bilir...

Ali Baş Komandanın sərəncamıyla Vətən Uğrunda medalı ilə təltif olunan Təbriz Xancanovun vətənə, torpağa, millətə sadiqliyi, göstərdiyi cəsarət və şücaəti ilə bağlı söhbətlər bu gün də dillər əzbəridir. Xancanovlar ailəsinin tək istəyi oxuduğu orta məktəbə Təbrizin adının verilməsidir. İnanırıq ki, bütün şəhidlərimizlə bərabər Təbrizin də adı əbədiləçdiriləcək, onun şücaəti, qəhrəmanlığı özündən sonrakı yurddaşlarımıza nümunə olacaqdır.

Ruhun şad olsun, ilk yubiley yaşın mübarək, ŞƏHİDİM!!!

Ələddin Rüstəmli





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar