44 gün döyüşən 44 könüllünün qeydiyyat problemi

20 Yanvar 2021 00:45    492 Baxış   
44 gün döyüşən 44 könüllünün qeydiyyat problemi

Müharibədə çağırışçılar, səfərbərlik xətti ilə gələnlərlə yanaşı könüllülər də iştirak edib. 44 gün ərzində Ağdam rayonundan olan könüllülər hər gün saat 16:00-dan postlara çıxır, döyüşlərin şiddətinə görə 08, 09 radələrində də evlərinə gəlib, istirahət edib, yenidən postlara gedirdilər.

Çox maraqlıdır ki, Ağdam rayonunun könüllülərinin sayı da 44 idi. Aralarında Birinci Qarabağ müharibəsinin iştirakçıları, ehtiyatda olan zabitlər, ordu sıralarından xaric edilmiş MAXE-lər də var idi.

Ağdamın könüllüləri bu müharibə ərzində 2 şəhid verdi, bir də yaralı. Bunları niyə yazıram?

Demək, ilk gündən könüllülər qeydiyyata alınmamışdılar. Məsələ ondadır ki, onlar qeydiyyata alınmasalar da, hər gün postlara çıxır, əsgərlərin silahlarını götürərək, döyüşürdülər. Deyə bilərsiniz ki, nə döyüş? Bəli, Ağdam istiqaməti müdafiədə olsa da, erməni tərəfinin diversiya qrupları dəfələrlə basqın ediblər və hər dəfəsində də, ciddi döyüşlər baş verib.

Könüllülər nə medal istəyir, nə orden, nə də başqa bir şey. Sadəcə olaraq, adlarının qeydiyyata alınmasını istəyirlər. Təsəvvür edin, aralarında işləyənlər var, işini-gücünü atıb, gedib döyüşməyə, iş yerindən maaşı kartına vurulub, indi deyirlər, orda olmağınla bağlı bir sənəd gətir. Ancaq sənəd yoxdur. 44 gün ərzində hər gün olmasa da, vaxtım olduqca iki gündən bir, üç gündən bir yanlarına gedirdim. Bir neçə dəfə də gizlin şəkildə gecə postlara çıxmışam. Adamların nələr çəkdiyinin canlı şahidiyəm.

Bu gün hərbi hissədən deyiblər ki, bəs onlar barədə məlumatımız yoxdur. Bu söz məni həqiqətən özümdən çıxardı. Əgər hərbi hissənin hər axşam 12 postun hər birinə 2-3 könüllü gəlməyindən xəbəri yoxdursa, onda o hərbi hissə komandiri cəbhə bölgəsində olmayıb. Ön xətdə olarkən istər zabitlər, istərsə də əsgərlər etiraf edirdilər ki, könüllülərin hesabına burda qala bilirik. "Həm posta dururlar, həm də bizə təlim keçirdilər" deyirdilər. Heç nə demirəm, Baboy postundakı döyüşdə könüllülərdən birnin fəaliyyətinə görə, hərbi hissə komandiri könüllülərin komandiri Zahid Əliyevə təşəkkür etmişdi. Hər şey o yana dursun, o könüllülər gəlməyənə qədər əsgərin ən adi sığıanacağı belə yox idi. Həm döyüşürdülər, həm də postları post vəziyyətinə gətirib çıxarırdılar.

Kimsə deyəcək ki, müharibə bitib, çoxlu problemlər var, baş qarışıqdır. Qardaşım, bu boyda ölkədə, problemlər sıraya qoyulub, növbə ilə həll olunur? Bu problemi həll etmək üçün sadəcə imza lazımdır axı.

Adamların haqqına niyə girirsiniz? Orada döyüşə gedən uşaqlar ailəsini, uşağını qoyub, ölümü gözə alıb gedirdilər. İndi onları qeydə almaq bu qədər çətin bir prosesdir?

Həmin döyüşçülərin müraciət etmədiyi qurum yoxdur, hərə bir avaz oxuyur.

Onların fəaliyyətinin heç 10 faizini yazmamışam. Gözləyirəm. Ümid edirəm, problem həllini tapar, növbəti dəfə onların problemləri ilə bağlı yox, fəaliyyətləri ilə bağlı yazaram.

Səxavət Məmməd



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar