Adam Şəhid doğmalarının siqaretinin külü də hesab eləmir özünü...

08 Dekabr 2020 23:29    760 Baxış   
Adam Şəhid doğmalarının siqaretinin külü də hesab eləmir özünü...


Ən ucuz siqaretləri ən bahalı dərdi olanlar çəkir...

1991-ci ilin oktyabrı idi, 7-8 uşaq yolun içində dörd dənə daşdan düzəltdiyimiz meydançada futbol oynayıb, sonra gedib əmimgilin çəpəri tərəfdə üzümlüyün yanında qaz turbasının üstündə oturduq. Əmioğlu yenə şeytançılığın elədi, bir üzüm yarpağını kağıza büküb gətirdi yandırdı, əvvəl özü çəkdi, sonra bizə də verdi. Sağa sola baxa-baxa qorxulu-qorxulu bir iki qullab aldım. Əslində "qullab" demək yekə çıxır, 9 yaşlı uşaq nə bilir siqareti ciyərə çəkməyi...eləcənə ağzımı zəhərlədi, tüpürdüm...bu (guya) siqaretlə şəxsən ilk canlı təmasım idi... açığı, indi də düşünürəm, görəsən biz üzüm yarpağından niyə siqaret düzəldirdik?...suala cavab tapa bilmirəm, amma bildiyim odur ki o üzüm yarpağı dünyanın ən bahalı, ən dadlı, ən kefnən çəkilmiş siqaret olub ömrümdə...

...sonra biz üzüm yarpağı çəkməkdən qorxduq, üzümlükdən də uzaqlaşdıq, dörd daşdan düzəltdiyimiz futbol meydançamızdan da, uşaqlığımızdan da...

91-ci ildən söz söz düşmüşkən, 20 Noyabr Təyyarə terrorunda bir kadr həmişə diqqətimi çəkib, yerdə ağzı açıq bir siqaret qutusu var...görəsən, qutu kimin idi? Görəsən, İsmət Qayıbovmu, Məhəmməd Əsədovmu, Alı Mustafayevmi, Tofiq İsmayılovmu bir siqaret yandırmaq istəyirmiş?...Özləri siqaret kötüyü kimi yanıb kül olub Ağdam məscidinə gətirilmiş Adamlar. Kötük adamlar...

Ağdam demişkən, internetdə bir video qarşıma çıxdı, Mənsum İbrahimov Bəhram Nəsibovun "Qarabağ"ını oxuyur, Aqil Abbas qəhərdən boğula-boğula qoy qaldırıb oynayır...Qəribədi, indi Aqil müəllimin qol qaldırıb oynadığı yerdə Xocalı qətliamı vaxtı analar saçını yolub dərddən oynayıb, Allahverdi Bağırov, Qatır Məmməd, Can Polad...daha kimlər orda o qədər siqaret çəkib...təsadüfə baxın ki, dünən Aqil müəllimin yazısını oxudum, yazıda da siqaretdən söhbət gedib...

2012-ci ildə anamla eyni xəstəxanada yatan döyüşçü cəlilabadlı Sabirin siqaretli xatirəsi də bir ömür yaddan çıxmır...anamla eyni gündə əməliyyat oldular, gecə həkimlərlə dil tapıb 5 dəyqəliyinə reanimasiyaya girəndə də gördüm Sabir "siqaret, siqaret" deyib zarıyır...yaxınlaşdım, məni görəndə harda olduğunu unudubmuş kimi azca başını qaldırdı, "ölürəm, siqaret tap" dedi..."sabah burdan çıx qaqan alıb gətirəcək, bu gün olmaz" dedim...
Həkim məni çıxardı bayıra. Getdim. Səhər tezdən gəldim xəstəxanaya, Sabir ölmüşdü artıq...Sabir dünyadan köçdü, amma mən ona bir siqaret borclu qaldım, heç vaxt ödəyə bilməyəcəyim borc...

Elə həmin il kəlbəcərli Cəfər kişinin siqaret macərası da bir aləmdir... Oğlu yazıq borc-xərc buna qan alıb gətirib, sistemə qoşublar, qan damara gedir. Birdən Cəfər kişi əlini at, sistemi qolundan aç at yerə ki, gedirəm siqaret çəkməyə...oğlunu az qaldı infarkt vursun. Soruşdum Cəfər əmi niyə belə eləyirsən? Dedi, "Əə, qan verənin də, qan alanın da...10 yaşınman siqaret çəkirəm, atam-anam, bacım-qardaşım öldü, Kəlbəcər getdi, siqaret məni tək buraxmadı. İndi mən bunu nətər buraxım.?...

16-17 yaşda siqaretə öyrəşdirdiyim dostlarımın yanında bir az üzüqarayam, "bizi zibilə salıb özün kənarda durmusan" deyirlər. Əslində elə deyil, siqaretin tüstüsünü onlar, dərdini mən çəkirəm...
İndi ağır günlər yaşayırıq, çooox ağır...nə qədər atalar, qardaşlar, əmilər, dayılar siqaret çəkir...
Kənardan baxanda hamı siqareti eyni cür çəkir: tüstü sinəyə çəkilir, nə bilim, ağızdan burundan çıxır filan falan...

Ancaq heç elə deyil, məsələn, bu gün Röyanın çəkdiyi siqaret başqa, nə bilim, Kəramət Böyükçölün çəkdiyi başqa, bir Şəhid qardaşının, atasının çəkdiyi başqa...

Birinci və ikinciləri kənara qoyub üçüncüyə baxanda adam Şəhid doğmalarının siqaretinin külü də hesab eləmir özünü... bu insanlar siqaret çəkmirlər, ağrını, acını, itkini ciyərlərinə çəkirlər...

Hər şeyə rəğmən bildiyim tək həqiqət budur: ən ucuz siqaretləri ən bahalı dərdi olanlar çəkir...çəkməyənlər isə dərdlərin hamısını çəkir...

Bizdə tarix 91-ci ili göstərir, əmioğlu yenə üzüm yarpağını büküb kağıza qorxa-qorxa yandırıb mənə tərəf uzatdı...

Məzahir Məmmədov



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar