Adil qalibiyyət

09 Martt 2021 11:25    5605 Baxış   
Adil qalibiyyət

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransından (26.02.2021) iki həftəyədək vaxt keçir amma o konfransda jurnalistlərin suallarına verilən cavablar, necə deyərlər, “Fevral tezisləri” hələ də müzakirə müstəvisindədir, çox yəqin ki müzakirələr qarşı günlərdə də davam edəcək. Biz də bu mövzuda yazılarla çıxış etmiş, öz müşahidələrimizi, fikirlərimizi bölüşmüşük. Bu yazıda cənab Prezidentin Ordumuzun qalibiyyəti, o qalibiyyətin fəlsəfəsi ilə bağlı dəyərləndirmələri, təqdirləri haqqında fikirlərimi bölüşmək istərdim.
Cənab Prezident haqlı olaraq, vurğuladı ki müzəffər Ordu onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəlib. Rəhbərlik etdiyi Ordudan məmnun qalması, onun işinə yüksək qiymət verməsi Komandanın, ölkənin qüruru olduğu kimi, orduya inam, ordu mənsublarının üzərindəki mənəvi məsuliyyəti də ifadə edir. Belə bir söz var, deyərlər, güclü Ordu müharibə üçün yox, sülh üçündür.

Müharibədə qalib gəlmiş ordunun sülhün təminatçısı olduğu aydındır. Müharibə bitib, sülh isə yeni təsis olunur. Bu təsisatın uzunmüddətli, dayanıqlı olması önəmli dərəcədə məhz güclü ordudan asılıdır, deyə bilərik. Güclü Ordu quruculuğunda müzəffər Ali Baş Komandanın təcrübəsi, hansı işi nə vaxt, kiminlə, hansı müddətə, harada və necə görmək lazım olduğunu mükəmməl bildiyini aydın şəkildə isbat etmiş cənab Prezidentin, dövlətimizin sülhə sadiqliyi, etibarlı tərəfdaş olduğu mübahisə, müzakirə mözvusu deyil. – “Sözümüz imzamız qədər etibarlıdır”.

Noyabrda “onlayn” rejimdə, yanvarda isə Moskvada biləvasitə imzalanan Üçtərəfli Bəyanatlardan sonra belə Ermənistan tərəfinin pozuculuq etmə cəhdləri, işi əymə səyləri müşahidə edilir; amma bu, Ermənistana növbəti fiaskodan başqa heç nə vəd etmir, əlbəttə. Əlbəttə, Dəmir Yumruq yerindədir; məğlub Ermənistan öz sözünün, imzasının arxasında durmağa məhkumdur. XIX əsr sonlarında qurulmuş bədnam “Daşnaksütyun” partiyasının “Biz dövlət qurmağa məhkumuq” şüarı XXI əsrin 20-ci ilində bir erməni siyasi partiyası üçün deyil, bütövlükdə erməni cəmiyyəti üçün “Biz məğlubiyyətə məhkumuq” gerçəkliyinə çevrildi. Bu il isə “Biz reallıqlara uyğunlaşmağa məhkumuq” deyərək, Zəngəzur Yolunun açılmasına əngəlləri aradan qaldırmalı, Qafqazda qabağı tıxanmış bütün kommunikasiyaların açılmasına xidmət etməli, separatizmi, terrorizmi dəstəkləməkdən birmənalı olaraq əl çəkməlidir.

“Azərbaycan hərbi qələbəni qazandı. Torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdik. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdik. Şəhidlərimizin qanını yerdə qoymadıq. Düşməndən intiqamımızı döyüş meydanında aldıq”. – Bu qalibiyyətin qüruru ilə ədalətin təntənəsinin universal harmoniyasıdır. Hər qələbə ədalətli olmur. Hər ədalətli yanaşma qələbə ilə nəticələnmir. Azərbaycan Ordusunun qələbəsinin artıq bir sıra ölkələrin hərb məktəblərində öyrənildiyinə dair məlumatlar yayılır. Təsadüfi deyil ki Azərbaycanın qələbəsi haqqında “inanılmaz”, “ağlagəlməz” kimi təbirlər işlədilir – bütün bunlar Silahlı Qüvvələrimizin nə qədər çətin, necə mürəkkəb işin öhdəsindən gəldiyini bir daha təsdiq edir.

Müzəffər Ordunun Ali Baş Komandanının haqqı, haqlı qüruru, çox təbii sevincidir ki öz Ordusnun qəhrəmanlığından danışsın: “Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı nəticəsində biz qələbəni qısa müddət ərzində əldə edə bildik.
...Silahdan istifadə etmə məharəti və inanılmaz fiziki qüvvə böyük hazırlıq tələb edir. Sal qayalara aşağıdan dırmaşmaq, müdafiə xətlərini yarmaq peşəkarlıq olmadan qeyri-mümkündür”... – Bəli, Azərbaycan Ordusu döyüşlər zamanı öz dözüm, iradə, vətənpərvərlik və peşəkarlığını nümayiş etdirib. Bu kateqoriyaların bir süsü, bir önəmli amili də, heç şübhəsiz haqlı olmağımız, məhz ədaləti bərpa etməyimizlə bağlıdır. Azərbaycan “Həm suçlu, həm zorlu” sindromunu sındırmağı, haqlının qalibiyyətini təsdiq, təsbit etməyi bacardı. İndi bu qalibiyyəti – adil qalibiyyəti vəsf etmək, təqdir etmək, öymək dünyada ədaləti, beynəlxalq hüquq normalarını, haqqın incəlsə də, üzülmədiyi həqiqətini tərif etməkdir. Dünya birliyi haqlının yanında durmaqda ləngiməməli, ayrı-ayrı ölkələr haqsızı indi də müəyyən dərəcədə davam edən “sürünən müdaifə”dən əl çəkməlidir...

Prezidentin cavablarında ifadə olunan əsas istiqamətlərdən biri Azərbaycan Silahlı Qüvvələrini özünəxas yeni təcrübə qazanması ilə bağlıdır. Yuxarıda da vurğuladığımız kimi bu təcrübə artıq xarici tərəfdaşların da diqqətini cəlb edib, öyrənilməyə başlayıb.

Prezident yeni növ silahların döyüşlərdəki üstün rolunu da fərqləndirdi. Başqa bir fərqləndiriləsi cəhət olaraq, strateji planlaşdırmanın qələbənin əldə olunmasındakı əsas amil rolu oynaması ilə bağlıdır: “Planlaşdırma düzgün olmasaydı qələbənin əldə olunması çox çətin olardı. Ona görə ki, orada uzunmüddətli istehkamlardan əlavə təbii relyef də çətinlik törədir. Dağa dırmaşmaq, aşağıdan yuxarıya qalxmaq lazımdır. Şuşanın alınması isə, ümumiyyətlə, ayrıca dastandır”.

Şuşanın azad olunması, ümumən Qarabağın hər qarışının düşmən tapdağından azad olunması qızıl qələmlərin, fırçaların, tişələrin, not dəftərlərinin, çubuqların... yeni məzmun, yeni mözvularla süslənməsi deməkdir. Matəm rəmzinə çevrimiş (rəmzləşmiş) qərənfildən qalibiyyət gülü xarı bülbülə keçid... ustad sənətkarlarımızın, gənc istedadlarımızın bugün, sabah müraciət edəcəyi ən əsas mövzuların başında gəlir deyə ümid edir, buna inanıram. Hər ikisi şəhid gülü kimi qəbul edilir – bu məzmun qərənfil üçün 1990-cı ilin yanvarından, xarıbülbülçün 2020-ci ilin 8 noyabrından başlanır... Bundan sonrakı hər saatımız, günümüz, ay-ilimiz uğur üstə uğur, qələbə üstə qələbə, sevinc üstə sevinc gətirsin!

Şəhidlərimiziə ehtiamımız da, dövlətimizə inamımız sonsuzdur!

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar