Ağdamda itirdiyim iki illik məktəb

09 Yanvar 2021 22:40    598 Baxış   
Ağdamda itirdiyim iki illik məktəb

Ağdamadan məcburi köçkün düşəndən sonra qayıdacağımız günü gözləyənə qədər valideynlərim bizi müvəqqəti olaraq, Nəsimi rayonu 1 saylı məktəbə yazdırdılar. Sinfə girdiyim ilk gün hələ də xatirimdədir. Sinif rəhbərim Dilarə müəllimə məni sinfə təqdim edəndə, “Ağdamdan məcburi köçkünümz olan Ülviyyə balamızla tanış olun, hətta artıq qələminiz, dəftəriniz, kitabınız, varsa, onunla paylaşın” demişdi. Uşaqların bəzisi mənə istehza ilə, bəzisi gülərək baxırdı. Həmin an gözlərim o qədər dolmuşdu ki, sinifdən qaçmaq istəyirdim. Hətta üçüncü partada da əyləşdiyim yadımdadır. Çantamda isə bütün kitablarım, dəftərlərim, artıq qələmlərim belə var idi. Sinifdə kök bir qız var idi, mənə qəfil qələmini uzadıb, istehza ilə, "götür amma sındırma", demişdi. Düzdür, danışıq tərzini bəyənməsəm də, qələmə ehtiyacım olmasa da, nəzakət xətrinə götürüb təşəkkür etmişdim.

Tənəffüs zamanı bütün uşaqlar mənə sanki, yad planetdən gəlmişəm kimi baxırdılar... həmin günü necə bitirdim, Allah bilir. Çox sıxılmışdım. Ağdamdakı öz sinfimə qayıtmaq istəyirdim. Dərsin sonunda həmin qızın qələmini qaytarıb təşəkkür etdim. Sərt bir şəkildə əlimdən alıb ora burasına diqqətlə baxıb, xarab edib etmədiyimi yoxladı. Uşaqlıq idi, bəlkə də hamı o cür davranardı.

Səhəri gün özümü topralayıb, öz kitablarımı, dəftərlərimi, qələmlərimi partama düzüb, hamı kimi dərslərə qatıldım. Hamı kimi. Onsuz mən də hamıdan biriydim. Sadəcə o baxışlar, bəzən ləhcəmə gülüşmələr, ən əsas da, "məcburi köçkündür" deyə pıçıldamalar bir neçə ilimin tərifolunmaz hissinə çevrildi.

Günlər, aylar keçdikcə sinfin əlaçısı, ilin əlaçısı oldum. Hətta olimpiadalarda belə, yerlər tuturdum. Hətta 9-cu sinifdən sinif nümayəndəsi olmuşdum. Sinif yoldaşlarımla isə elə bağlandıq ki, bir birimizə, deyirdilər ki, "sən Ağdama qayıdandə biz nə edəcəyik". Hətta, "Qayıdanda Ağdamdakı sinif yoldaşlarına bizdən danışarsan" söyləyənlər də olurdu. Sanki, sehrli xalatdakı Zərifə kimi keçmişdən gələcəyə düşmüşdüm.

Qısası, Ağdama qayıdacağım günü gözləyə-gözləyə məzun da oldum, tələbə də, arzuladığım ixtisas üzrə peşəkar dağ, fərqli yerlərdə çalışdım, çoxlu dostlar, rəfiqələr qazandım. Amma hər zaman ürəyimdə 2 il birlikdə oturduğum Jaləni, Sevdanı, Könülü, Səmayəni, Nigarı axtardım. Elə bilirdim ki, onlar orda qalıb, bir tək mən gəlmişəm bura... Hələ də elə düşünürəm, bəlkə də onlar da mənim kimi fikirləşib nə vaxtsa.

Illər ötsə də, ayrılıq artıq alışqanlığa çevrilsə də, bir vaxt məcburən çıxdığımız yurdumuzun azad olunması o hissləri yenidən oyadır. Inanıram ki, 27 ildir qarşılaşmadığım sinif yoldaşlarımla uşaq yaşımızda olmasaq da, uşaq yaddaşı ilə mütləq məhz Ağdamda yenidən görüşəcəyik. Çünki o iki illik sinfimiz məni Zərifə kimi keşmişdən gələcəyə müşahidəyə yox, məhz keşmişimi unuda bilməyəcəyim, keçmişi bu gün kimi yaşadığım bir səyahətə göndərmişdi...

Ülviyyə Qarayeva



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar