Akademikin özünün cərimələnməsi bu dövlətdə qanunun aliliyinin isbatı olacaq

24 Avqust 2020 14:00    583 Baxış   
Akademikin özünün cərimələnməsi bu dövlətdə qanunun aliliyinin isbatı olacaq
On beş sutkalıq bumeranqlar

Azərbaycanda baş verən məmur özbaşınalığı və ard-arda gələn həbslər və pandemiya cərimələri gündəmi zəbt edib. Həbs edilən icra başçıları və nazirlikdə çalışan yüksək rütbəli məmurlar çoxsaylı rüşvət və korrupsiya cinayətlərində günahlandırılırlar. Lakin bütün bu həbslər yenə də sadə vətəndaşın problemlərinə biganə qalan məmur tipini dəyişmir, çünki harınlamış məmurun vətəni olmur. Diqqət etsəniz, görərsiniz ki, dünyadakı bu "ictimai zəlilərin" eyni tipi var. Sanki hamısı bir boyda, bir ölçüdə, eyni atadan və anadan doğulan kimi görünürlər. Ölkəmizdəki bu tiplərin xalqa sayğısız münasibətinə uzun illərdir şahidik, sanki “məndən ötdü, qardaşıma dəydi” prinsipinə riayət edərək məmurlar bu həbslərin və cəzaların onlardan yan ötəcəyinə güvənirlər.

Haradan gəlir bu güvən? İllərdir yığdığı rüşvət və taladığı dövlət əmlakı hesabına toplanmış, haqq etmədikləri var-dövlət onlara bu güvəni verir. Bütün demokratik dövlətlərdə olduğu kimi, şəffaf gəlir deklarasiyası məmurlar üçün ölkəmizdə də keçərli olsaydı, məmurlar bu qədər harınlamaz və ölkə vətəndaşına və onun problemlərinə etinasız yanaşmaz, vətəndaşları dilənçi kimi görməzdilər.

Bütün dünya üçün ağır olan pandemiya dönəmində vətəndaşlara: "evdə qal", - tövsiyyəsini verən, virusun yayılmasında evdən çölə çıxıb, günəmuzd çalışıb evinə bir tikə çörək aparmaq istəyənləri suçlayan, cərimələrin artırılmasını tələb edən şəxslər bir toya getməklə özlərini nə qədər qanun üstü saydıqlarını göstərdilər və indiyə qədər dediklərinə tüpürdülər. Ən bağışlanmaz tərəfi odur ki, bu öyüdü verən və onlara havadarlıq edənlərin yol boyu düzülmüş malikanələri, övladlarının "Instaqram"ı dağıdan zəngin həyatlarını göstərən şəkilləri, adamları basıb keçən maşınları göz deşir. Bu hələ aysberqin görünən tərəfləridir.

Cahangir Hacıyev məsələsində məlum oldu ki, aysberqin görünməyən tərəfləri görünənindən daha böyükdür. Pandemiya qaydalarını həyasızcasına pozaraq Alov Qüllələrinin hovuzunda üzən harınlamış yavruların başı və hətta həmin məmurların özü Mehdiyevlərin qalma-qallı toyunda göründü.

Mart ayından bəri, az qala, hər gün pandemiya qaydalarını pozan vətəndaşların xalça-xalça şəkilləri televiziyaları bəzəyirdi. Oğluna, qızına nişan, toy və ya məzunluq günü ilə bağlı məclis keçirmək istəyən həsənlərin, vəlilərin, fatmanisələrin ünvanına qucaq-qucaq qınaq dolu sözlər deyilirdi.

Gizli işləyən kafelər, restoranlar ifşa olunduqda, az qala, vətənə xəyanət deyə üstlərinə hücum çəkilirdi. Yarı çılpaq vəziyyətdə sürüklənən vətəndaş hamımızın yadındadır. O zaman həmin vətəndaşın hüquqlarını qorumalı olan Ombudsmanın səsi gəlmədi. Amma indi məlum oldu ki, vətəndaşın hüququnun müdafiəsindən başqa hansı işlə desən, məşğul olan xanım Ombudsmanın da iştirak etdiyi toyda xalqa öyüd verənlərin hamısı birlikdə toplanıbmış.

Necə deyərlər, biz birlikdə güclüyük. Amma baxır bu “biz” nə “biz”dir?

İllərdir sovet ideoloji məktəbinin yetirməsi və təbliğatçısı, müstəqilliyimizin qazanılmasında heç bir rolu olmayan, lakin müstəqil dövlətimizin başında ürək rahatlığı ilə oturan, neçə-neçə siyasi həbsin tərtibçisi cənab boz kardinal və onun aşiqləri birlikdə, hətta dövlətdən də güclü olduqlarını zənn edərək ölkədəki pandemiya qanunlarını heçə sayaraq toy məclisi qurublarmış. Bu toy məclisi fağır-füqəranın gizlicə qurduğu və üstü açılanda televiziyada biabır olaraq 200 manat cərimə olunduğu toy məclisindən deyilmiş. Həna o hənadan deyil.

Bu boz kardinalı ölkə qanunlarından üstün sayan və hələ də “bəlkə də qaytardılar” sevdası ilə yaşayanların toplaşdığı bir məclisdir. Bu məclisdə şərab alverçisi olan, amma təəssüf ki, akademik rütbəsi daşıyan keçmiş BDU rektoru, xalqa ağıl verib daha qənaətcil olmağa çağıran millət vəkili və Ombudsman xanımı, daha o qədər xalqın pulunu yeyib harınlamış keçmiş və indiki məmurlar vardı. Siyahını uzatmağa gərək yoxdur. Onsuz da xalq bunların əlindən bezardır və aqressiyası günü-gündən artır.

Düşünmürəm ki, akademikin kürəkəninə kəsilən 15 sutkalıq həbs düz-əməlli yardım ala bilməyən xalqın yarasına məlhəm olsun.

Lakin akademikin özünün cərimələnməsi bu dövlətdə qanunun aliliyinin isbatı olacaq. Yoxsa hər gün parça-parça həyata keçirilən Mehdiyevlərin qanuni cərimələnməsi belə, şou kimi yaddaşlarda qalacaqdır.

İnsanlar inanmır.

Məhz bu inamsızlıqlar və məmur özbaşınalığı hökm sürən cəmiyyətlərdə kriminal aləmin insanları böyük hörmətə malik olur. Hansı yolla pul qazanmaqları deyil, bu şəxslərin sadə insanların qayğısına qalmağı, himayə etməyi önə çəkilir. Vətəndaşı olduğu ölkənin məmuru xalqa xidmət deyil, hörmətsizlik göstərəndə “lotu” və oğrular qəhrəmana çevrilir.

Uzaq olmayan keçmişdə məşhur narkobaron Eskobarın xalq arasındakı hörməti və qazandığı el sevgisi buna sübutdur. Onu Amerikadan da, polisdən də qoruyan xalq idi. Niyə? Çünki Kolumbiyada məmur özbaşınalığı vardı və Eskobar sadə insanlara “dədə dövlət”i əvəz edirdi.
Kriminal aləmin 4 il öncə öldürülən bir yüksək ranqlı şəxsi necə ürək ağrısı ilə xalqımız tərəfindən yad edildisə, bu gün də Lotu Qulinin ölümü eyni acı ilə qarşılandı. Niyə? Çünki Bu kriminal şəxslər bir neçə kasıbın qayğısına qalıblar və ümumən ədaləti gözləyiblər, lazımi insanları himayə ediblər.

Bəli, eynən “dədə dövlət”in etməli olduğu işləri öz çaplarında həyata keçiriblər. Bunun bir milli faciə olması ondan ibarətdir ki, hər yetişən gənc bir örnək olaraq təhqir olunan, söyülən və nifrət edilən məmuru da görür, kasıb yaşayan intellektual təbəqəni də, rifah içində yaşayan, lakin xalqa qayğı ilə yanaşan və onun sevgisini qazanmış avtoritetləri də. Sizcə, kimi özünə örnək alacaq?!

Cavab bəllidir. Bax, əsl faciə buradan başlayır. Sovet ideologiyası Ramiz Mehdiyevə nə öyrədib bilmirəm, amma xalqa zülm etməklə və hədsiz səlahiyyət sahibi olmaqla dövlət idarə olunmaz, yeni nəsil yetişdirilməz. Bu, bir faktdır.

Öz kimliyinə, milli kimliyinə hörmət etməyən gəncdən vətəndaş da olmaz. Amma görünən odur ki, akademiki vətəndaş və milli kimlik problemləri narahat etmirmiş. O, özünün əlahiddə imkanlarını qorumaq həvəsində imiş və yaşadığı zəngin həyat heç də sadə sovet siyasi lider stereotipinə də uyğun gəlmir. Deməli, sovetin çox sayda saxta şüarlarından biri də bu imiş. Təmiz və sadə sovet məmuru ancaq bədii ədəbiyyatın qəhrəmanı imiş.

Özünü hələ də mütləq hakim hesab edən “kardinal” qanunlarla hesablaşmaq istəmədi. Bunun bu gün acı nəticəsini görür. Yəqin ki, batan gəminin kapitanı olduğunu dərk etməyə başlayıb. Artıq gəmini ilk tərk edən Siyavuşlar da göründü. Kürəkəninizin bir mitinq iştirakçısı kimi 15 sutkalıq həbsi illərdir həbsə göndərdiyiniz mitinq iştirakçılarının ailələrinin nələr çəkdiyini sizə hiss elətdirə bildimi? Asan yeyilən zərbə deyil.

Sizin bu xalqa vurduğunuz ideoloji zərbələr, dövlət təfəkkürünüzün olmaması Təhlükəsizlik Şurasının üzvü kimi ölkənin təhlükəsizliyinə tüpürmənizə gətirib çıxardı.

Qazandığınız təcrübələrin yalnız hakimiyyətinizi qorumağa xidmət etməsi və xalqı aşağılayan siyasətinizlə bu "qanuni oğruları" siz bu xalqa qəhrəman etdiniz.

Halbuki dövlət təfəkkürünüz olsaydı, ideoloji təbliğatı düzgün qura bilərdiniz.

Xalqımız hər zaman gerçək qəhrəmanlar yetişdirmişdir. Bu qəhrəmanlar İgid əsgərlərimiz, Qazilərimiz və Şəhidlərimizdir. Şəhidlərimizə hüzurumuzu, istirahətimizi, dövlətimizi, ən əsası - istiqlaliyyətimizi borcluyuq! Şəhidlərimiz və igid əsgərlərimiz əsl qəhrəmanlıq nümunəsidir və yetişən bütün gələcək nəsillərə qəhrəmanlıq örnəyidir.

Sizdən fərqli olaraq düşünən və ölkəsinə xidmət edən insanlarımız var.

Ölkədə yeni nəfəs açılmalıdır. Yeni təfəkkürlü gənclik və təmiz adını batırmamış təcrübəli insanlar birlikdə göstərdikləri fəaliyyət nəticəsində cəmiyyətdəki stereotipləri dəyişməlidirlər. Bax o zaman həqiqətən də demək olar - biz birlikdə güclüyük.

Yaşasın yeni nəfəs!

Anar Əsədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar