"Ali təhsil müəssisələrində dərs prosesinin 15 sentyabrdan yox, 1 oktyabrdan başlanılması nəzərdə tutulur".
Dominant.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən bugünki brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir qeyd edib ki, ali məktəblərə qəbul imtahanları gecikdiyindən, birinci kursa qəbul olunmuş tələbələrin qeydiyyat prosesinin də gecikəcəyi ehtimal olunur. Məhz bu səbəbdən ali məktəblərdə dərslərin başlanılmasının oktyabr ayında baş tutacağı ehtimal edilir.
Təhsil nazirinin sözlərinə görə, sentyabrın 15-dən başlayaraq ali təhsil müəssisələrinin distant qaydada fəaliyyətinin bərpa edilməsi planlaşdırılır: "Oktyabrın 15-dən etibarən isə müvafiq ixtisaslar üzrə qismən əyani təhsil təşkil edilə bilər".