Alın o medalı, sahibinə qaytarın

01 May 2021 15:02    6903 Baxış   
Alın o medalı, sahibinə qaytarın

Gözləyirdim ki, hansı reaksiyalar veriləcək, nə kimi addımlar atılacaq...

Təssüf min təssüf...

İranın Azərbaycandakı səfirliyinin şəhid general Polad Həşimovun ailəsini ziyarət etməsi riyakarlıqdır, həm də beynəlxalq səviyyədə bir riyakarlıq.
Üç-dörd gün öncə qondarma “erməni soyqırımı”nı yad edən bir ölkə hansı üzlə elə həmin erməni daşnak və cinayətkarlarının qətlə yetirdiyi insana medal verir?

Bundan başqa, medal kimin adınadır? O adamın ki, özü İraqda və Suriyada Türkmən qardaşlarımıza qarşı əməliyyatların başında durub. Belə həyasızlıq heç yerdə eşidilib-görülməsə də, “İran rejiminin tam mahiyyətidir” - desək daha doğru olar.

Amma burada məni daha çox rahatsız edən məsələ ŞƏHİD adı üzərindən və xüsusilə Milli Qəhrəman Polad Həşimovun adı üzərindən İran səfirinin özbaşına hərəkəti və ölkəmizə mesaj vermək cəhdidir. Məhz elə bu səbəbdən də xalqda haqlı hiddət doğurdu.

Şəhid adı hər bir dövlət üçün qutsaldır, toxunulmazdır. Şəhid General isə şərəf məsələsidir. General Polad Həşimovun adı və şəhidliyi azərbaycanlı gənclər üçün müqəddəs simvoldur. Neçə-neçə gənc generalın intiqamını almaq üçün düşmən üzərinə əliyalın yeridi.

Lakin mən İran səfirinin ikiüzlü dövlətinin siyasətini reallaşdırdığı üçün onu qınamıram. Səfir İran dövlətinə xidmət edir və o dövlətin maraqlarını güdür.

Yaxşı, səfir bu rəzil ziyarəti həyata keçirərkən və Qasim Suleymani adına medalı Şəhid ailəsinə təqdim edərkən bizim Xarici İşlər, Müdafiə nazirliklərimizin əməkdaşları harada idilər? Hara baxırdılar?

Bilirdilərsə, niyə ölkənin heysiyyatıyla oynayacaq hərəkətlərin reallaşmasına icazə verirdilər?

Ehtimal etsək ki, ziyarət üçün icazə alan səfir medal haqqında öncə xəbər verməyib, daha sonra sürpriz edib, o zaman ortaya sual çıxır: İran səfiri niyə Azərbaycan tərəfindən müşahidə edilməyib?

Bu ziyarətin olduğu vaxtda başqa bir şəhidimiz sosial şəbəkələrdə təhqir olunur. Təhqir olunan isə hüquq müstəvisində cəzalandırılmır küçənin ortasında döyülür.

Bəs biz deyəndə ki, post-müharibə dövrünə ciddi şəkildə hazırlaşmalıyıq, Azərbaycan hakimiyyətinin müxtəlif ranqlı məmurları hər şeyi bildiklərini iddia edirdilər. Budur, sizin bildikləriniz???

Şəhid statusu yalnızca müəyyən miqdarda maaşların ailəyə verilməsiylə və ya ev, maddi yardımlarla məhdudlaşmamalı, qanun səviyyəsində qorunmalıdır.

Qanunla qorunmalıdır ki, ölkə vətəndaşları cəzalandırılacağını anlayıb, Şəhid haqda ifadələrinə diqqət yetirsin, söhbət yumruq-təpik səviyyəsinə enməsin. Xarici ölkə vətəndaşları və yüksək səviyyəli məmurları isə Şəhid adı ilə manipulyasiya etməsinlər.

Azərbaycan parlamentinin deputatları bu barədə qanun qəbul olunması üçün çağırışlar etməlidirlər. Bu qanunların hazırlanmasına siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının mütəxəssisləri cəlb olunmalıdır. Bütün bunlar edilənə qədər isə efir siyasətinə əl gəzdirilməlidir.

İranın, Rusiyanın televiziyalarında hər kəs çıxıb bizim əleyhimizə danışır. Niyə? Çünki bu, o dövlətlərin imperialist siyasətinin tərkib hissəsidir. Dövlətin əlini güclü edirlər. Siz isə müstəqil düşüncəsi olmayan, milli təəssübkeşlikdən kənar, siyasi texnologiyalardan xəbərsiz yaltaq, tərif söyləyənləri doldurursunuz efirlərə.

Başa düşmək istəmirsiniz ki müxalifət dövlətin strateji sütunudur. Dövlətin deyə bilmədiklərini müxalifət deyir, müxalifətin edə bilmədiklərini dövlət edir!

İndi isə iki foto göstərəcəyəm – üstdəki şəkil qondarma “erməni soyqırımı”nın 100 illiyinin emblemi, altdakı Qasim Süleymani medalı.

Baxın, bizimlə necə oynadıqların, ironiya etdiklərini görün.

Alın o medalı, sahibinə qaytarın. Bu, bir daha belə hadisələrin təkrarlanmaması üçün İran rəsmilərinə də yaxşı dərs olar...

Anar Əsədli, AY Partiya başqanı




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar