Allahşükür Paşazadənin İran rejiminə sevgisi

23 İyul 2021 16:20    613 Baxış   
Allahşükür Paşazadənin İran rejiminə sevgisi

Yadınızdadırsa, çıxışlarının birində “mən vicdanın nə olduğunu bimirəm” ifadəsini işlətmişdi şeyximiz Allahşükür Paşazadə! Düz buyurursunuz, cənabi şeyx həzrətləri... Bəli, sizdə vicdan olsaydı, şəhidlərin canı-qanı bahasına azad etdiyi torpaqlara görə təşşəkkürü onlara edərdiniz, Ayətullah Xomenei həzrətlərinə deyil!

Bəli, Təzəpir məscidində şeytanın yoldan çıxartdığı Paşazadə İran, Fars-molla rejiminə olan sevgisini bir daha dilə gətirdi! Həmin “molla” sevgisi bir neçə il bundan öncə, daha doğrusu, ötən ilin may ayında Şeyxülislamın Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampa məktubla müraciətində də yer almışdı. Fars millətinə ürəyi yanan Paşazadə Trampdan humanizm və bəşəri həmrəylik naminə İran xalqına qarşı sanksiyaları dayandırmasını rica edir və belə bir addımın Uca Rəbbimizə xoş gedən “savab” bir əməl olduğunu dilə gətirirdi. Savab!? Bəli, vicdanın nə olduğunu bilməyən adamdan savab kəlməsini eşitmək səhrada su tapmaq kimi bir şeydir!

İllərdir qardaş Türkiyədə terror hadisələri törədilir. Eləcə də Suriyada, İraqda, ümumiyyətlə, Yaxın Şərqdə günahsız körpələr bombardmanların qurbanı olur! Heç Allahşükür Paşazadə buna görə ABŞ-a etiraz edibmi? Dünya güclərini insanlıq faciəsinə son qoymağa çağırıbmı? Yox. Amma İran xalqına münasibətdə humanizm yada düşür, molla rejiminə dəstək ifadə olunur. Əslində, bütün bunlar fars rejiminə məhəbbətdən irəli gəlir! O məhəbbət ki, illərdir Paşazadənin İranın Ermənistana dəstəyinə, Azərbaycana isə düşmən mövqe sərgiləməsinə səsini ucaltmağa belə, qoymayıb və qoymur.

Əgər İran bu illər ərzində Ermənistan üçün nəfəslik rolunu oynamasaydı, işğalçı dövlət çoxdan dizə gələrdi... İndi durub Azərbaycana badalaq vuran, Ermənistanı isə ayağa qaldırmaq niyyətinə düşən İranın Ayəttullahına təşəkkür etmək belə, nə ürəkdən gəlir, nə də dilə yaraşır! Amma görünən odur ki, Paşazadə bunu ürəyində böyük sevgi ilə yaşadır və dilinə də gətirir.

Hörmətli Paşazadə, bu xalq İranın 30 il ərzində bir dəfə də olsun haqq-ədalətə söykənib, Azərbaycanın yanında olduğunu görmədi axı. Daima erməniləri azərbaycanlılardan bir köynək özünə yaxın bilən Molla rejimi “TIR”larla işğalçı, düşmən və haqsız ölkəyə əlini uzatdı, yardımını etdi! Çünki fars dövlətinin məqsədi vardı - vaxtı ilə işğalda olan torpaqlarımızdan geninə-boluna istifadə edib, qeyri-qanuni yollarla pul qazanmaq. Zaman keçdikcə molla hakimiyyətinin Azərbaycana qarşı qəzəbinin, qərəzinin arxasında mənfəət dayandığını daha aydın hiss edir və şahidi olurduq. İran ötən 28-30 ilə yaxın müddət ərzində əbəs yerə Ermənistanı yedirdib-içirdib, geyindirməzdi.

Məsələnin digər tərəfi İranın davamlı surətdə Ermənistan kartından Azərbaycana qarşı istifadə etməsi halları idi. İslam inqilabının 40 illiyi ilə bağlı keçirilən tədbirdə Həsən Ruhaninin Azərbaycan Respublikasına qarşı ərazi iddiası irəli sürməsi, molla rejiminin Güney Azərbaycanda milli fəalların Xocalı soyqırımı ilə bağlı keçirdikləri yürüş aksiyasına müdaxiləsi, Xameneinin Azərbaycandakı nümayəndəsi Seyid Ocaq Nicatinin ortalığa qoyduğu qeyri-rəsmi mövqeyi və s...

Yəni, Ey bütün Qafqazın Şeyxi, İran bizə heç zaman dost olmayıb axı. Bu təşəkkürü Azərbaycanın haqq səsinə mənəvi və siyasi dəstək verən Türkiyə, İsrail və Pakistan dövləti haqqında səsləndirsəydiniz, o zaman şəhidlərin haqqı sizə halal olardı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Ölkəmizdə Din dövlətdən ayrı olsa da, dindar dövlətdən ayrı deyil” fikirləri yerinə düşdü. Bəli, komitə sədri düz vurğulayıb. Ölkənin bütün vətəndaşları kimi, dindarların da eyni hüquq və vəzifələri var. Amma görünür, Şeyxülüslam üçün “Din dövlətdən ayrıdır” sərhədi yoxdur! Çünki Paşazadə artıq dövlətlərarası münasibətlərə şərh verir, bir sözlə, dövlətinin siyasi maraqlarına tərs gedir.

Dominant.az


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar