AMEA-nın qarajdan başlayan inkişafı

19 Sentyabr 2020 14:33    520 Baxış   
AMEA-nın qarajdan başlayan inkişafı
Prezident köməkçisi Anar Ələkbərov AMEA-da görüşlər keçirib. Sensasiya yaradan və diqqət çəkən bu xəbər, əslində Prezident köməkçisinin AMEA-ya gəlişinə görə deyil, Ramiz Mehdiyevlə birgə görüşdən verilən görüntüyə görədir. Bu görüşlə cəmiyyətə hansı siyasi mesajlar vermək istəyirlər - onun üzərində durmaq istəmirəm, çünki məsələ aydındır. Manevrləri çox da təhlil etməyə gərək yoxdur. Əsas məsələ Rusiyanın əldən çıxarmaq istəmədiyi Gücü zərərsizləşdirməkdir...

Amma mən bu görüşün elə birbaşa medianın təqdim etdiyi görüntüsünə münasibət bildirmək istəyirəm. Deyək ki, bunun heç bir siyasi anlamı yoxdur - bir dövlət məmurunun normal olaraq iş qrafikinə uyğun şəkildə AMEA-da keçirdiyi görüşdür. Lakin bu görüşün təfərrüatları düşünə biləcək hər bir insanda suallar doğurur.

Deməli, Prezidentin köməkçisinin AME-ya ziyarətinin səbəbi inşaat işləri, logistika, maşın yağ dəyişməsi və s. “mühüm əhəmiyyətli” elmi məsələlər imiş. Akademiyanın düşdüyü biabırçı durum - Azərbaycan aliminin mövcud durumunun hansı vəziyyətdə olması haqqında illərdir hər bir alim danışır, yazır, həyəcan təbili çalır. Pandemiya dövründə bu daha aydın göründü, bütün dünya vaksin axtarışında olarkən Azərbaycan elmi başda təcrübəli, illərin dövlət xadimi Ramiz Mehdiyev olmaqla yaxşı qaraj axtarışında imiş. Əlində çoxsaylı resursların və böyük maliyyə dəstəyinin olmasına rəğmən, "böyük" akademikin gəlişindən sonra da Akademiyada ciddi bir elmi irəliləyiş hiss olunmadı. Bunun əvəzinə AAK-ın şərtləri anormal şəkildə çətinləşdirməsi ilə bağlı çoxsaylı şikayətlər sosial şəbəkə və media səhifələrini bürüdü. Yəni, həmişə olduğu kimi Ənvəroviç alışdığı sovet ənənəsinə uyğun olaraq, inkişafı şərtlərdə və tikintidə gördü. O tikinti ki, böyük vəsait tələb edir və eyni zamanda hər zaman yaxşı qazanc yeridir.

Qaraj məsələsi yadıma Eldar Ryazanovun məşhur “Qaraj” filmini saldı. Sovet sisteminə aid eybəcərlikləri qaraj fenomenində birləşdirən istedadlı rejissorun tamaşaçıya çatdırmaq istədiklərini, zənnimcə, bu “elmi görüş” tam reallıqla əks etdirdi.

İllərdir öyrəşdiyimiz bir sovet ənənəsinə uyğun olaraq, “hər şeyin başında yeyinti durur” – prinsipinə əməl edərək AMEA-nın yeni rəhbəri heç gecikmədən qollarını çirməyib işə girişdi. Hələ yerini isitməmiş akademik yeni bina və təmir istədi, yeni maşın və qaraj tələb etdi. Yaxşı, bunlar təmin olundu, elmi axtarışlar nə vaxt başlayır?

Görünən odur ki, siyasi intriqalara, hədə-qorxulara başı qarışan Akademiya prezidenti təsərrüfat işlərində xeyli səliqəli adammış. Alimi ölkənin ən aşağı maaş alan təbəqəsinə aid olan Akademiyada maaşları qaldırmaq vədlərini siyahının sonuna keçirərək işin əvvəlini maşın yağının dəyişdirilməsindən başlayıbdır. Yəni kasıb alim indiyə qədər necə sürünübsə, bir az daha sürünər, amma Akademiyanın maşınları vaxtlı-vaxtında baxışdan keçirilməli, qaydasında olmalıdır.

Ailəsini təmin etmək məqsədi ilə iki-üç yerdə çalışan sıravi Akademiya işçisi metro və avtobusdan sürtünə-sürtünə düşüb işə gəldikdə professor Elton Məmmədovun başçılığı altında par-par parıldayan Akademiya maşınlarına zövqlə tamaşa etməlidir ki, elmimizin inkişafına ciddi töhfələr verə bilsinlər.

Dünya elminin inkişafı barədə hər gün artan və nağılı xatırladan xəbərləri Azərbaycan alimi həsədlə oxuyur və o günü gözləyir ki, şərait və maliyyə dəstəyi ilə o da bir gün əsl elmlə məşğul olacaqdır. Görünən isə odur ki, o, hələ bir xeyli gözləyəcək. Sən demə, əsl elm qarajdan və Elton müəllimin həvəslə vəsf etdiyi “yağ dəyişmə”dən başlayır. Yəqin bu yaxınlarda mexanika üzrə fəlsəfə doktorlarının sıraları qarajda işləyənlərin hesabına artacaqdır. Professor Elton Məmmədovun birbaşa rəhbərliyi altında mexanika özünün elmi inkişafının pik nöqtəsinə çatacaqdır.

Ürək ağrıdan mənzərədir desək, yumşaq çıxar. Azərbaycan elminin radikal reformalara ehtiyacı olduğunu, Akademiya qurumunun sosial şəbəkələrdə gülüş hədəfi olduğunu hamımız bilirik. Qurumda baş verən pul yeyintiləri, plagiatlar və s. neqativ hallar haqqında, az qala, hər ay bir yeni xəbər oxuyuruq. Bu ittihamların bir ucu da orada çalışan və öz alın təri və bacarığı ilə elmə töhfə vermək istəyən bir çox alimimizə toxunur.

Halbuki Lütfizadə fenomeni göstərdi ki, problem Azərbaycan aliminin savadsızlığında deyil, problem Akademiya sistemindədir. Yəni buradan canını qurtaran alim yüksək nailiyyət qazana bilər...

Deməli, düzəlməli olan sistemdir.

Cənab Anar Ələkbərov, siz isə bir daha Akademiyaya görüşə gedərkən Akademiya sistemindəki reformalarla bağlı da mütləq soruşun və görüşə təsərrüfat müdiri ilə deyil, elmi işlər üzrə məsul şəxslərlə başlayın. Axı sizinlə bərabər hökumətdəki digər həmkarlarınız da iqtidarın müsbət imici üçün əziyyət çəkərək çalışır. Həm bu əziyyəti belə qaraj görüşləri ilə yerə vurmaq olmaz, həm də biz də inanaq ki, siyasi intriqalardan və taxta-şalbandan başı açılan Akademiya rəhbərliyi gerçək elmi inkişaf yoluna qədəm qoyub.

Biz Azərbaycan elminə inanırıq, lakin qaraja qısılan elm bəhrə verməz.

Anar Əsədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar