Koronavirusun ən çox yayıldığı Avropa ölkələrindən İtaliya və İspaniyada yoluxma, həmçinin ölüm sayı sürətlə artır.
Dominant.az xəbər verir ki, son 24 saatda İtalyada 1367, İspanyada isə 7 min 296 nəfər COVID-19-a yoluxub.
İTALİYA
Səhiyyə nazirliyinin gündəlik açıqladığı saya görə, ölkədə son 2 gündür 1000-dən aşağı olan yoluxma sayı bu gün yenidən artıb. Son 24 saatda 1367 yeni yoluxma sayı qeydə alınaraq, ümumilikdə COVID-19-a yoluxanların sayı 262 min 540-a yüksəlib. Ölkədə son 24 saatda daha 13 nəfər virusdan həyatını itirib. Fevraldan bu yana ölənlərin sayı 35 min 458-ə çatıb.
Sardiniya adası virusun yeni mərkəzi oldu
Ölkənin qərbində yerləşən Sardiniya adası yaydan əvvəl virusun ən az yayıldığı yerlərdən biri idi. Amma son günlərdə yeni yoluxmaların burada tətil edənlər arasında qeydə alınması diqqəti çəkib. ANSA xəbər agentliyi ölkədə COVID-19-un ikinci dalğasının Sardiniya adasından çıxdığını yazarkən, adanın şimalında dünya məşhurlarının da tez-tez getdiyi “Costa Smeralda”da bir çox yerin bağlanmalı olduğu qeyd edilib. Yerli mətbuatda, 17 avqustda bağlanan "Billionaire" adlı məkanda 63 nəfərin virus testinin pozitiv çıxdığı, məkanın sahibi İtalyanın zəngin iş adamı Flavio Briatorenin də COVID-19-a yoluxduğu yazılıb.
İSPANİYA
Səhiyyə nazirliyi dünən 4 min 553 olaraq açıqladığı yeni yoluxma sayının bu gün 7 min 296 nəfər də artaraq 419 min 849-a çatdığını bildirib. Paytaxt Madriddə və cənubdakı Andalusiya bölgəsində yeni oluxma sayının artması diqqət çəkib. Eyni zamanda, ölkədə son 7 gündə COVID-19 səbəbi ilə xəstəxanada 1514 nəfərin müalicə aldığı və bunlardan 102-nin reanimasiyada olduğu açıqlanıb.