AY Partiya Rusiyanın Qarabağa naməlum yüklər daşıması ilə bağlı bəyanat yaydı

07 Martt 2021 17:20    1064 Baxış   
AY Partiya Rusiyanın Qarabağa naməlum yüklər daşıması ilə bağlı bəyanat yaydı

Azərbaycan Yüksəliş (AY) Partiyası Rusiyanın İran üzərindən Qarabağa naməlum yükləri daşıması ilə əlaqədar bəyanat yayıb.


Dominant.az sözügedən bəyanatın mətnini təqdim edir:

"Rusiyalı sülhməramlıların Qarabağda fəaliyyətə başladığı gündən bəri müxtəlif məqamlarda öz səlahiyyətlərini aşmaları faktları mütəmadi olaraq həm Azərbaycan rəsmilərinin dilindən, həm də mətbuat səhifələrindən düşmür. Ölkə rəhbərinin öz çıxışlarında sülhməramlıların qanunsuz olaraq təsərrüfat işləri ilə məşğul olmaları, Laçın dəhlizindən Azərbaycandan giriş icazəsi almayan xarici vətəndaşların gediş-gəlişinə icazə verməsi, Qarabağdakı ermənilərə hərbi təlimlər keçməsi və bu kimi səlahiyyətlərinə aid olmayan, Azərbaycanın təhlükəsizliyinə təhlükə yaradan addımların atılmasına dair bəyanları bir daha sübut edir ki, Rusiyalı sülhməramlılar, əslində, xoşməramlı deyillər.

İndi məsələ daha da böyüyür və Rusiya ilə birlikdə İran da bu prosesə var qüvvəsi ilə qoşulmağa başlayır. Güney Azərbaycan fəallarının verdiyi təkzibolunmaz faktlar göstərir ki, son vaxtlar Rusiyadan Ermənistana yenidən hərbi yardım gedir. Bildirilir ki, hərbi yük maşınları İranın Ənzəli şəhərinə gətirilir, oradan da Nurduza aparılır. Nurduz sərhəd qapısında isə yük maşınlarını yenə ruslar təslim alır.

Cənubi Azərbaycandan gələn xəbərlərə görə, İranın ETTELAAT (Kəşfiyyat İşləri üzrə Nazirlik) məsulları yük maşınlarının sürücüləri ilə əlaqə yaradaraq, onları bu hərbi maşınları daşımağa məcbur edirlər. Qəbul etməyən sürücülər isə ya məhkəməlik olur, ya da basqı görürlər.

Hərbi yardımların İran üzərindən yenidən başlaması İranın Ermənistana olan dəstəklərinin davam etdiyini göstərməklə bərabər, Ermənistanın yenidən savaşa hazırlandığı ehtimalını da ağıllara gətirir.

AY Partiya rəhbərliyi bu təhlükəli gedişata "dur" demək üçün dövlətimizin müvafiq orqanlarını təcili olaraq səlahiyyətlərindən istifadə etməyə, ölkə mediasını məsələnin gündəlikdən düşməməsi üçün fəaliyyətini aktivləşdirməyə, bütün milli siyasi qüvvələri son faktlarla əlaqədar tədbirlər görməyə dəvət edir.

AY Partiya İran və Rusiyanın hakim qüvvələrindən regionda yenidən gərginlik ocağı yaratmaq planlarından əl çəkməyi tələb edir, daim Azərbaycanın ərazi bütünlüyünün keşiyində duracağını BƏYAN edir".




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar