Azərbaycan 3-cü, 4-cü ölkələr vasitəsilə Ermənistana sərmayə yatırmalıdır

29 İyun 2022 21:03    5676 Baxış   
Azərbaycan 3-cü, 4-cü ölkələr vasitəsilə Ermənistana sərmayə yatırmalıdır

İrəvana sanksiya resursları formalaşdırmalıyıq

Azərbaycanın 31 illik müstəqilliyi dövründə baş verən hadisələr - torpaqların işğalı, daha sonra azad edilməsi, fantastik neft gəlirləri, yerləşdiyimiz münbit və riskli coğrafiyada cərəyan edən proseslər dövlətimizin strateji qərarlar almasını qətiləşdirməlidir. 44 günlük Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanması strateji əhəmiyyət daşıyan boşluqları da ortaya çıxarmış oldu.

Qarabağda müharibə getdiyi zaman biz Ermənistanı daxildən bölə, ərzaq qıtlığı yarada və ölkənin iqtisadiyyatına öldürücü zərbələr vura bilərdik. Sadəcə bircə qərarla, bir düymənin basılması ilə...

Dövlətimiz 10, 20 illik strategiya müəyyənləşdirməli və 3-cü, 4-cü, 5-ci ölkələr vasitəsilə Ermənistana sərmayə yatırmalıdır. Ermənistanın sənaye, qida, tikinti, bank sektoruna sirayət etməliyik. Belə olacağı təqdirdə bir düymənin basılması ilə Ermənistanda böhran yarada bilərik. Bu da Ermənistanın özünü necə aparacağından asılı olacaq. Biz, bunu ingilislərin, rusların, yəhudilərin əli ilə həyata keçirə bilərik. Zəncirvari iqtisadiyyatın mənbəyi hər hansı ölkədə azərbaycanlılardan ibarət milli qüvvələrin əlində olmalıdır.

Heç şübhəsiz, biz sülh tərəfdarıyıq, Azərbaycanın bu istiqamətdəki davamlı təşəbbüsləri də vacibdir. Amma sülh müqaviləsi bağlansa belə bu, Azərbaycanı Ermənistanın gələcək hücumlarından, təxribatlarından sığortalamayacaq. Situasiyaya uyğun, taktiki addımlar atmaq Azərbaycan üçün ciddi risklər vəd edir, odur ki, Ermənistanla münasibətlər sistemi Qarabağa kontekstində formalaşmamalıdır.

Güclü olmaq istəyən ölkələr maraqlarının olduğu digər ölkələrə iki üsulla sərmayələr daşıyıblar: Leqal (qanunla yol verilən), qeyri-leqal (bunun əksi)... Qeyri-leqal yolla daxil olan sərmayələrin strateji əhəmiyyəti daha böyükdür.

Bizim Ermənistanla dostluq, mehriban qonşuluq münasibətimiz olmadığına görə, ciddi plan hazırlayaraq, müxtəlif ölkələr vasitəsilə ora daxil olmağı, strateji əhəmiyyətli sahələrdə güc əldə etməyi bacarmalıyıq. Bu, həm də gələcəkdə Ermənistanın borclandırılması imkanlarını bizə qazandırmış olacaq.

Hindistanda, Uzaq Şərqdə ədviyyat sektorunda fəaliyyət göstərən əksər böyük şirkətlərin “ana nöqtəsi” İngiltərədədir. Bu şirkətlər həmin ölkələrə 150-200 il əvvəl leqal yolla daxil olmuşdularsa, ötən əsrin ortasından sonra 3-cü, 4-cü ölkələr vasitəsilə həmin ölkələrə giriş imkanı əldə etməyi daha məqsədəuyğun hesab etdilər. Hazırda bu şirkətlər ingilislərin həmin ölkələrdəki maraqlarının əsas təminatçısına çevriliblər.

ABŞ Cənubi Amerikada yerləşən ölkələrə Avropa, yaxud Şərq ölkələrinin tacirləri vasitəsilə ciddi şəkildə müdaxilə imkanları əldə edib.

Bu gün Rusiya bütün dünyanı ərzaq qıtlığı ilə sınağa çəkib təhdid edə bilir. Qərb ölkələri illərdir müxtəlif ölkələrin vasitəsilə Rusiyada leqal və qeyri-leqal yollarla iqtisadi resurslar formalaşdırırdı. Ukraynaya hücum başlayan kimi Qərbin birinci mərhələdə ilk sanksiya paketi (qida, bankçılıq və s.) Rusiyada fəaliyyət göstərən şirkətlərin oranı tərk etməsi oldu. Həmin şirkətlərdə minlərlə, on minlərlə rus vətəndaşları çalışırdı. Qərb öz sərmayəsini Rusiyaya birbaşa daşımamışdı, nə də ruslar Qərbin sərmayələrini təftiş etmədən öz ölkəsinə buraxmamışdı. Rusiya bilirdi ki, Qərbin oradakı yüzlərlə şirkəti gələcəkdə ona qarşı əsas sanksiya resursları kimi istifadə olunacaq.

Samir Feyruzov


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar