"Azərbaycan artıq seçim etməyə məcburdur”

28 Avqust 2020 20:46    363 Baxış   
"Azərbaycan artıq seçim etməyə məcburdur”
Avqustun 26-da Rusiyanın paytaxtı Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirləri arasında görüş keçirilib. Görüş çərçivəsində Azərbaycan XİN başçısı Ceyhun Bayramov ilə Rusiya XİN başçısı Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə yanaşı, bir sıra digər məsələləri müzakirə ediblər.

Dominant.az xəbər verir ki, mövzu ətrafında AYNA-ya açıqlama verən Azad Demokratlar Partiyasının (AzDP) sədri, politoloq Sülhəddin Əkbər hesab edir ki, bütün bunların hamısına dünyada və regionda gedən geopolitik proseslər kontekstində baxmaq lazımdır: “Artıq geopolitik inkişaf həm qlobal, həm də regional miqyasda həlledici mərhələyə daxil olub və yeni dünya nizamının quruculuğu üçün həlledici əhəmiyyət kəsb edir. Bu baxımdan, böyük oyunçular, yəni yeni dünya nizamında mühüm yer tutan oyun qurucuları orta və kiçik dövlətlərdən açıq-aydın mövqe sərgiləməsini istəyirlər”.



“Azərbaycan da Cənubi Qafqaz subregionunda belə bir mərhələdən keçir və ona görə də tərəflər həm Gürcüstandan, həm Ermənistandan, həm də Azərbaycandan öz geosiyasi mövqeyini seçməyi tələb edirlər. Azərbaycan da artıq seçim etməyə məcburdur. Baxmayaraq ki, bu günə qədər Azərbaycan manevr edərək geopolitik mərkəzlər arasında seçim etməkdən qaçıb və tərəflərin regiondakı gücünə əsasən onlara yaxınlaşıb və yaxud da onlardan uzaqlaşıb. İndi isə Azərbaycanın seçim etmək zamanıdır. Xüsusən də son dövrlərdə, Tovuz istiqamətində Ermənistanın hərbi təxribatından sonra Azərbaycanın Türkiyə ilə yaxınlaşması Rusiyanı ciddi şəkildə narahat edir. Çünki bu günə qədər Rusiya Azərbaycanı siyasi-hərbi baxımdan tam nəzarətdə saxlayırdı. Ancaq Türkiyənin belə gediş etməsi, Azərbaycanın da buna qarşılıq olaraq Türkiyə ilə yaxınlığa meyl etməsi, heç şübhəsiz Moskvanı ciddi narahat edir. Ona görə də Moskva həm öz Müdafiə nazirini Bakıya göndərməklə, həm də Xarici İşlər nazirlərinin Moskvada görüşünü təşkil etməklə, ən üst səviyyədə həm Prezident İlham Əliyevdən, həm də Xarici İşlər nazirindən Azərbaycanın mövqeyində hər hansı bir dəyişikliyin olub-olmamasını öyrənmək istəyir”, - müsahibimiz deyib.

Sözügedən durumun Türkiyənin narazılığına səbəb olub-olmayacağına gəldikdə, politoloq bildirib ki, Türkiyə artıq ən yüksək səviyyədə mövqeyini sərgiləyib: “Növbə Azərbaycanındır. Azərbaycan da artıq söz seçimini etməlidir. Artıq tərəflər arasında vurnuxmağın vaxtı keçib. Ona görə də Azərbaycan ən qısa zamanda öz seçimini əməldə göstərməlidir. Yəni sözdə bir şey deyib, əməldə ayrı şey nümayiş etdirmək artıq qeyri-mümkündür. Xüsusən də kəşfiyyat informasiya xidmətlərinin bu qədər inkişaf etdiyi br dövrdə, dövlətlərin əsl niyyətlərini bilmək böyük dövlətlər üçün heç də problem deyil. Ona görə də rəsmi Bakı öz mövqeyini artıq ortaya qoymalıdır”.

“Azərbaycanda problem ondadır ki, qtidarın maraqları ilə cəmiyyətin maraqları üst-üstə düşmür. Bir tərəfdən Azərbaycanın milli maraqları onun demokratik seçim etməsini, demokratik dünya ilə və demokratik dünyanın bir parçası olan qardaş Türkiyə ilə yaxınlaşmasını tələb edir, o biri tərəfdən isə iqtidar siyasi təhlükəsizlik baxımından Rusiyadan uzaqlaşmamağa çalışır. Artıq Azərbaycan hakimiyyəti siyasi maraqları ilə milli maraqları arasında seçim etmək məcburiyyətində qalıb. Azərbaycan hakimiyyətini çətin duruma salan da budur. Bu gecikmələr, ikibaşlı oyunlar və ziddiyytələr tamamilə bundan ibarətdir”, - S.Əkbər vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın ən böyük düşməni Ermənistan yox, Rusiyadır: “Məlumdur ki, bu müharibənin arxasında Rusiya dayanır. Erməniləri bu torpaqlara gətirən də, Ermənistan dövlətini quran da, həmin dövləti genişləndirən də, bu günə qədər Dağlıq Qarabağ probleminin həllinə mane olan da Rusiyadır. Bunu artıq azyaşlı uşaqlar da bilirlər. Sadəcə siyasi iqtidarın buna etiraz etməsi qalıb. Halbuki, iqtidar da bunu çox yaxşı bilir. Azərbaycanda bu istiqamətdə ictimai rəy də formalaşıb. Rəsmi Bakı da özündə güc tapıb qəti addım atmalıdır. Əks təqdirdə, siyasi maraqlarla, milli maraqlar arasında vurnuxma davam edəcək”.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar