Azərbaycan Ermənistanı qazla təmin edəcək – “Bunu Bakıdan Moskva xahiş edib”

17 Martt 2021 17:22    6858 Baxış   
Azərbaycan Ermənistanı qazla təmin edəcək –  “Bunu Bakıdan Moskva xahiş edib”

Azərbaycan Dövlət Neft Şirkəti və "Qazprom” şirkəti martın 16-da Rusiya qazının nəqli üzrə qısamüddətli müqavilə imzalayıb.
Müqaviləyə görə, Rusiya "Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində planlı təmir işləri apardığına görə Azərbaycan Dövlət Neft Şirkəti 3 həftə ərzində Ermənistandakı istehlakçılara qaz tədarük edəcək. Yayılan məlumatda bildirilir ki, işlər bitdikdən sonra qazın nəqli əvvəlki marşrutla – Rusiya və Gürcüstan sərhədindən nəql ediləcək.
Dominant.az xəbər verir ki, məsələni şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistana Azərbaycan üzərindən tranzit qaz nəqlini Bakıdan Moskva xahiş edib:

"Görünür, Bakı Moskvaya "yox” cavabının mənfi nəticələrini hesabladığından Emənistana müvəqqəti qaz nəql etməyə qərar verilib. Əlbəttə, Azərbaycanın işğalçı Ermənistana qaz nəqlində iştirakı bizdə haqlı suallar doğurur. Azərbaycanın bu xoş niyyətinin Ermənistandakı siyasi qüvvələr tərəfindən müsbət qiymətləndiriləcəyini söyləmək çətindir. Halbuki, müharibədə qələbə çalan Azərbaycanın məğlub və "Artsax” ideyasından hələ vaz keçməyən Ermənistana qaz nəql etməsi böyüklük jestidir.
Ancaq Azərbaycan uzaq və yaxın keçmişdə Ermənistana və ermənilərə xeyli jestlər edib, xalqımız bunun əvəzinə işğalla və soyqırımlarla üzləşib. Ona qalsa, Dövlət Netf Şirkətinin prezidenti Rövnəq Abdullayev illər öncə verdiyi açıqlamada söyləmişdi ki, Azərbaycan qazı Gürcüstandakı erməni kilsələrinə pulsuz verilir. Bunun qarşılığında ermənilərin minnətdarlığını kimsə eşitdimi?”.

Politoloq bildirib ki, Azərbaycan ərazisindən qazın Ermənistana nəqli baş nazir Nikol Paşinyanın mövqelərini az da olsa güclənməsinə xidmət edə bilər:

"Misal üçün Paşinyan Azərbaycan və gələcəkdə Türkiyə ilə əməkdaşlığın iki qonşu dövlətlə qarşıdurmadan ermənilər üçün daha faydalı ola biləcəyini xalqına izah edə bilər. Azərbaycanın Ermənistana tranzit qaz nəqlindən dünyadakı erməni lobbisinin və onların dəstəkçilərinin ölkəmizə qarşı təxribatlarını neytrallaşdırmaq məqsədilə də istifadə edə bilərik.
"Azərbaycan torpaqlarını uzun illər işğal altında saxlayan, şəhər, qəsəbə və kəndlərimizi viran qoyan Ermənistana qaz verən ölkəyə qarşı ədalətsiz olmayın” – bu Azərbaycan rəsmilərinin və Xarici İşlər Nazirliyinin əsas arqumentinə çevrilə bilər. Digər tərəfdən Ermənistana qaz nəqli vasitəsilə Naxçıvanla kommunikasiya xəttinin açılması prosesini sürətləndirməliyik”.
Sfera.az


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar