Azərbaycan tullantı avtomobillərin məzarlığına çevrilib

06 Fevral 2021 15:00    1334 Baxış   
Azərbaycan tullantı avtomobillərin məzarlığına çevrilib

Bakı və ümumilikdə Abşeronda ekoloji vəziyyət ürəkaçan deyil. Azərbaycanda olan, təxminən milyon yarın avtomobilin yarıdan çoxu burada cəmləşib. Regionların böyük əksəriyyəti paytaxt Bakı və Abşeron yarımadasında daimi və mütamadi olaraq yaşayıb, çalışırlar.

Bir neçə il əvvəl Bakıda başlayan tikinti bumu da paytaxtın ekoloji vəziyyətinə mənfi təsir edib. Bu gün Bakıda xərçəng kimi xəstəliklərin artma səbəbi yaşıllığın məhv edilməsi, ətraf mühitin çirklənməsi, ekoloji durumun pis olması ilə əlaqələndirilir. Ətraf mühitə zərər vuran, atmsoferi zəhərləyən amillərdən başlıcası neftin istismarı və nəqliyyatın hərəkəti zamanı havaya buraxdığı CO2 qazıdır.

İnkişaf etmiş ölkələrdə bu problemi həll etmək üçün ənənəvi benzin və dizel ilə çalışan avtomobillərdən imtina olunur. Hazırda ABŞ, Yaponiya və Avropanın bir sıra ölkələri ekoloji təmiz nəqliyyat vasitələrinə keçid ediblər. Almaniyada dizel mühərrikli avtomobillərin istismarı qadağan edilib. Dövlətlər vətəndaşların ekoloji təmiz avtomobil istismarını stimullaşdıran addımlar atır. Benzin və dizel mühərrikləri elektrik, hidrogen və hibridlər əvəz edib.

Azərbaycanda da eyni təcrübəni həyata keçirmək üçün konkret yol xəritəsi –“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” mövcuddur. Bu, çoxşaxəli və mükəmməl proqram ölkəmizin ekoloji təmiz nəqliyyat vasitələrinə keçidini də nəzərdə tutur. Təəssüf ki, cənab Prezidentin imzaladığı bu yol xəritəsindəki müddəalar müvafiq qurumlar tərəfindən həyata keçirilmir. Halbuki proqram çox dəqiq və konkret formada hansı qurumun hansı işi görməli olduğunu açıqlayır.

Bu proqramın həyata keçirlməsi, eyni zamanda ölkəmizin avtomobil parkının yenilənməsinə gətirib çıxaracaq. Azərbaycanda istismar olunan avtomobillərin böyük əksəriyyəti ömrünü başa vurmuş, köhnə avtomobillərdir. Və təəssüf ki, bu say artmaqda davam edir, avtomobil parkı yenilənmək əvəzinə daha da köhnəlir. Bunun əsas səbəbi isə vətəndaşların yeni avtomobil almasına yaranan əngəllərdir. Bu maneələrin ən başlıcası ölkəyə idxal olunan avtomobillərin gömrük rüsumu və mühərrik həcminə görə alınan aksiz vergisinin yüksək olmasıdır.

İkinci məsələ isə avtomobil krediti şərtlərinin ağır olmasıdır. Bu gün Mərkəzi Bankın tövsiyyəsi ilə maşın alarkən vətəndaş avtomobilin dəyərinin 40%-ni əvvəldən ödəməlidir. Bu kredit İllik 16 % -lə verilir. Bu isə olduqca böyük rəqəmdir. Belə olan halda vətəndaş məcbur olaraq əlindəki 10-15 min manatla Gürcüstandan gətirilən köhnə, yararsız avtomobil almağa məcbur olur.

Beləliklə biz öz ölkəmizi metaloloma çeviririk. Bu hərəkətli metalolom atmosferi çirkləndirməklə, ətraf mühiti məhv etməklə yanaşı xərçəng, tüberkulyoz xəstəliklərinin artmasına münbit şərait yaradır. Faktiki olaraq Azərbaycan tullantı avtomobillərin məzarlığına çevrilib. Bu problemi həll etmək üçün dövlət proqramını işlək vəziyyətə gətirmək, Azərbaycana ekoloji təmiz avtomobillərin gətirilməsini stimullaşdırmaq vacibdir.

Eldəniz Cəfərov, Avto-nəqliyyat üzrə ekspert



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar