Azərbaycanda dollar bahalaşacaq? -BANKLARDAN İNANILMAZ TƏLƏB...

01 Martt 2021 16:13    6992 Baxış   
Azərbaycanda dollar bahalaşacaq? - BANKLARDAN İNANILMAZ TƏLƏB...

“Mən dollar almaq üçün banka yaxınlaşdım. Məndən manatı dollara çevirmək üçün iş yerimdən sənəd tələb etdilər”.

Bu barədə "Baku.ws" saytının “qaynar xətt”inə oxuculardan biri bildirib.

Mədinə adlı şikayətçi xanım bildirib ki, o, bir neçə müddət bundan əvvəl “Bank Respublika”nın Yasamal filialına gedib. O, həmin filialdan 200 dollar almaq istəsə də, əliboş qayıdıb.

“Mən Abbas Mirzə Şərifzadə küçəsində yerləşən “Bank Respublika”nın filialına getdim. Oradan 200 dollar almaq istədim. Lakin bankdan mənim iş yerim haqqında arayış tələb etdilər. Mən heç yerdə işləmədiyimi bildirdim. Bank işçisi mənə xidmət göstərməkdən imtina etdi. O bildirdi ki, mütləq əldə etdiyim pulun mənbəyini göstərməliyəm. Bu pulu avtomobil, mənzil satılmasından və s. əldə etdiyimi təsdiqləyən sənəd göstərməliyəm”, - deyə xanım bildirib.

Mədinə 200 dolları həmin küçədə yerləşən digər bankın Yasamal filialından problem olmadan alıb.

Qeyd edək ki, bununla təkcə Mədinə xanım deyil, bir çox vətəndaş qarşılaşıb.

Məsələni araşdırmaq üçün öncə “Bank Respublika”nın “qaynar xətt”inə zəng etdik. Suallarımıza cavab olaraq bildirildi ki, dollar alarkən vətəndaşlardan rəsmi sənəd tələb olunması bankın daxili qaydasıdır.

“Bank Respublika”nın bu daxili qaydası nə qədər qanunidir?

Bu suala cavab tapmaq üçün araşdırmaya başladıq.

Qeyd edək ki, "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 1994-cü il tarixli 910 nömrəli Qanunda bu barədə hər hansı bir müddəa əks olunmayıb. Bu səbəbdən də Mərkəzi Bankla əlaqə saxladıq.

Mərkəzi Bankdan bildirildi ki, bu proses əsasən təhlükəsizlik məqsədilə həyata keçirilir.

“Sizin müraciətinizə Azərbaycan Respublikasının Mərkəzi Bankında baxılmışdır. Bildiririk ki, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 9.13.5-ci maddəsinə əsasən, pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallarda Qanunun 9-cu maddəsində nəzərdə tutulan eyniləşdirmə və verifikasiya tədbirləri ilə yanaşı monitorinq iştirakçıları əlavə eyniləşdirmə tədbirlərini tətbiq etməlidir.

Qanunun 9.14-ci maddəsinə əsasan, həmin əlavə tədbirlərdən biri kimi hesabların və işgüzar əlaqələrin yoxlanması və ya digər üsullarla əməliyyatın həyata keçirilməsi məqsədinin və əməliyyatın mahiyyətinin aydınlaşdırılmasıdır.

Qanunun 9.17-ci maddəsinə əsasən, monitorinq iştirakçılarının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınaraq müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi üçün qanunla müəyyən edilmiş qaydada əlavə sənədlərin təqdim olunması tələb edilə bilər”, - deyə mərkəzi Bankdan bildirilib.

Baku.ws


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar