Azərbaycanda əməkhaqqı və sosial ödənişlər artırılacaq

17 Sentyabr 2021 13:59    489 Baxış   
Azərbaycanda əməkhaqqı və sosial ödənişlər  artırılacaq

Azərbaycanın 2022-ci il dövlət büdcəsinin layihəsinə əsasən gələn il əməkhaqlarında və sosial ödənişlərdə artım nəzərdə tutulub.

Dominant.az bildirir ki, gələn il dövlət büdcəsinin xərcləri 28,974 milyard manat məbləğində (ÜDM-in 35,6 faizi) proqnozlaşdırılıb. Layihəyə görə, gələn il cari xərclər artırılaraq büdcənin 68,7 faizini, yəni 19,9 milyard manat təşkil edəcək. Xərclərin artmasına təsir göstərəcək əsas amil isə əməyin ödənişi və sosial ödənişlərin artırılması olacaq. Əməyin ödənişi və sosial ödənişlərin artırılması hesabına cari xərclər 2021-ci illə müqayisədə 10,5 faiz və ya 1,89 milyard manat artacaq.

Layihə sənədində qeyd edilir ki, qarşıdakı illərdə əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması əsas prioritet xərc istiqamətlərindən olacaq. Ortamüddətli dövr ərzində büdcə gəlirlərinin artırılması nəticəsində cəlb ediləcək əlavə vəsaitlərin mühüm qismi əhalinin sosial rifahının yaxşılaşdırlmasına, yardıma ehtiyacı olan vətəndaşlara hədəflənmiş sosial proqramların həyata keçirilməsinə yönəldiləcək.

Sənəddə Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən o da vurğulanır ki, son iki ildə minimum əmək haqqının və büdcə təşkilatlarında çalışan işçilərin əmək haqlarının artımı nəticəsində əməyin ödənişi xərcləri 2020-ci ildə ÜDM-in 9 faizinə çatıb:

"Bu nisbət Qafqaz və Mərkəzi Asiya regionunda ikinci ən yüksək göstəricidir. Cari xərclərin, ələlxüsus da əmək haqqı xərclərinin dayanıqlı olmayan mənbələr hesabına artımı və əmək məhsuldarlığı ilə uzlaşdırılmaması uzunmüddətli dövrdə makroiqtisadi və maliyyə dayanıqlığı üçün sınağa çevrilə bilər”.

(Sfera.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar