Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılması təklifi insanları üz-üzə qoydu

04 Avqust 2020 12:07    7633 Baxış   
Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılması təklifi insanları üz-üzə qoydu
Bir neçə gün öncə tanınmış jurnalist Aygün Muradxanlı təklif etdi ki, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda da bazaları yaradılmalıdır. Jurnalist bu təklifini belə əsəalnadırdı: “İndi Azərbaycanın milli maraqları Türkiyə ordusunun Azərbaycanda qalıcılığı üçün dərhal hüquqi əsaslar yaradılmasını tələb edir. İki qardaş ölkə arasında müqavilə imzalanmalı, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda da bazaları yaradılmalıdır”.

Maraqlıdır, A.Muradxanlının bu təklifi reallaşarsa, Azərbaycan üçün nəticəsi necə olar? Dominant.az-ın bu sualına cavab tapmaq, həmçinin təklifin cəmiyyət tərəfindən necə qarşılandığını öyrənmək üçün sosial şəbəkədə kiçik sorğu apardıq. Sosial şəbəkə istifadəçilərinin məsələ ilə bağlı mövqelərini, təkliflərini öyrəndik. Aldığımız cavabları olduğu kimi təqdim edirik:

Əli Bəy Azəri: “Türkiyə Azərbaycana öz adı ilə yox, NATO adı altında gəlir. Di gəl, Azərbaycanı NATO-ya qəbul etmək gündəmdə deyil. İndi özünüz fikirləşin, bu gəlişin sonrası necə ola bilər...”

Bəxtiyar M.Hacıyev: “Tamamilə yanlış düşüncədir. Azərbaycan müstəqil dövlətdir, indiki vəziyyətdə də heç bir ölkənin ordusunun köməyinə ehtiyacı yoxdur. Unutmayaq ki, biz Ermənistanı ələ salırıq: necə müstəqil dövlətdir ki, ərazisində Rusiya hərbi bazaları var, deməli, Rusiyanın müstəmləkəsidir. Digər tərəfdən, Azərbaycanda Türkiyə hərbi bazalarının olması məlum qonşularla münasibətlərimizin korlanmasına, həmçinin regionda gərginliyə səbəb olacaq ki, bu da rəsmi Bakının maraqlarında deyil”.

Nuru Abdullayev: “Nə qədər ki, şimal təhlükəsi var 1920-ci ildə olduğu kimi ikinci bir "27 aprel" əməliyyatından sığortalanmaq üçün ölkə ərazisində nəinki Türkiyənin, hətta NATO-nun da hərbi düşərgəsinin yaradılması Azərbaycanın maraqlarına uyğundur. Ancaq sual yaranır, Türkiyə özü buna hazırdırmı?! Və ya Xəzər sahilində hərbi baza yaratmağı qərblilər istəyirlərmi?!”

Müşfiq Hüseynov: “Azərbaycan kimi kiçik və zəif ölkələrin uzunmüddət bitərəf və toxunulmaz qalması mümkün deyil. Gec-tez tərəfini seçmək məcburiyyətində qalırsan. Bir neçə ildir ki, ətrafımızda halqa daralırdır. Balans siyasəti də bir yerı kimi effektlidir. Əgər biz 1 düşmən və onu dəstəkləyən 2 üzdə dost, arxada dost olmayan niyyətli ölkə ilə qonşu olmasaydıq, hardasa okeaniya və ya uzaq şərqdə yaşasaydıq, bəlkə də bu mümkün olardı. İndi qeyri-mümkündür. Tərəf seçilməlidir. Seçim isə çox deyil. Ya əskiyə qayıdıb, Rusiyanı seçib, Qarabağı birdəfəlik itirmək, ya da Türkiyəni seçib, gələcəyə ümid etmək. Ən azından etibarlı tərəfdaşdır və Ermənistanın tərəfini tutmayacağına əminik”.

Turab Rzayev: “Bu, Türkiyədən yox, Azərbaycandan asılı olan məsələdir. Ne vaxt Azerbaycanın bele bir strateji qərara imza atmaq iradəsi və gücü olacaq, ancaq onda dəvət edə bilər. Bizdə o siyasi iradə olmasa, Türkiyədən asılı çox məsələ qalmır”.

Azər Sarıyev: “Birdəfəlik konfederasiyaya getmək lazımdır. Yoxsa, düşmən dövlətlər bizə müstəqil yaşamağa imkan verməyəcəklər”.

Rəsmiyyə Qarayeva: “Rusiyanın 102-ci bazası Ermənistanda olursa, məntiqə görə Türkiyəninki də ola bilər. Buna uyğun anlaşma da var zatən. Amma kəsin daimi yerləşmə anlaşması olarsa, Rusiya dövriyəyə girəcək və Türkiyə ilə hərbi münaqişələrə müdaxilə etməmə müqaviləsi bağlayacaq”.

Rahib Qərib: “Onu "bineyi-qədimdən" hamımız arzulayıırıq. Amma, Türkiyə ən ön sırada gedən NATO ölkəsidir və biz o oyuna girmək üçün müəyyən kriterlərə və ölçülərə uymalıyıq. Mən də istəyirəm ki, Türkiyə Suriyaya mudaxilə etdiyindən də ikiqat çox Qarabağ problemimizin çözülməsində bizimlə birgə hərəkətə keçsin. Keçə bilirmi? Hələ ki, yox... Onu da qeyd edim ki, Türkiyənin Azərbaycanda hərbi baza açması, Türkiyədəki NATO bazasına bağlıdır kimi bir müşküldür”.

Həsən Həsənli: “O vaxtı Heydər Əliyev Elçibəy siyasəti barədə danışanda maraqlı bir fikir söyləmişdi. Deyirdi ki, rusun ölkəmizə təsirini bir gündə; bir ayda; bir ildə kəsmək mümkün deyil (bu, tədricən olmalıdır). Fikrimcə, Türkiyənin Azərbaycanda hərbi baza yaratması yaxşı fikirdir, amma bəs biz (dövlət olaraq) buna hazırıq? Burası naməlumdur. Hazır deyiliksə, yəqin ki, bizi ciddi problemlərin gözlədiyinin də fərqindəyik”.

Aqil Ələsgər: “Azərbaycanla Türkiyə yüksək strateji tərəfdaşdır. Bu baxımdan Türk Ordusu ilə Azərbaycan Ordusu arasında bu yöndə bir anlaşma olması regionun və Azərbaycanın təhlükəsizliyi baxımından çox önəm daşıyır. Başımızın üstündəki domokl-rus qılıncı varkən, boynumuzu sakitcə gilyotinə uzatmaq yerinə, dünyanın ən güclü ordusu ilə strateji partnyorluq və o dəstəyi arxasına almaq Azərbaycanın əlini gücləndirər. Nəzərə almaq lazımdır ki, bu gün ordu içərisində iki xətt var: Rus və Türkiyə məzunları xətti. Təəssüflə qeyd etmək istərdim ki, Əbiyevdən sonra gələn milli nazirin vaxtında ordudakı türk xətti darmadağın edilib. Məğlubiyyətlərimizin baiskarları olan rus xətti bu gün Orduda hegemoniyanın kulminasiyasındadır ki, milliyyətcə azərbaycanlı olmayan nazirin vaxtında belə, bu qədər güclənməmişdilər. O baxımdan, həm də Ordumuzun yenidən milliləşdirilməsi məqsədilə buna ehtiyac var”.

Fahri Binnet: “Rəhmətlik Vəfa Quluzadə deyirdi ki, Azərbaycan ordusu Türkiyə ordusunun bir qolu olmalıdır. Bu mütləqdir”.

Sadiq Musa: “Zatən hər üç "qonşu" dövlət bizə seçim qoymur. Onlardan normal nəsə gözləməyə də dəyməz. İkisi ölkəmizi iki bölən, biri isə maşadır. Biz də hədəfimizi seçməli, özümüzə dayaq qurmalıyıq. Türk olmasa, bu iki dövlət bizi bir göz qırpımında sıradan çıxarar. Ona görə Türk əsgəri bizimlə çiyin-çiyinə həm sərhədləri, həm də paytaxtı qorumalıdır ki, Türkün Orta Asiyaya, ata yurduna qapısı açıq qalsın”.

Hüseyn Cavad: “Uzaq və yaxın tarixə nəzər salmaq kifayətdir. Azərbaycanın poliqona çevrilmək ehtimalı qat-qat çoxalmış olacaq. Separatizm güclənəcək. O böyüklükdə ABŞ Gürcüstanda, nə də Ukraynada rusun qabağına çıxa bilmədi. Çətin vəziyyətdə qoyub qaçdı”.

Səxavət Məmməd: “Açıq-aydın görünən bir məsələ var ki, balanslaşdırma siyasəti işə yaramır və bir müddət sonra, ümumiyyətlə yaramayacaq da. Tərəfdaş, müttəfiq lazımdırmı? Hətta deyərdim şərtdir. Şəxsən mən Naxçıvanın təhlükəsizliyini heç vaxt düşünmürəm. Səbəb təkcə orda olan ordumuz deyil. Bəlli bir müqavilə var və müqavilənin şərtləri pozularsa, Türkiyə müdaxilə edəcək. Türkiyənin orda hərbi bazası varmı? Yoxdur, yəni qorumaq üçün bazaya da gərək yoxdur. Hərbi bazanın bir ölkənin ərazisində olması artıq çox şeydən xəbər verir. Rusiyanın Ermənistanda hərbi bazası var. Ermənistana for-post deyirlər. Bazadan öncə ciddi müqavilələr imzalanmalıdır. Müqavilələrdən öncə isə başqa məsələləri həll etməliyik. Öncə Müdafiə Nazirliyində təmizlik aparılmalıdır. Hərbi təhsil məsələsinə diqqət ayrılmalıdır. Ortada ciddi problemlər var, bunları həll etmədən, lap 5 baza da qurulsa, məsələ həll olmayacaq. Bazadan öncə Azərbaycan tərəfini seçməlidir. Rusiyanın təsir dairəsindən qurtulmaq üçün addımlar atmalıdır. Türkiyənin bazasını burda qurub da, Rusiyanın könlün xoş etmək üçün adamlarını yerində saxlamaqla bu məsələ çözülməz. Pandemiyadan sonra iqtisadiyyat xəbərləri çox oxunacaq. İqtisadiyyat xəbərlərinin çox oxunamamsı üçün onu müharibə xəbərləri əvəz etməli olacaq. Dünya partlamağa hazır bomba formasına gəlir. Təkcə torpağı işğaldan azad etmək üçün yox, elə ayaqda qalmaq üçün, varlığını qorumaq üçün müttəfiqlərə, tərəfdaşlara ehtiyac var. 5 quru sərhəd qonşumuz var. 4-ü əlinə düşən ilk fürsətdə bizi məhv edər. Türkiyə vacibdir, şərtdir, ancaq təkcə onunla da yetinmək olmaz”.

Arif Lələyev: “Gec də olsa, vacibdir, Milli Məclis təcili qərar verməlidir, hazır gəlmişkən Turk Ordusu qalmalıdır Azərbaycan! Bu Azərbaycanın qarantı olacaq, tək güvənilir qardaş dəstəyimizdir”!

Elmir Murad: “Son hadisələr onu göstərdi ki, Azərbaycana qarşı hər an təxribat mümkündür. Hər saat, hər dəqiqə ermənilər və onların havadarları ruslardan təhlükə gələcək deyə, oturub gözləmək olmaz. Bunun qarşısını almağın bir yolu var. O da bizim ən yaxın tərəfdaşımız, qardaş Türkiyənin bazasının Azərbaycanda yerləşdilməsidir. Ona görə də təklif gözəldi. Ümid edirəm ki, qısa zamanda bu təklif gerçəyə dönər. Çünki indiki zamanda Azərbaycanın təhlükəsizliyinin ən yaxşı qarantı məhz Türkiyədir”.

Dilqəm Əhməd: “İndiki dövrdə bazanın yerləşməsinə ehtiyac yoxdur. Zatən yaxın regionda yaşayırıq. Bir addımlıq yoldur. Sadəcə güclü hüquqi əsası olan ittifaq qurulmalıdır ki, təhlükə anında özünü yetirsin”.

Ceyhun Məmmədsoy: “Bu, bu gün mütləqdir və bunun əksini iddia edənlər rus, fars sevdalılarıdır ki, fərqli yollarla insanlarımızda bu fikrə qarşı inamsızlıq yaratmaq istəyirlər. Türk Ordusunun Azərbaycanda olması Rusiya kimi ölkələrə qarşı bizə mütləq lazımdır. Erməni itlərinə qarşı ehtiyac yoxdur. özümüz öhdəsindən gələrik, amma Rusiya kimi böyük və qaniçən dövləti unutmayın”.

Vüsal Əliyev: “Bizim başqa yolumuz yoxdur. Yeganə yolumuz, Qarabağın azad edilməsinin yeganə yolu güclü Türkiyədir”.

Elmar Şahmar: “Bu, rusa və farsa qarşı bizi qorumayacaq, erməniyə qarşı isə lazım deyil, qürurəzicidir. Azərbaycan müstəqil ölkədir və güclü ordumuz var. Türkiyə bazası yox, Rusiyanın rızası və döyüş əmri lazımdır bizə!”

İlqar Atayev: “Bitərəf qala bilmirik. Rusiya təhdidi varsa, Türkiyə bazalarına əvət”.

Azər Qismət: “Heç cur alınmaz. Bu, bizə başağrısı gətirər. Azərbaycanda terrorlar torədilər”.
Fəxrəddin Dolq: “Məncə, Azərbaycan,Turkiyə və Pakistan birgə hərbi müttəfiqlik sazişi bağlamalıdır. İmkan və hüquqi əsas olarsa, hərbi baza da yaradıla bilər. Ən azından, ərazilərinin müdafiəsi və təcavüz halında hərbi dəstək oluna bilər. Yubanmadan bu barədə danışıqlara başlanılıb, hüquqi tərəfi dəqiqləşdirilməlidir. Ortaq düşmənlərimizi kədərləndirib, dostlarımızı sevindirərik. İndiki halda əlverişl mövqedəyik və bunu dəyərləndirməliyik”.

Şəfayət Avılbəyli: “Təbii ki, belə də olmalıdır. Türk bizik və ordusu da bizim ordumuzdur. Azərbaycan da Türk ordusu ilə birdir. Dili də, canı da, qanı da, birdir. Hətta düşməni də birdir. Tarix təkrarlanır. Başımız 200 ildi ağrıyır. Biz Türkük, Türk olmasaydıq, bizimlə işləri belə, olmazdı zatən...Türk ordusu bu günün tələbidir...”.

Gülşən Məmmədoğlu
:
"Xalq müraciət edib Türkiyə Ordusunun ölkədə qalmasını istəməlidir. Müharibə başlansa da, başlanmasa da. Xüsusilə Naxçıvanda. Bilirəm ki, qarşı çıxanlar olacaq, ona görə də bəri başdan bildirirəm ki, mən Böyük Azərbaycan ideyası ilə yaşayan biriyəm və Türkiyə ilə önə sürülən konfederativ birlik fikrini də dəstəkləmirəm. Ancaq buraxın hələ Qarabağı, xarici təhlükəni, Naxçıvanın daxildən böyük təhlükə qarşısında qaldığını bilərək indiki vəziyyətdə yeganə çıxış yolu kimi bu görünür...".

Aytac Şabili



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar