Azərbaycanın müalicəvi "iynəsi" nəticəsində Ermənistan Rusiyanın girovluğundan qurtulur

31 Oktyabr 2020 18:31    894 Baxış   
Azərbaycanın müalicəvi "iynəsi" nəticəsində Ermənistan Rusiyanın girovluğundan qurtulur

Paşinyan hansı cavabı alacağını bildiyi halda, Putinə məktub yazaraq, kömək istəyib.

Rusiya XİN isə məlumun elanını gecikdirməyib: "Ermənistana hücum olarsa, yardım edəcəyik."

Aydındır ki, bu cür önəmli məsələlər qapalı diplomatiya ilə həll olunur. Məsələ razılaşdırıldıqdan sonra yekunda formallıq xətrinə müraciət, məktub ortaya çıxa bilər. Müharibə başlayandan bəri Paşinyan və Putin arasında sayı bilinməyən telefon danışığı olub, tərəflər arasında müxtəlif səviyyələrdə gizli təmas və məsləhətləşmələrin də aparıldığını əminliklə söyləyə bilərik.

Yəni, Paşinyan Rusiyanın mövqeyini çox yaxşı bildiyi halda, belə bir açıq müraciətə ehtiyac duyub. Niyə?

Paşinyan Ermənistanın rəhbəri kimi öz xalqına nümayiş etdirməlidir ki, Qarabağı əldə saxlamaq üçün istər hərbi, istər siyasi müstəvidə əlindən gələnin maksimumunu edir. Səfərbər olmaq, özünümüdafiə dəstələri yaratmaq barədə çağırışlar, hətta qadın batalyonu formalaşdırılması, "axıra qədər vuruşmalıyıq, başqa yol yoxdur" bəyanatları o deməkdir ki, bütün daxili resurslar sonuna qədər istifadə olunur. Ermənistana hərbi dəstək verə biləcək yeganə güc olan Rusiya Federasiyası dövlətindən açıq yardım tələbi isə xarici resursların da cəlb olunmasına ciddi cəhdlə çalışıldığına dair qənaət yaradır.

Bütün bu cəhdlər, çabalar, tibb dili ilə desək, konvulsiyalar xalqda belə rəy yaratmalıdır ki, "Paşik özünü oda-közə vurdu, hər şeyi elədi, amma alınmadı, Azərbaycan və Türkiyənin qarşısında təkbaşına dayana bilmədi, neyləsin?.."

Belə bir psixoloji atmosferdə Azərbaycanla sülh müqaviləsinə imza atmaq asanlaşır.

Digər tərəfdən, komplo teoriyasına bənzər ("fala inanma, falsız da qalma") bir versiya da budur ki, Paşinyanın strateji hədəfi Rusiyanın Ermənistandakı dayaqlarına öldürücü zərbə endirərək onun ölkədən çıxarılmasına zəmin hazırlamaq ola bilər. Onsuz da Rusiyanın Ermənistanda nüfuzu zəifləmişdi, indi ermənilər obyektiv olaraq düşünəcək ki, "bu günümüzdə də Rusiya bizə kömək etmədisə, o, daha bizim nəyimizə lazım?!" Bununla Paşinyan arzuladığı kimi, əvvəlcə Ermənistanı avrointeqrasiya yoluna çıxarıb, sonra hakimiyyəti özü ilə eyni zehniyyəti və vizyonu bölüşən qüvvələrə təhvil verib, getmək imkanı qazanır. Beləliklə, Azərbaycanın müalicəvi "iynəsi" nəticəsində Ermənistan Rusiyanın girovluğundan qurtularaq, erməni xalqı isə heç vaxt gerçəkləşməyəcək boş xülyalardan azad olaraq normallaşmaq fürsəti əldə edir.

Şahin Cəfərli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar