Bakıdakı İran səfirliyi müharibəyə başlamasının 41-ci il dönümünü qeyd etdi

24 Sentyabr 2021 23:43    198 Baxış   
Bakıdakı İran səfirliyi müharibəyə başlamasının 41-ci il dönümünü  qeyd etdi

25 sentyabr Bakıda, "Fairmont" oteldə İranın Müqəddəs Müdafiə Həftəsinin (İraqın keçmiş diktatoru Səddam Hüseyn rejiminin hərbi təcavüzünə qarşı vətənin müdafiəsinə başlanmasının) 41-ci ildönümü ilə bağlı tədbir keçirilib.

İranın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan mərasimdə Azərbaycan Müdafiə və Müdafiə Sənayesi nazirliklərinin yüksək vəzifəli rəsmiləri, xarici ölkələrin səfirləri və hərbi attaşeləri iştirak ediblər.

Mərasim müqəddəs “Quran”dan ayələrin oxunması ilə başlayıb. Daha sonra Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.

İranın Azərbaycandakı səfirliyinin hərbi attaşesi Cavad Furutəni İrana qarşı 41 il öncə törədilən təcavüzkarlıq aktından bəhs edib. O, İran xalqının bu müharibədən qalib ayrıldığını, Səddam rejiminin təcavüzkarlıq niyyətinin baş tutmadığını vurğulayıb.

Attaşe İran Silahlı Qüvvələrinin keçmişdə və indi İran xalqı kimi böyük bir dayağının olduğunu deyib. C.Furutəni hazırda İran Silahlı Qüvvələrinin mövcud olan gücündən danışıb. İranın region ölkələri ilə əməkdaşlıq çərçivəsində İraq və Suriya kimi ölkələrdə beynəlxalq terrorizmə qarşı mübarizə apardığını, bu yolda böyük qurbanlar verdiyini deyib.

Hərbi attaşe İranın Azərbaycanla yaxşı münasibətlərinin olduğunu və bu əməkdaşlığın getdikcə daha da inkişaf etdiyini vurğulayıb. O, İranın Azərbaycanın öz torpaqlarına olan suveren hüquqlarını hər zaman müdafiə etdiyini söyləyib.

Daha sonra İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi çıxış edib. Səfir bildirib ki, İran xalqını parçalamaq və diz üstə çökdürmək istəsələr də, nəcib və dəyanətli İran xalqı üzləşdiyi bütün bu imtahanların öhdəsindən səbrlə gəlib: “İran xalqının üzləşdiyi böyük imtahanlardan biri 41 il öncə bu günlərdə başladı, bu imtahan 8 il davam etdi. 8 illik müharibə zamanı heç bir ölkə bizə, hətta ən ibtidai silahları belə satmadı, nəticədə İran hərbi sənaye təminat istiqamətində inkişaf etdi və uğura nail oldu. Bu gün İran dünyanın ən güclü hərbi güclərindən biridir. İran hərbi imkanların müxtəlif istiqamətlərində uğur və irəliləyiş əldə edib, bura quru, hava, dəniz və kiber sahələr aiddir. Həmçinin raket sistemləri istiqamətində əhəmiyyətli inkişafa nail olunub. İranın həqiqi gücü onun xalqının özünüqurban və həmrəylik ruhundan qaynaqlanır”.

Səfir vurğulayıb ki, İranın hərbi gücü hər zaman regionun təhlükəsizliyi, stabilliyi və dostları üçün olub və olacaq: “Qonşuluq siyasətini, qonşuların öncəliyini və güclü regionu dəstəkləyən İran regiondakı bütün ölkələr, xüsusilə də qonşuları üçün sülh və təhlükəsizlik istəyir. Biz dost və qardaş ölkə Azərbaycan üçün də sülh, sabitlik, təhlükəsizlik istəyirik. Ortaq dinə, mədəniyyətə, tarixi əlaqələrə əsaslanan qardaşlıq və dostluq münasibətlərimiz əbədidir".

Günel Həsənova



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar