Baş Nazirin 190 manatla bağlı qərarı narazılıqla qarşılandı: “İşsizlər yalnız 4 şəhər və 4 rayonda yaşamır”

24 İyun 2020 10:00    2051 Baxış   
Baş Nazirin 190 manatla bağlı qərarı narazılıqla qarşılandı:  “İşsizlər yalnız 4 şəhər və 4 rayonda yaşamır”
Dünən Baş Nazir koronavirus xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, işsiz kimi qeydiyyatda olan şəxslərə yenidən 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar verdi. Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmə veriləcək.

Qərarın ardınca, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov qeyd etdi ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə zamanı faktiki yaşayış yerinin nəzərə alınacaq: “Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək. Birdəfəlik ödəmə üçün təkrar müraciətə ehtiyac yoxdur".

Maraqlıdır, 190 manat birdəfəlik ödəmənin ancaq sərt karantin tətbiq edilən ərazidə yaşayanlara verilməsini nə qədər qənaətbəxş hesab etmək olar? Dominant.az-ın suallarına iqtisadçılarla cavab tapmağa çalışdıq.



İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, hazırkı şəraitdə işsiz qalmış insanlar üçün nəzərdə tutulan 190 manat müavinətin yalnız sərt karantin rejimi olan ərazilərə vermək sosial ədalətli qərar deyil: “Eyni zamanda mövcud iqtisadi reallığı nəzərə almayan qərardır. Çünki sərt karantin elan olunan ərazilər ölkə iqtisadiyyatının ən azı 85%-ni formalaşdırır və ölkənin bütün ərazisindən olan insanlar rəsmi yaşayış yeri qeydiyyatına baxmayaraq sərt karantin rejimi olan şəhər və rayonlara, xüsusən Bakı, Sumqayıt, Abşeron və Gəncəyə bağlıdırlar. Onların böyük əksəriyyəti qeyri-rəsmi və günəmuzd məşğullar kimi bu ərazilərdə yaşayır və işləyirlər”.

“Belə vəziyyətdə yalnız qeydiyyatın meyar kimi götürülməsi Bakı, Sumqayıt, Abşeron və Gəncədə günəmuzd və rəsmi müqaviləsiz çalışmış, pandemiya dövründə işini və qazancını itirmiş 10 minilərlə insanın dövlətin sosial müdafiə tədbirlərindən kənarda qalmasına səbəb olur. Pandemiya ərazi fərqi qoymadan bütün iqtisadiyyatı inkişafdan saxlayır. Çünki digər ərzazilərin iqtisadiyyatı böyük şəhərlərə bağlıdır. Burdakı iqtisadi qapanma digər ərazilər üçün də iqtisadi itkilər, iş yerlərinin itirilməsi deməkdir”, - iqtisadçı vurğuladı.
R.Ağayevin sözlərinə görə, bütün bunlar nəzərə alınaraq, ən azı, avqustun 1-dək 190 manat işsizlik müavinətinin bütün ölkə üzrə saxlanılması sosial ədalət və mövcud iqtisadi reallıqlar baxımından doğru qərar olardı.

İqtisadçı sahibkarlarla bağlı bir məqama da toxunub: “Hökumət, ən azından. sərt karantin rejimi olan ərazilərdə fəaliyyəti qadağan olunmuş sahibkarlıq subyektlərinə 2-ci maliyyə yardımı paketi təqdim etməli idi”.



İqtisadçı alim Qubad İbadoğlu da bu qərarı qənaətbəxş hesab etmir: “Baş Nazirin sərəncamına görə, 190 manat əvvəlki siyahıda olanlar təkrar yoxlanıldıqdan (bir çox şəxslər çıxdaş edildikdək sonra) sonra yalnız həmin siyahıda adları sadalanan şəhər və rayondan müraciət etmiş şəxslərə iyun ayı üçün ödəniləcək. Bu qərar verilərkən yenə də nəzərə alınmayıb ki, bəzi şəxslər ətraf rayonlarda yaşasalar da Bakıda, Sumqayıtda və Gəncədə işləyirlər. Belə olan halda onları kənara qoymaq ədalətsizlikdir”.

Q.İbadoğlu düşünür ki, əslində, bu yardım işini itirənlər üçün nəzərdə tutulubsa, onun karantin rejimi ilə əlaqəsi olmalı deyil: “Sərt karantin rejimi tətbiq edilməyən ərazilərdəki işsizlərin də bu yardımı almağa haqqı çatır. Belə yanaşma sahibkarların fəaliyyət yerləri üzrə tətbiq oluna bilər, işzilərə yox, çünki, işsiz onsuz da harda yaşamasından asılı olmayaraq çalışmır. Absurd yanaşmadır! Pandemiya bütün ölkəni əhatə edir, işsizlər yalnız 4 şəhər və 4 rayonda yaşamır”.

“Diğər tərəfdən də karantin rejimi avqustun 1-də başa çatır. Belə olan halda da iyul ayı üzrə də ödənişlər həyata keçirilməlidir. Nəhayət, bu ödənişlər əvvəlki qaydada sahibkarlara və muzdlu işçilərə də şamil olunmalıdır”, - iqtisadçı vurğuladı.



İqtisad elmləri namizədi, sabiq deputat Nazim Bəydəmirli də həmkarları kimi düşünür: “Azərbaycan əhalisinin ən azı 50% qeydiyyat yerində faktiki yaşamır, belə şərtlər qoymaq elə pul vermək istəməməklikdən irəli gəlir. Mən öz seçki dairəmizdə monitorinq aparmışam və məlum olub ki, seçki siyahısında olanlardan cəmi 30% faktiki bu ərazidə yaşayır”.

Dominant.az


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar