Baş redaktorlar “Media haqqında” qanunu alqışladılar

10 Dekabr 2021 21:19    1629 Baxış   
Baş redaktorlar “Media haqqında” qanunu alqışladılar

Azərbaycan Respublikasında "Media haqqında” yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Milli Məclisdə keçirilən müzakirədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri iştirak edib.

Qanun layihəsi Azərbaycan mətbuatının inkişafına yol açacaq. Mətbuatın güclənməsi, inkişaf etməsi hər bir dövlətin marağına uyğundur. Azərbaycan dövləti də medianın güclənməsində maraqlıdır. Kütləvi informasiya vasitələrinin köməyi ilə insanlar qısa bir zamanda dünyada baş verənlər haqqında məlumat ala bilirlər. Sosial media cəmiyyətdə və dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması ilə kifayətlənmir. O, insan hüquqlarının pozulmasına qarşı çıxan və bu barədə dünyada obyektiv informasiya yayan bir vasitədir.

Əməkdar jurnalist, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Sherg.az”a bildirib ki, MEDİA-nın layihəsi mətbuatın güclənməsində mühüm rol oynayacaq:

“Bu layihə nəticəsində hansı media qurumunun peşəkar, hansının qeyri-peşəkar olduğu aydınlaşacaq. Digər aspektdən həm media qurumlarına, həm də jurnalistlərə böyük üstünlüklər tanıyır. Məsələn, vahid jurnalist vəsiqəsinin tətbiqi nəticəsində bir sıra güzəştlər nəzərdə tutulub ki, bu da peşəkar media resursları üçün əhəmiyyətlidir. Ən önəmli məqam isə layihə nəticəsində hüquqi platforma yaranacaq. Həmçinin Azərbaycan mediasının gələcək inkişafının təmin olunması üçün imkanlar yaradır. “Media haqqında” qanun Azərbaycan mediasında islahatların davamlı şəkildə həyata keçirilməsi üçün zəmin yaradacaq”.

Modern.az saytının baş redaktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı qeyd edib ki, bəzi boşluqlar istisna olmaqla, qanun layihəsi müsbət nəticələr verəcək:

“Bəzi kiçik istisnalar olmaqla, qanun layihəsini müsbət qarşılayıram. Layihə medianın güclənməsinə çox böyük təsir göstərəcək. Dövlət medianın güclənməsində maraqlıdır. Əlavə olaraq, reklam bazarı gücləndirilərsə, media qurumlarına ianələr, dövlət dəstəyi də tətbiq edilərsə, mətbuatın güclənməsinə müsbət təsir göstərəcək. Geriyə qalan bəzi boşluqları doldurmaq üçün jurnalistlərlə müzakirələrin keçirilməsi önəmlidir. Müəyyən boşluqların da gələcəkdə həll ediləcəyinə inanıram. Bu sənəd dövlət və jurnalistlərin ortaq maraqlarına uyğun olaraq daha da inkişaf etdirilməlidir”.

Xanlar ƏLİBƏY



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar