Başsız medianın yeni sahibləri: Keçid dövrü jurnalistləri

13 Avqust 2020 13:11    325 Baxış   
Başsız medianın yeni sahibləri:  Keçid dövrü jurnalistləri
İnformasiya elə bir şeydir ki, düzgün idarə edilməsə, yönəldilməsə, hər sözündə dövlət, xalq düşünülməsə, ancaq faciələr törədər.

İnformasiya həm də elə bir şeydir ki, onunla “oynayanlar” mütləq iradəli və xarakterli olmalıdır. Yəni media, jurnalistika, xaraktersizliyi, cəsarətsizliyi qəbul etməyən peşədir. Həmçinin bu o demək deyil ki, səsini başına atıb hay-küy qoparanların, jurnalistəm deyənlərin hamısı, jurnalistdir. Əslində yaxşı, peşəkar jurnalist yüksək rütbəli, peşəkar, səbirli və tərbiyəli döyüşçüdür.

Sözün keşiyində durmaq həm də əxlaq, vicdan, ədalət tələb edir. Bəzən fərd olaraq sevmədiyin adamdan da yazanda, ədalətli olmayacaqsansa, jurnalist deyilsən, peşəkar deyilsən, dövlətçi, millətçi deyilsən. Bu illərdir həyat prinsipidir mənim üçün. Son dərəcə çətin seçim, çətin həyatdır. Hər addımında özünlə bağlı onlarla ədalətsizlik, haqsızlıq görürsən. Bəzən küsüb, inciyirsən. Amma sonunda o qənaətə gəlirsən ki, belə yaşamaq sənin seçimindir. Səni başqalaşdırmaq, sıradan etmək istəyən heç nəyi qəbullanmadın...

Əziz oxucu, yəqin bu məqamı niyə qeyd etdim, deyə düşünürsən?!

***

Ölkədə, doxsanıncı illərdə, keçid dövründə böyük gələcəyi, potensialı olan jurnalist nəsli yetişmişdi. Əslində onları kimsə yox, elə Azərbaycan özü yetişdirdi. Hər zaman bu qənaətdəyəm ki, o illərin jurnalistlərindən bu ölkədə heç zaman olmayacaq. Çünki onlar Azərbaycanın necə qurulduğuna, nələrdən keçdiyinə, neçə-neçə dövlət çevrilişlərinə, haylı-küylü məhkəmələrə, qorxunc sui-qəsdlərə şahid oldular. Müharibədən, aclıqdan, məhbəsdən keçdilər, özləri, qələmlər, imzalar. Sonunda brendləşdilər. İnternet dönəmi olmayan Azərbaycanın baş kəndində, Bakıda o imzaları qəzetlərdəki qara-ağ şəkillərindən tanıyırdı adamlar küçələrdə. Günlərin birində elə bil o nəsil yox oldu, qeybə çəkildi, silindi...

Azərbaycan mediasının faciələri o nəslin silinməsi ilə başladı desəm, yəqin ki, çoxu məni qınamaz. Bir qismi mühacirətə getdi, bir qismi küsdü, bir qismi öldü, sözün həqiqi mənasında, dünyadan köç etdi. Ağrılı mənzərə idi. Üzərinə Azərbaycan qurulan, ölkəsi, milləti üçün savaşan böyük bir nəsli kimlərəsə, sərfəli olmadıqlarına görə sildi. Birtəhər dözdülər. Başlarına hər iş gəldi, amma klanlara qarşımadılar, məmləkət satmadılar, xaricə qaçmadılar, reketlik etmədilər, şantaj yolu tutmadılar. Yəni öləndən, qalandan, qaçandan fərqli olduqlarını isbatladılar, min bir əzabdan sonra ələnib, ələnib, bircə ovuc qaldılar. Amma Azərbaycanda qaldılar, Azərbaycanla qaldılar.

Bu dediklərim nə populizmdir, nə özünün aid olduğu jurnalist nəslinə tərifdir, nə də kiməsə acıq vermək. Bu peşə sevgisidir, sevincidir! Bu gün başsız qalan medianı məhz o bir ovuc, ələnib qalmış media adamı sahiblənməkdədir. Həm də sürətlə. Maraqlı olanı bu ki, hər biri günün, İT əsrinin standartına cavab verən formatlara otururlar həm də. Necə?

Hərəsinin üzərinə qısa zaman intervalı ilə bir onlayn telekanal qurulur. Telekanalı qurub, onları işə dəvət etmirlər, telekanal onların üzərinə qurulur. Yəni hərəsi bir televiziya gücündə olan imzalardır. Sözləri böyük auditoriyaya bəs edən adamları yetişib Azərbaycan mediasının. Bunu gizləmək, inkişafını gecikdirməyə çalışmaq mənim baxış bucağıma görə dövlətə xəyanətdir. Bu gün dosxanların milli kadrlarından ibarət bu nəsil, Azərbaycan dövlətçiliyi, onun milli atributları söyüşə hədəf, ədalətsizliyə ortaq olmasın deyə fəaliyyətdədir. Məhdud imkanlar, çətin şəraitlə. Və təbii, adından öncə milli sözü gələn, bu brendləşmiş imzalar yenə də kimlərəsə sərfəli deyil. Amma artıq qarşısı alına biləcək proses də deyil bu. Məsələn, təbii gələn sel kimidir. Qarşısına çıxacaq hər kötüyü vurub kənara atacaq. Artıq bunu görməzdən gəlib, dövləti, siyasi lideri hədəfə çevirməkdə fayda yoxdur.

Gələk ona ki, indi ölkənin media məkanında hansı mənzərə yaranıb? Fərdi YOUTUBE kanalında televiziya quran milli media simaları söyüş və mühacir mediasının qəniminə çevrilməkdədir. Necə? Çox sadə, böyük dövlət vəsaitinin altından girib, üstündən çıxan, hər şeyi malalayaraq göstərən, ütülü təriflər, yaraşıqlı oğlan və qızlarla efir bəzəyənlərdən fərqli olaraq, onlar, mühacir və söyüş telekanallarının əlindən Azərbaycan vətəndaşının problemlərini alaraq, özləri işıqlandırır. Milli və dövlət maraqlarını nəzərə alır, ciddi tənqidi mövqe, jurnalist yanaşması ortaya qoyur.

Bəs mövzuların mühacir və söyüşçülərdən alınmasından sonra nə baş verir?

Diqqət edək, çox aşağı reytinqlə efirə başlayan LAF TV-nin bu gün tamaşaçı auditoriyası sürətlə böyüyür.

Onacan mövcud olan Reaksiya TV və Xural TV-nin tamaşaçı auditoriyası yüz mini keçir.

Musavat TV-də eyni siyahıdadır.

Sadaladıqlarımın ardıyca bu günlərdə Azərbaycan Xaql Cəhbəsi TV yaradılıb ki, eyni sistem üzrə, yüksək reytinqə doğru gedir.

Gəlin aparıcı heyətə diqqət edək. Ləman Ələşrəfqızı, Afət Telmanqızı, Əvəz Zeynallı, Zaur Qəriboğlu, Sevinc Telmanqızı, Eldəniz Vəliyev.

Qürurvericidir! Hər biri aşağı-yuxarı eyni illərin, eyni dönəmin imzaları. Eyni prosesi keçmiş adamlar və eyni yolda. Bu yuxarı eşalonlarda çoxları üçün arzu olunmasa, qəbul edilməsə də Azərbaycanda doxsanların media adamlarına böyük zərurət olduğunun çox aydın göstəricisidir.

Nə qədər ağır olsa da, son on beş ildə, Azərbaycanda sadaladığım adamlar zirvəsinə ucala biləcək mediatik nəsil yetişdirilmədi. Çünki ikinci belə güc və simalar dövlətdən, xalqdan başqa kimsəyə sərfəli deyil. Elə doxsanların media adamlarını da bütün cəbhələrdə bu üzdən, milli kadr olduqları üçün sıxır, sıradan çıxarır, guya ölkədən, dövlətdən, millətdən narazı salırdılar. Son belə oyunları bu simaların əksəriyyətini parlament seçkisinə buraxmaq oldu. Alınmadı! Əslində seçkiyə qatılan milli media adamları orada da dövlətə və millətə böyük xidmət göstərdilər. Ciddi sosial narazılığın qarşısında durdular. Bəlkə də böyük həbslər dalğasına, islahat qərarlarına məhz o kadrların bölgədən yuxarı daşıdığı, tirajladığı məlumatlar, müraciətlər start verdi. Çünki nə qədər qəribə sələnsə də məlum güc, dövlətlə vətəndaş arsına ciddi sədd çəkmişdi. Dövlət əyaləti görmürdü.

İndi sual oluna bilər, təşəbbüsü bütün qapılar üzünə bağlı olan milli media simaları ələ alırsa, bu proses davamlı olaraq həyata keçirilirsə, onlar ölkədə sosial partlayışdan yana olan mühacir və söyüş mediasını neytrallaşdırırsa, bəs yerdə qalan dövlət və dövlətyönümlü KİV-lərin, saytların, televiziyaların aqibəti noolacaq? Onlara sərf edilən milyonlarla dövlət vəsaiti havaya sovrulmuş sayılmırmı?

Maraqlı və ciddi sualdır. Çünki bu dalğadan sonra onlar həm İT əsrinin tələbi, həm də tutduqları mövqelərdən dolayı reytinqdən düşəcəklər. İndi insanlar informasiyanı böyük monitorların arxasında oturmaqla gözləmir. İnsanlar məlumatları ovuclarındakı xırda aparatdan, telefefondan və internetdən, özü də operativ, dürüst, qısa mətnlə almaq istəyir. Həm də daha aldatmamağı tələb edir.

Bu gün hansı TV bu qəlibə sığır, heç biri?!. Odur ki, onların da taleyi və gələcəyi yeni yaranan milli ruhunu qoyuran, “qırmızı xəttini” bilən, yenə sıxılan, çətinlikləri olan Azərbaycan mövqeli, doxsanların yetişdirdiyi jurnalist nəslinin əlinə keçir. Indilik yavaş-yavaş mühacirlərin və söyüşçülərin əlindən insanları xilas etmək üçün mübarizə aparan brendləşmiş adların arxasınca gəlməyə məcburdurlar. Bu kimsənin büdcəsində, cibində nə qədər vəsait olmasına bağlı bir şey deyil. Bu iradəyə, xarakterə, milli kimliyə bağlı məsələdir. Həm də ilahi ədalətin gücüdür. Bunu heç bir maddiyyat yenə bilməz!

Jalə Mütəllimova



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar