Bəhram Bağırzadədən xəbər var

26 İyun 2020 13:35    284 Baxış   
Bəhram Bağırzadədən xəbər var
“Bəhram Bağırzadənin ümumi vəziyyəti ağır olaraq qalsa da, son iki gün içərisində ağciyər toxumasında yenidən havalanma görülüb”.

Dominant.az xəbər verir ki, bunu COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsinin başlanıldığı ilk 10 gün ərzində heç bir müsbət irəliləyiş olmayıb: "O, süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə idi. Ağciyərlərin vəziyyəti onsuz da yaxşı deyildi, hətta deyərdim ki, ilk 10 gün ərzində ağciyərlər toxumalarının qalan 10 faizinin də fəaliyyəti müşahidə edilmirdi. Bütün ağciyərin tamam zədələnmiş formada olmasına baxmayaraq, son iki gün ərzində ağciyər toxumasında yenidən havalanmanın müşahidə edilməsi bizi sevindirdi. Artıq həkimlər üçün yeni bir ümid var. Əlimizdən gələni edirik ki, qarşıdakı günlərdə daha yaxşı reaksiyalar alaq”.

Həkim əməkdar artistin müalicəsinin 7 iyun tarixindən başladığını da qeyd edib:

“Bildiyiniz kimi, iyunun 6-da Bəhram Bağırzadədə yüksək hərarət müşahidə olunub. Bir gün sonra isə müayinələr nəticəsində ona COVID-19 diaqnozu qoyulub.

Uzun müddətdir ki, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan həmin səs yazısı da məhz 7 iyun tarixinə aiddir. Qorxulu yuxu halına gəlmiş bu xəstəliyə görə yaxınlarını narahat etməmək üçün bu səs yazısını göndərib.

Lakin iyunun 9-da B.Bağırzadənin tomoqrafiya nəticələri göstərir ki, xəstəlik onun ağciyərinin 10 faizinə ziyan vurub. Ayın 12-də B.Bağırzadənin vəziyyəti anidən ağırlaşır və intensiv müalicə ilə bərabər o dərhal tibb müəssisəsinə yerləşdirilir. Sonuncu tomoqrafiya isə ağciyərlərin 90 faizinin zədələndiyini göstərir.

Həyati vəziyyətinin təhlükədə olduğunu nəzərə alaraq, onun dərhal ECMO cihazına qoşulmasına qərar verdik. Bununla da onu həyatda saxlaya bildik. Aparılan intensiv müalicələr nəticəsində, nəhayət, son iki gün ərzində müsbət irəliləyiş qeydə aldıq. Təbii ki, hələ də yüz faiz proqnoz vermək üçün çox tezdir”.

Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. Vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən həkimlər onun ECMO cihazına qoşulmasına qərar verib.

Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar