Belarus polisi və jurnalistləri istefa verərək xalqa qoşulur - VİDEO

13 Avqust 2020 19:25    1125 Baxış   
Belarus polisi və jurnalistləri istefa verərək xalqa qoşulur -  VİDEO
Belarusda prezident seçkilərindən sonra başlayan kütləvi etiraz aksiyaları fonunda güc strukturlarının əməkdaşları – bəzi xüsusi təyinatlılar və polis orqanı nümayəndələri, eləcə də jurnalistlər istefa verərək xalqla həmrəy olduqlarını elan ediblər.

"NEXTA Live" "Telegram" kanalı 10-dan çox özünü xüsusi təyinatlı, polis və ya hərbiçi kimi təqdim edən şəxsin video müraciətini dərc edib. Hərçənd, onların, həqiqətən də, bu orqanlarda (keçmişdə, yaxud hazırda) xidmətdə olduğunu təsdiq edən sübut hər videoda yoxdur.

Bir videoda şəxs əynindəki xüsusi təyinatlı polis formasını çıxararaq kənara atır və deyir ki, xidməti ilə fəxr edib, indi isə utanır:

"Mən xalqıma and içmişəm, xidmət etdiyim yerlə qürur duymuşam. İndi mən utanıram. Biabırçılıqdır. Belə əmrləri yerinə yetirənlərin hamısının biabırçılığıdır".


"Instagram"da yazısı 400 minə yaxın bəyənmə toplayan polis kapitanı 17 illik xidmətdən sonra istefa vermək qərarına gəldiyini açıqlayıb. O, bu bəyanatına poqonlarının, vəsiqəsinin və şəxsi adına minnətdarlıq məktubunun şəklini əlavə edib və statusunu “polis xalqladır” (#милицияснародом) həştaqı ilə paylaşıb.

Başqa bir "Instagram" istifadəçisi, "Belarusda daha xüsusi təyinatlıların qardaşlığı yoxdur”, -
deyib və başındakı bereti zibil konteynerinə atıb.

Sahə müvəkkili olan belorus polis həmkarlarına videomüraciətlə onları silahsız vətəndaşlara qarşı zorakılığı dayandırmağa və xalqla bir olmağa çağırıb.

“Дождь” telekanalına danışan bu sahə müvəkkili DİN-dən istefa verməyəcəyini, eyni zamanda “cinayətkar əmrləri” yerinə yetirməyəcəyini bəyan edib.



































Dövlət jurnalistləri də istefa verir

Belarusda prezident seçkilərinin saxtalaşdırıldığı iddiası ilə kütləvi aksiyalara başlayan əhaliyə qarşı polis (red: Belarusda: milis) orqanlarının zorakılığına etiraz edərək istefa verənlər sırasında jurnalistlər də var.

Belarusun dövlət televiziya kanallarının (“Беларусь 1” və OHT) əməkdaşları - 7 aparıcı etiraz əlaməti olaraq vəzifələrindən istefa verib.

Onlardan biri OHT telekanalının aparıcısı Olqa Boqatıreviçdir. O, Instagram-da istefa ərizəsini yayıb və yazıb: "Biz azıq, amma varıq!!!”


Eyni zamanda “Беларусь 1” televiziya kanalından Vera Karetniova, Yevqeni Perlin, Vladimir Burko, Olqa Belaç və Andrey Makayenok, eləcə də Televiziya Xəbərləri Agentliyinin aparıcısı Sergey Kozloviç etiraz ərizəsi ilə istefa verib.

“Arsenal” adlı hərbi proqramın aparıcısı olmuş Vladimir Burko Belarusun hərbi qüvvələrinin rəhbərliyinə müraciət edib, 5 il Müdafiə Nazirliyinin media siması olduğunu vurğulayıb:
"Mən heç bir zaman, hətta ən qorxunc yuxuda belə düşünə bilməzdim ki, haqlarında danışdığım əsgərlər və texnika öz xalqına qarşı tətbiq oluna bilər”.

O, əsgər və zabitləri “nə qədər ki gec deyil, düşünməyə” və öz rəhbərlikərinin, Təhlükəsizlik Şurasının diqqətinə metodlarının barbarca və humanistlikdən uzaq olduğunu çatdırmağa çağırıb: "Mən sizdən xahiş edirəm ki, düzgün qərar verəsiniz. Elə qərar ki, biz beloruslar fəxr edək”.

Vladimir Burko işdən öz istəyi ilə uzaqlaşdığını, lakin bunun “macərasız ötüşmədiyini” də qeyd edib.

The Village Беларусь-un yazıdığına görə, ОНТ telekanalından istefa verənlərin sırasında siyasi icmalçılar şöbəsinin müdiri, prezident proqramlarının rəhbəri və “Antifeyk” təbliğat proqramının aparıcısı Dimitri Semçenko da var. Ancaq bu iddianı təsdiq edən dəlil hələ ki yoxdur.

Qeyd edək ki, adı çəkilən telekanallar dövlətə məxsusdur. (7-gun.com)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar