"Beşbarmaq"da əyləncə obyektləri açılacaq

09 İyun 2020 11:38    354 Baxış   
"Beşbarmaq"da əyləncə obyektləri açılacaq
Prezidentin ötən gün barəsində sərəncam imzaladığı “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda əyləncə məkanları olacaq. Dominant.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə məlumat verib.

Onun sözlərinə görə, agentliyin həyata keçirdiyi sahə tədqiqatları və müşahidələrindən ortaya çıxan nəticələr göstərir ki, ərazi dini-mənəvi destinasiya olmaqla yanaşı həm də unikal təbiət abidəsi və təbii irs nümunəsi kimi təkrarolunmaz təbii landşafta malikdir: "Turistlər tərəfindən maraqla qarşılanan potensial turizm nümayiş obyektləri sırasında olduğunu nəzərə alaraq Beşbarmaq ətrafında abidə qoruğunun təşkil edilməsi, müasir turizm infrastrukturunun yaradılması zərurəti yaranıb. Yaradılan yeni qoruq idarəsi və turizm infrastrukturu turist məmnunluğunu artırmaqla yanaşı yerli əhali, xüsusi ilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün yeni iş yerlərinin açılmasına şərait yaradacaq".

"Qeyd olunan yeni qoruq idarəsinin tərkib hissəsi kimi ziyarətçilərə müxtəlif xidmətlər təklif edəcək iaşə və əyləncə obyektləri fəaliyyət göstərəcək. Bu da öz növbəsində qanunla müəyyən edilmiş qaydada mövcud resurslardan, xüsusi ilə turizm imkanlarından istifadə edərək gəlir əldə etmək potensialı yaradacaq. Əldə olunan gəlirlər mədəni irsin qorunmasına yönəldiləcək.

Burada nəzərdə tutulur:

- Beşbarmaq dağından piyada gəzinti yolları ilə turistlərə ətrafda yerləşən palçıq vulkanlarına və nadir landşafta sahib Xızı rayonuna (Altıağaca) doğru piyada gəzintilər və safari turlarının təklif edilməsi;

- Beşbarmaq ərazisi köçəri quşların müşahidəsi adlı turizm fəaliyyəti üçün dünyada çox nadir hallarda rast gəlinən ərazilərdən biridir. Belə ki, hər il milyonlarla köçəri quş bu ərazidən keçməklə cənuba doğru köç edir. Ona görə də Beşbarmaq ərazisində dünyada populyarlıq qazanan “Quş Müşahidəsi” turizminin inkişaf etdiriməsi;

- Beşbarmaq dağı və ətrafı ziyarətçilər tərəfindən müqəddəs hesab edilən bir məkandır və yüz minlərlə şəxs bu ərazini ziyarət edir, qurban kəsir və nəzir verir. Bu mənada Türkiyə, İran, Yaxın Şərq və digər müsəlman ölkələrindən Azərbaycana gələn ziyarətçilər üçün ölkədəki dini turizm potensialının inkişaf etdirilməsi;

- Qayaya dırmanma, atçılıq, hipoterapiya və s. turizm məhsullarının inkişaf etdirilməsi", - deyə Quluzadə vurğulayıb.

Qeyd edək ki, əldə olunan gəlirlər həmin turizm nümayiş obyektinin saxlanılmasına və fəaliyyətinin tənzimlənməsinə yönəldiləcək. İlk öncə dövlət büdcəsindən ayrılan investisiyalar nəticəsində onlar yenidən qurulacaq və istifadəyə veriləcək. Turizmin inkişafı üçün şərait yaradılandan sonra həmin obyektdə turizm məhsulları yaradılacaq, o əsas turizm marşurutlarına salınacaq və turizm sənayesi nümayəndələri ora cəlb ediləcək.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar