"Bilməzdim ki, biz tərəflərdə Leninin bu qədər qohum-əqrəbası var”

07 İyun 2020 21:44    904 Baxış   
"Bilməzdim ki, biz tərəflərdə Leninin bu qədər qohum-əqrəbası var”
Leninin qohumları...

Rayonun katibi Şərulla müəllim pəncərənin qarşısında dayanıb papirosunu yandırdı. Əlində çay stəkanı tutmuş köməkçisi Qibləli onun arxasında dayanmışdı, katib əsəbi olduğundan ona yaxınlaşa bilmirdi. Şərulla raykomun həyətindəki Lenin heykəlinə baxıb köks ötürdü. Çünki axşamtərəfi demokratlar onu yıxacaqdılar. Katib geriyə döndü. Qibləlinin əlindən armudu stəkanı alıb başına çəkdi.

Qibləli, sən cavansan, bilməzsən. Hökuməti yıxa bilərlər, hər şey dəyişə bilər, amma Lenin həmişəyaşardı. İşdi, əgər Leninin heykəlini yıxsalar, gecə köməkləşib, onu bizim həyətə aparaq.

Qibləli katibin bu sözlərindən bir şey anlamadı. Lenin yıxılmış heykəli onun nəyinə lazım idi?

Katib ürəyində deyinsə də, Qibləli onu yaxşı eşidirdi. Şərulla müəllim demokratları tənqid edir, mitinqləri pisləyir və Lenini tərifləyirdi. Bu vaxt raykomun qabağından əlində qəzetlə Fərzuq keçdi.
Fərzuq demokratların rəhbəri idi. Cəmiyyətdə onu normal adam kimi tanımırdılar. Ədəbiyyatçı, bir az da fəlsəfəçi idi. Yaşadığı yerdə onun fikirləri birmənalı qarşılanmazdı. Amma və lakin onu özlərinə rəhbər seçmişdilər.

Fərzuqu görən kimi papirosunu yeniləyən katib ucadan: Bu avaraya bax! 45 yaşı var, gedib evlənmir, gəlib, mitinq keçirib Lenini aşırtmaq istəyir! - dedi.

Axşamtərəfi idi. Gün Lenin heykəlinin arxa tərəfində batırdı. Elə bil günəş də Leninlə vidalaşırdı.
Demokratlar mitinqə başladılar. Çox keçmədi ki, yük kranı raykomun qarşısında peyda oldu. Dəmir trosu Leninin boğazına keçirdilər. Lenin oturduğu yerdən qalxmaq istəmirdi. Katib bu səhnəni pəncərədən seyr edirdi. Ürəyinin döyüntüsü “Tərpənmə, böyük Lenin” deyirdi.

Bir neçə cəhddən sonra Lenin artıq güc gələ bilmədiyini hiss edib təslim oldu. Katibə elə gəldi ki, Lenin onu köməyə çağırır. Elə bu vaxt katibin köməkçisi Qibləli içəri keçmək istəyəndə yelçəkən vıyıldadı. Külək katibin kabinetdəki Leninin portretini yerə salıb qırdı.

Günəş də sanki qürubunu gecikdirirdi. Lenin yük maşınının üstündə çox da uzaqda olmayan zibilliyə doğru gedirdi. Katib “baba”sının arxasınca baxıb kövrəldi.

Aşağıda isə mitinq davam edirdi. Şair Elmar Hüseyn kütlənin qarşısında dayanmışdı. O, Lenindən sonra katibin də boğazına ip salıb qovacaqlarını dedi. Şairi ən çox alqışlayan həmkarı Elxan və Emin oldu.

Katib bu söhbətdən çox narahat oldu. Qorxusundan arxa otağa keçdi. Bunu görən köməkçi Qibləli qapını azacıq açıb dedi:

-Yoldaş katib, narahat olmayın, Elmar pis adam deyil. Bir azdan enək aşağıya, onu yeməyə dəvət edin.

Katib bir az sakitləşdi. Şair Elmarı digər şair Yurdoğlu əvəz elədi. O da alovlu çıxışıyla Lenini xeyli tənqid etdi. Bax, beləcə mitinq dağıldı.

Katib “Kaqor” içdiyindən tez yuxuya getmişdi. Yuxuda Lenini görürdü. Ulu babası onun əlindən tutub heykəlinin uzandığı zibilliyə aparırdı. Katib diksinib ayağa qalxdı. Qəhvədandan su içib papirosunu yandırdı. Qərara gəldi ki, 50 il ideologiyasına qulluq etdiyi Leninin heykəlini zibillikdən götürüb həyətinə gətirsin.

Zülmət qaranlıq və çaqqalların səsi katibi hürküdürdü. Gəlib zibilliyə çatdı. Amma bura işıqlı idi. Ay, elə bil öz işığını yalnız Leninin heykəli üçün saçırdı. Hər yan qaranlıq idi, ay, işığını bircə Lenindən əsirgəməmişdi.

Heykəli qaldırmaq istədi. Çox ağır olduğundan yerindən tərpədə bilmədi. Sürümək qərarına gəldi. Kənardan yoğun kəndir tapıb heykəlin boynuna keçirtmək istəyəndə Lenin sanki titrədi. Katib qorxusundan udqundu. Hiss etdi ki, kommunist olan kəs bunu edə bilməzdi. Kəndiri heykəlin belinə bağladı. Nə yaxşı ki, kənddə inni-cinni yox idi. Bir zülümlə heykəli həyətinə gətirdi. Gilas ağacının altında otun üstünə uzadıb evə qalxdı.

Demokratlar səhər çayxanada özlərini qəhrəman kimi aparırdılar. Leninin heykəlinin uçurdulması onlar üçün mənəviyyat məsələsi idi. Katib isə çox rahat şəkildə öz kreslosunda əyləşmişdi. Qibləli sənədləri möhürləmək üçün gələndə ağzından qaçırdı ki, Lenin heykəli bürüncdən olub, bunu ona atası deyərmiş. Katib bunu eşidən kimi yerindən sıçradı. Çox qiymətli bir şey əldə etdiyini anlayanda Lenin yaddan çıxdı.

O, səhərə kimi yatmadı. Leninin heykəlini 4-5 yerə parçalayıb İrana satmaq barədə fikirləşirdi.

Nəhayət, yolunu tapdı. Qonuşusu Qudanın QAZ-51 maşınıyla şəxsən özü gecə vaxtı İranın sərhədinə doğru yola düşdü. Lenin torbanın içində havasızlıqdan tərləmişdi. Qudan maşının arxasında nə apardığını bilmirdi.

Katib, yükü Araz çayının kənarında boşaldıb Qudanla vidalaşdı. Beş yerə parçalanmış heykəli ay işığında qayığa qoyub çayın dayaz hissəsindən İran tərəfə keçirdi. Yolda qayıq ləngərlədi və Leninin papaq tutan qolu suya düşdü. Sanki Lenin əlində papaq katiblə vidalaşırdı.

Şərulla müəllim, heykəlin qalan hissələrini sövdələşdiyi adama satıb, pulları da götürüb geri döndü.

İki gündən sonra demokratlara xəbər çatdı ki, Lenin zibilxanada yoxdur. Onlara xəbər vermişdilər ki, heykəlin daşı qiymətlidir və Şərulla müəllim satıb. Demokratlar yığışıb xüsusu mitinq keçirdilər. Katibə bəyanat yazdılar ki, ya heykəl yerinə qoyulmalıdır, ya da pulu bölünməlidir.

Axşam plenum çağırıldı. Plenumda təmsil olunan demokratlar rəhbərlikdən Şərulla müəllimin cəzalandırılmağını tələb edirdilər. Demokratlar iclasda özlərini sanki kommunistlər kimi aparırdılar. Onlar Lenini sanki öz doğmaları kimi müdafiə etdilər. Yığıncaqda linç olunan Şərulla müəllim istefa verib katiblikdən uzaqlaşdı.

Plenumun keçirildiyi binadan çıxan Şərulla müəllim uzaqlara baxıb ürəyində dedi: “Mən bilməzdim ki, biz tərəflərdə Leninin bu qədər qohum-əqrəbası var”.

Tahir Tahiroviç


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar