Biri var idi və o biri yenə də var olaraq qalır, qeyrətli insanların gözlərinə köçərək - VİDEO

12 Avqust 2020 12:25    665 Baxış   
Biri var idi və o biri yenə də var olaraq qalır, qeyrətli insanların gözlərinə köçərək -  VİDEO
Biri var idi, baxdığı adsız yüksəkliklər sevinirdi, biri var idi, çəkmələrində daim səngər tozu, səngər palçığı olardı, biri var idi bizə biri var idi-bir yox idi deyib nağıllar danışmırdı, ömrümüzü min bir gecənin qəhrəmanı kimi nağıl danışaraq yox, həyatı ilə şəhadət verərək uzatdı.

Şəhidlər ehtiyatda olan hərbçilərimizdir. Hərb meydanında bizi qələbəyə çəkən onların ruhudur. Vətən uğrunda ölən igidlər daha cəsur, daha dəliqanlı, olur – onlara elə özləri kimi bir komandir lazım idi. Əsgər, leytenant, mayor, polkovnik kimi hərbçi şəhidlərimiz var idi – General da özünü çox gözlətmədi! Şəhadətin mübarək, cənab general!

GENERAL POLAD HƏŞİMOV

Həşimov Polad İsrail oğlu 2 yanvar 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Qəbələ rayonunun Vəndam kəndindəndir.

Atası və anası Sumqayıt səhərində zavodda müxtəlif vəzifələrdə çalışıb. Poladgil ailədə 4 uşaq olub. Polad Həşimov orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli sonra isə 34 nömrəli məktəblərdə alıb.

Anası Səmayə Həşimova deyir ki, orta məktəbi əla qiymətlə bitirib. Atestatında bir dənə də olsun, 4 qiyməti olmayıb. Anasının arzusu ilə hüquqşunas olmağa hazırlaşırmış. Məktəbi bitirməyə az qalmış bir gün evə dönərkən anasına deyir, ana, mən hüququ oxumayacam. Hərbçi olacam. Anası ona qarabağda döyüşlər getdiyini deyir. O isə cavab verir. Olsun, onlar torpaqları verirlər, mənsə geri alacam.

Bobsley...

Beləliklə Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirir.

Cəbhə xətti boyunca, demək olar ki, bütün rayonların ərazisində müxtəlif vəzifıələrdə xidmət edir. Həyat yoldaşı Ofeliya Həşimovanın sözlərinə görə onlar yeni evləndikləri zaman leytenant Həşimov Murov dağda xidmət edirmiş. O, ailəsi ilə birgə daim xidmət göstərdiyi rayon ərazisində yaşayırmış.

Polad Həşimov 28 yaşında ailə qurub. Həyat yoldaşı Ofeliya Həşimova bu zaman magistraturanın ikinci kursunda oxuyurdu. Ofeliya xanım o günü belə xatırlayır:

“Hər ikimiz qərar verdik ki, öncə görüşüb danışmaq mütləqdir. Universitetin həyətinə gəldi. Gördüm ki, üzü nurlu, çox ədəbli isandır. Bir saata yaxın danışdıq, gözünü qaldırıb, üzümə baxmadı. Amma hərbçilərə məxsus məxfilik, sirr vardı cümlələrində. Açıq şəkildə dedim, yəqin bizim münasibətimiz alınmayacaq. Çünki anlaşa bilməyəcəyik. Siz çox sirli danışırsınız. Gəlin, elə hərəmiz öz yolumuza qayıdaq. Poladdan ayrılıb, geri qayıdanda, gördüm arxamca gəlir. "Yaxşı, bəlkə gedib, bir yerdə oturub söhbətimizə davam edək?" Həmin məqamda anladım ki, qarşısında hərbçi olmadığının fərqinə varıb və mənimlə münasibət qurmağı ürəkdən istəyir”

Qəhrəmanlar haqqında çoxlu əhvalatlar, bir müddət sonra əfsanələr yayılır. İndi isə sizə yalnız qəhrəmanımızın anası, yoldaşı və ən yaxın dostlarının dediklərindən danışırıq. Onun haqqında danışılan söhbətlərin bəziləri o qədər nadirdir ki, bəzən şişirdilmiş kimi görünür. Buna səbəb isə Polad Həşimovun özünün elə nadir insanlardan olması idi. Yoldaşının sözlərinə görə hər dəfə maaşını alanda evə bazarlıq etdikdən sonra yerdə qalan pulu götürüb geri qayıdırdı. Səbəb kimi əsgərlər üçün hamam, yol, kazarma tikdiyini göstərirmiş. Polad Həşimov Daşkəsəndə xidmət etdiyi zaman əsgərlər üçün kazarma tikib. Eyni zamanda bir neçə bölükdə hamam, yol, post qurub.

Hərbçi yoldaşı - on ilə qədər onunla bir yerdə xidmət edən, indi isə ehtiyatda olan polkovnik-leytenant Loğman Xanlarov deyir ki, Daşkəsəndə xidmətdə olanda onun apardığı əməliyyat nəticəsində bir post geri alınıb. Ardınca Polad Həşimov Bərdəyə xidmətə göndəriləndə hərbçi yoldaşları həmin posta “Polad” adı verib. Polad Həşimov bu hadisədən xəbər tutduqda, postun adının dəyişdirilməsini tələb edib.

Öz əmlakı olmadığı halda ona hədiyyə edilən mənzili şəhid ailəsinə hədiyyə edib. Bu əməlini ailəsindən də gizləyib. Anasının sözlərinə görə onlar bu hadisədən Polad Həşimov şəhid olduqdan sonra xəbər tutub.

Polad Həşimov 2003-cü ildə mayor rütbəsində Prezident Heydər Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılır.

Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talışkənd uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. Ailəsi bu gün də onun harasından yaralandığını bilmir, ümumiyyətlə o ailəsinə yaralanmadığını, hərəkət etdiyi zaman ayağını əzdiyini deyib.

2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor hərbi rütbəsi verilir. Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur.

General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən həlak olur. General iyulun 15-də II Fəxri Xiyabanda, onunla birlikdə şəhid olan polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunur.

Bir hərbçi düşünün, sərt həyat tərzi sürdüyü halda, Bethoveni dinləyir, Hüseyn Cavidin “İblis” əsərini oxuyur. Yeri gəlmişkən, “İblis” generalın bu həyatda oxuduğu sonuncu əsər olub, hətta əsəri bitirməyə belə macal tapmayıb. Burda da bir işarə axtarmağa dəyər...

1 qızı iki oğlu var. Qızı Aybənizin 16, oğlu Davudun 13, digər övladı Teymurun isə 9 yaşı var.

Bu gün Polad Həşimov haqqında mətbuatda dolğun məlumat tapmaq çətindir. Bütün məlumatlar onun şəhid olması və şəhidliyindən sonrakı proseslər haqqındadır. Çünki o sağlığında haqqında yazan bütün mətbuat orqanların zəng edib əvvəlcə təşəkkür edirdi, sonra isə şərtləşirdi, xahiş edirəm, haqqımda gedən materialın yayımını dayandırın, qələbə günü yenidən yayımlayarsınız.

Biri var idi və o biri yenə də var olaraq qalır. Təkcə pəncərələrdən, ekranlardan bizə gülümsəyən şəkillərilə deyil, qeyrətli insanların gözlərinə köçərək. Ölüm nədir ki, məsələn, qağayı hər dəfə dənizdəki əksini öpəndə bir balıq ölür. Ölüm sənin kimi adamların timsalında dəyər qazanır. Bir də, bu dünyada heç zaman ölümsüz şeylər var. Məsələn, sənin təbəssümün, miras qoyduğun əməllər kimi. Arzularını unutmayacağıq, cənab general. Həm də şərtinizi!


İdeya müəllifi: İlkin Mustafayev
Ssenari və aparıcı Serdar Amin
Montaj: Ferid Orucov
Dizayner: Hezret Mehdiyev



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar