Bizə sevinc yaşadanların yaşadıqları: "Əsgər özünü qumbaranın üstünə atdı”

24 Noyabr 2020 19:01    573 Baxış   
Bizə sevinc yaşadanların yaşadıqları:  "Əsgər özünü qumbaranın üstünə atdı”

Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Müharibənin bu mərhələsi tariximizə qızıl həriflərlə yazıldı.

Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Azərbaycan Prezidenti ən doğru zamanda ən doğru qərarı qəbul etməklə xalqımızın tarixi qələbəsini təmin etdi. Bu gün ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarılır.

Belə bir gündə ermənilərin işğalı altında olan torpaqlarımızın azadlıq sevincini yaşamaq, o yerlərə can atmaq nəinki, qarabağlıların, eləcə də, bütün azərbaycanlıların doğal haqqıdır.

Qazandığımız qələbənin, yer üzündə alnıaçıq, üzüağ gəzməyimiz fotolarda gördüyünüz bu igidlərin sayəsində baş tutub. Müharibə başlayan gündən əllərində silah ürəklərində vətən eşqi, gözlərində düşmənə nifrət bax, o gördüyünüz səngərlərdədirlər.
Hərbçlərdəki ruh yüksəkliyini ifadə etmək üçün onların aralarında zarafatları, bir-birinə qaygıkeşliyi, mehribanlğı görmək yetər. Sanki bir ailənin uşaqlarıdır, sanki on illərdi bir yerdədirlər. Əsgərlərdən kimin məcburi köçkün olduğunu soruşuram. Gözlərin hamısı uca boylu, gözlərində təbəssüm olan ağbəniz oğlana zillənir. Ağdam rayonun Əhmədavar kəndindən olan Nicat Mahmudov qəribə bir əda ilə “Da, mən qaşqın dəyiləm” deməsi ilə sanki bir qəhqəhə tufanı yaranır.

Ona gözaydınlığı veririk, tezliklə ailəsi ilə birlikdə yurduna dönməyi arzulayırıq. Nəinki Ağdamı, eləcə də Əhmədavarı ömründə görməyən əsgər Nicatdan Əhmədavar haqında soruşuruq: “Evdə o kənd haqda nə danışıblar, nə bilirsən kəndiniz haqqında?”

- Bizim evdə təkcə Əhmədavarın adı çəkilmirdi ki... Xıdırlı, Çuxurməhlə, Ağdam şəhəri də ailəmizdə heç kimin dilindən düşmürdü. Valideynlərimin yaşadığı Əhmədavar kəndi Ağdamdan Şuşaya, Xankəndiyə və Əsgərana gedən yolun üstündə yerləşirmiş . Onuda eşitmişəm ki, kəndində bir təpə var, ona “Başı kəsik” deyirlər. Rəvayətə görə bir padşahın övlad sarıdan bircə qızı var imiş. Bu qız nişanlanır, lakin nişandan sonra xəstələnib ölür. Padşah qızının nə qədər nişan qızılı var idisə hamısını qızıyla birgə həmin təpədə dəfn edir. Qəbrinin üstündə künbəz tikdirir, elə həmin vaxtdan o təpəyə “Başı kəsik” təpəsi deyirlər. İndi çox sevincliyəm ki, Ağdamın ümumilikdə Qarabağın azad olunmasında mənim də əməyim var, hətta mən kəndimizə ailəmizdən əvvəl gedəcəyəm, hamıdan əvvəl ancaq valideynlərimin söhbətlərində xəyal etdiyim kəndimizi ilk mən görəcəyəm. Bundan böyük sevinc olarmı?

Əsgərlərin “komandir” deyə müraciət etdikləri Elmar Məmmədov Ağdaş rayonunun Əmrah kəndindəndir. 3 övladı olduğunu, 2 aya yaxındır uşaqlarını görmədiyini söyləyir. Darıxdığını bilsəm də, yenə soruşuram:”

- Darıxıram, əlbəttə. Amma mən burda daha çox lazımam. Vətən çağırıb axı... “

-Komandir, səngərə gəlməmişdən əvvəl hansı peşədə çalışırdınız?

- İşsiziydim, bir köhnə avtomobilim vardı, onunla taksi fəaliyyəti göstərirdim. Gündəlik az da olsa, qazancım vardı.

-İndi övladlarınız, ailəniz nə ilə dolanır?

- Bilmirəm... neçə dəfə soruşmuşam, deyir narahat olma, hər şey yaxşıdı?

- Bəlkə pandemiya ilə əlaqədar onlara 190 manat ödəyiblər?

- Elə bir şey olsaydı, mənə deyərdilər... Amma xahiş edirəm, bu söhbətimizi yazmayın.. Yazılmalı o qədər mövzu var ki... Məsələn, bir dəfə manqanın uşaqları axşam saatlarında ocaq qalayıb kənarında qızınırdılar.. Hardasa 20 nəfər... Qəflətən, ermənilər düz ocağın içinə qumbara atdı. Əsgərlərdən balacaboylusu, bir az da zəifi olan bir əsgər dərhal özünü həmin qumbaranın üstünə atdı. Partlayış baş verməsiylə birgə əsgərin üzü-başı bir anda qana büləndi. Əsgər salamat idi, əynindəki “bronojilet” onu xilas eləmişdi və yaraları yüngül idi. O, 20-yə qədər əsgəri ölümdən qurtardı. Adını unutmuşam. Amma axtarıb tapıb sizə deyəcəyəm, gedin ondan yazın.
Komandir Elmar tarix yazan, xalqımıza sevinc bəxş edən əsgərlərin ad –soyadını da deməyi də unutmur:Vüqar Alməmmədov (Ucar-Bərgüşad kəndi),Vicay Əhmədli (Göyçay-Mırtı k.), Nurlan Abduləzizov (Şamaxı-Yenikənd k.), Azər Hüseynov (Yevlax- Hürüuşağı k.), Kamil Abbasov (Ağstafa- Poylu k.), Elvin Nəsirov (Ağdaş-Mürsəl k. ), Fərid Fərəcov (Yevlax-Xanabad k.), Məhəmməd Əsədov (Qəbələ şəhəri), Mustafa Həsənov (Bərdə- Mirzəxanlı k.), Dursunsərvər Bayramoğlu (Mesxeti türkü) - (Mingəçevir şəhəri) kimi igidlər 44 gündə əsl qəhrəmanlıq nümayiş etdirdilər - deyə vurguladılar.



Əntiqə Rəşid, “Ədalət” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar