BNA nələri və niyə "hərbi sirr" kimi gizlədir?

24 Dekabr 2021 19:34    671 Baxış   
BNA nələri və niyə "hərbi sirr" kimi gizlədir?

19 dekabrda 132 saylı marşrut avtobusunun sürücüsünün sükan arxasında siqaret çəkdiyi haqda yaydığımız məlumatdan sonra Bakı Nəqliyyat Agentliyi tədbir görüləcəyini desə də, sonradan “məlum” oldu ki, sübut yoxdur.

Hadisənin başvermə dəqiqəsi, yeri dəqiqliklə göstərilmişdi və avtobusda kameranın olduğu da BNA-ya bildirilmişdi. BNA-dan isə cavab verildi ki, kamera qeydlərində sürücünün siqaret çəkməsini əks etdirən görüntü mövcud deyil, gərək olayı müşahidə edən şikayətçi özü foto və yaxud video çəkərdi. Təbii olaraq sual yaranır: bəlkə, sürücü ilə sərnişin dava etməliydi? Yoxsa sürücüyə cərimə yazmaq da sərnişinin işidir?

Bu, o deməkdir ki, ya sərnişin daşıyan avtobusda quraşdırılmış kamera işləmir və ona görə qeydlər yoxdur, ya da BNA ümumiyyətlə özünə əziyyət verib o qeydləri axtarmağı lazım bilməyib. Çünki hətta avtobusda kamera olmasa belə, Təhlükəsiz Şəhər kameraları vasitəsilə sürücünün siqaret çəkdiyini açıq-aydın görmək olardı.

BNA sürücülərinə qarşı bəzi hallarda sərnişinlərin ədalətsizlik etdiyini də müşahidə edirik və BNA belə videoları dərhal yayır. Ancaq bu videolar heç vaxt “qabaqlayıcı” və yaxud maarifləndirici xarakter daşımır. Mütləq olay kriminallaşmalı, əndazədən çıxmalıdır ki, Bakı Nəqliyyat Agentliyi “araşdırma” aparsın.

Əgər o sürücü ilə də dava baş versəydi, BNA məsələni aydınlaşdıracaqdı.

Yəni bu qurumun şikayətləri araşdırmaq, tədbir görmək, sürücülərin məsuiyyətsiz hərəkətlərini dayandırmaq eyninə də deyil.

Agentlik artıq uzun müddətdir ki, Bakıda marşrutun normal işləməsi və intervalın tənzimlənməsi prosesinin öhdəsindən gələ bilmir. Xüsusilə səhər saatlarında, insanlar işə tələsərkən marşrut avtobuslarının gecikməsi probleminin aradan qaldırılması üçün ciddi tədbirlər əvəzinə yalnız ictimaiyyətə cavab hazırlamaqla məşğul olurlar: “Sıxlıqdır, tıxacdır, ona görə də marşrutlar gecikir”. BNA-nın vəzifəsi sıxlıq haqda məlumat yaymaq deyil, sıxlıq zamanı marşrutun hərəkətini təmin etməkdir və ümumiyyətlə, sıxlığın aradan qaldırılması üçün tədbirlər görməkdir. Bunu necə etmək lazım olduğu haqda indiyə qədər normal bir layihə həyata keçirməyibsə, bu, BNA rəhbərliyinin işinin öhdəsindən gəlməməsi deməkdir.

BNA - əslində, kifayət qədər böyük məsuliyyət daşıyan bir qurumdur və xüsusilə son vaxtlar marşrut xətlərinin özəl şirkətlərdən tədricən alınaraq, mərkəzləşdirilməsi prosesi bu yükü bir qədər də artırıb. Doğrudur, marşrut xətlərinin “tenderində” özünə aid olan şirkətin qalib olmasını əsaslandıran səbəblər də var. Ancaq bu rəqabətin ədalətli getdiyi və şəffaflığı təmin edilməlidir.

Hesabatlılıq, şəffaflıq bu qurumda ən çox çatışmayan cəhətdir. İllik dövriyyə, gəlir, dotasiya, alınan marşrutlar, yeni avtobusların qiyməti... – kimsə agentliyin belə bir müfəssəl hesabat verdiyini xatırlaya bilirmi?

Paytaxta gətirilən yeni marşrutların qiyməti sanki hərbi sirdir, ictimaiyyətə açıqlanmır. Hansı şirkətdən, neçəyə alınıb, hansı tenderlə, digər ölkələrdə neçəyədir, niyə məhz həmin şirkətdən alınıb – bilinmir. Bəs, vətəndaş hardan bilsin ki, siz avtobusların və yaxud onların detallarının gətirilməsində qiymətləri şişirrmirsiniz? Halbuki bu şübhələrə kifayət qədər ciddi əsaslar var.

BNA-ya dayanma-durma cərimələrinin yazılması da həvalə edilib və polisin bu funksiyası əlindən alınıb. BNA da bundan çox məharətlə istifadə edir: gözlənilmədən gecə ilə dayanma-durmanı qadağan edən yol nişanı bu və ya digər ərazidə peyda olur və sürücülərin total cərimələnməsi başlayır.

Bu nişanlar böyük həcmdə doğru tətbiq olunur, çünki dayanma-durmaya əməl etməyən sürücülər sıxlıq və tıxacların əsas səbəbkarlarıdır. Ancaq BNA yalnız qadağa nişanlarını qucağına alıb, şəhər boyu burdan-ora, ordan-bura daşımaqla məşğul olmamalıdır. Qadağa olunan yer varsa, sürücüyə alternativ də təqdim olunmalıdır. Bura qadağandırsa, “vətəndaş-sürücü” haqlı olaraq soruşur: maşını harda saxlayım? Qucağıma alıb, ofisə yerləşdirim?

Sürücülərə bu şərait yaradılmadan, yalnız qadağalar tətbiq etmək haqlı narazılığa yol açır: sanki qəsdən sürücülərdən cərimə toplanması məqsədi güdülür.

BNA açıqlayıbmı ki, hər ay dayanma-durmaya görə nə qədər cərimə yazılıb və bu cərimələr niyə belə sürətlə artır? Həmin cərimələrlə sərnişin daşımalardan əldə olunan gəlirlərin müqayisəsi verilibmi?

Əminik ki, BNA daşınma xərclərinin daha yüksək olduğunu, ancaq dövlətimizin sayəsində daha ucuz xidmət göstərdiyini deyəcək. Bəs, daşınma xərclərinə əlavə olaraq BNA-ya verilən səlahiyyət çərçivəsində quruma daxil olan gəlirlər niyə nəzərə alınmır? Yoxsa bu gəlirləri daha da artırmaq hədəfi ilə dayanma-durma nişanları Bakı boyu daşınır?

Agentliyin vəzifəsi xidmət etmək, yolların ötürücülük imkanlarını genişləndirməkdir. Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə hansı yeniliklərə imza atıb? Avtobus yolları çəkilir, buna nəzarət varmı? Avtobuslar o xətt boyu hərəkət edirmi? Yalnız işıqforlar arasında “tor” qurmaq kimi primitiv üsullarla bu problemin öhdəsindən gəlmək olmaz ki!

Mütəxəssislər, peşəkarlarla görüş və müzakirələr keçirilibmi? Təkliflər dinlənilibmi? Ümumiyyətlə, bu qurumun xidmət etmək kimi bir niyyəti var, yoxsa məqsəd yalnız fürsət düşmüşkən daha çox villa və avtomobilə sahib olmaqdır?

Şeyx Teymur
Axar.az


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar