Dominant.az Mirzə Sakitin yeni şeirini təqdim edir:
Qarşımda bənd qurulmuşdu, hündür bənddən keçmişəm mən,
Bənd altında fənd var idi, yarıb fənddən keçmişəm mən
Bir babanın belindəykən, zəndim məni aldatmadı,
Öz anamın bətnindəykən doğru zənddən keçmişəm mən
İblislərin kəndindəki xilafətdən cana doydum,
Xürrəmilər məskən salan nurlu kənddən keçmişəm mən
Beynimdəki işarətə hizmət yapıb hədəf seçdim,
Türküstana yol başlayıb Səmərqənddən keçmişəm mən
Məzlumların göz yaşından süfrə salıb - O süfrədə,
Ömrüm boyu zəhər yeyib şirin qənddən keçmişəm mən
Tanrım mənə bir əmanət ömür verdi, satıb yedim,
Doqquz milyon can xətrinə əmanətdən keçmişəm mən
Azadlığı sərhədləyib dəmir bənddən sədd çəkdilər,
Bir qələmlə üsyan çəkib yeddi səddən keçmişəm mən
Seyid Mirzə, cəsədindən çox zalımlar bəhrələnib,
Özgür ruhum min yaşasın, boş cəsəddən keçmişəm mən...