“Bu abidə Mədəniyyət Nazirliyi tərəfindən dağıdılır” - VİDEO

16 Sentyabr 2020 12:06    504 Baxış   
“Bu abidə Mədəniyyət Nazirliyi tərəfindən dağıdılır” -  VİDEO
Xaçmazın girişində bər-bəzəkli tarix qarşılayır adamı. Son bir neçə ildə düzüb-qoşublar. Heykəlləri, tarixi abidələrin, orta əsrlərə aid silahların maketlərini görəndə ümidlənirsən. Düşünürsən ki, bir parka bu qədər pul töküb içində saxta tarix düzəldiblərsə, gör gerçək abidələrə diqqət hansı səviyyədədir.

Ancaq park adı qoyulan bu pul qəbirstanlığından cəmi 3-4 kilometr aralıda yerləşən, qədim Şıxlar kəndinə girən kimi o yeni doğulan ümidlər qara tapınaq cəngavərlərinin tapdağı altında can verir. Səlib yürüşlərinin hələ də davam etdiyini anlayırsan.

Ən yaxşısı, tariximizə qarşı bu görünməz müharibənin detallarını göstərək, özünüz baxın.


Xaçmazda rəsmi qeydiyyata alınmış 60-dan çox tarix və mədəniyyət abidəsi var. Hamısının da üstünə bəzəkli şriftlə yazılıb ki, Mədəniyyət Nazirliyi tərəfindən qorunur. Amma abidələrə baxanda anlayırsan ki, bu lövhələrdə nəsə yanlışlıq var. Bizim aidiyyatı qurumlar “qorumaq” sözündən yanlış nəticə çıxardır. Əslində lövhəyə belə yazılmalıdır: “Bu abidə Mədəniyyət Nazirliyi tərəfindən dağıdılır”.

Xaçmaz rayonunda səfərdə olarkən çəkdiyimiz bir neçə abidənin ikisindən söz açacağıq.

Şeyx Yusif türbəsi Şıxlar kəndində yerləşir.

XIV-XV əsrə aid edilən bu türbə Azərbaycanda geniş yayılmış xəlvəti təriqətinin Seyid Yəhya Bakuvidən sonrakı siması, onun müridi və davamçısı Mövlanə Şeyx Molla Yusif Müskürinin əbədi məskunlaşdığı yerdir. Türbənin həyətinə girəndə ayaqqabını çıxartmalısan. Yerə sərilmiş kilim sənə istiqamət verir. Yaşıl rəngli, ağzı qıfıllı nəzir qutusunun yanından keçib türbənin içinə girirsən. Alaqaranlıqdı, bir az da vahiməli. İç-içə iki otaqdan ibarətdir.

Günbəzin altındakı əsas otaqda Şeyx Yusif və xanımı, digər otaqda isə müridləri uyuyur. Kimlikləri bəlli deyil. Sadəcə birinin Mövlanə Şeyx Yusif oğlu Məhəmməd Əminin məzarı olduğu bilinir.

Türbənin həyətində də bir neçə məzar var. Xüsusi ornamentli, hündür başdaşlarının üzərindəki yazılar qəbirlərin təriqət mürşidinin doğmalarına aid olmasından soraq verir. Həmin yazılardan məlum olur ki, görkəmli Azərbaycan filosofu, alimi Şeyx Yusifin digər övladları və nəvələri də şeyxlik titulu qazanıb, onun nəzəriyyəsini Qarabağdan Şirvana, Şirvandan Qubaya qədər digər ərazilərdə də təbliğ ediblər.

Yaxınlıqdakı meşənin içərisində daha bir türbənin bünövrəsinə, ətrafında isə hündür, qədim məzar daşlarına rast gəlinir. Sakinlər buranın Mövlanə Yusifin qardaşı Şeyx Qasımın ziyarətgahı olduğunu söyləyirlər.

Şeyx Yusif Müskürinin türbəsi bir dəfə yandırılıb. Qısa vaxt sonra bərpa olunub.
İndi nəinki Azərbaycandan, hətta Dağıstandan da bura ziyarətçilər gəlir. Nəzir-niyaz verir, arzularını, diləklərini pıçıldayıb gedirlər. Türbənin həyətindəki niyyət ağacına bağlanan parçaların çoxluğundan da xeyli sayda ziyarətçinin gəldiyi bəlli olur.

Bir də həyətdə çox sayda xırda daş qalaqları diqqət çəkir. Yaxınlaşanda görürsən ki, bunlar sıradan daş yığını deyil. Sən demə, insanlar bu daşları üst-üst qoymaqla arzuladıqları evin formasını yaradırlar. İnanca görə, daşlar anında uçmasa, istədiyin kimi evə sahib olacaqsan. Əvvəllər insanlar balaca evlər tikirmişlər. Amma indi düzülən daşlara baxanda məlum olur ki, hamı nazirlərin villalarından arzulayır. Hətta bu maket villaların həyətində ərinməyib hovuz düzəldənlər də var. Ən maraqlısı da budur ki, yaxınlıqda daş az olduğundan, özlərini əziyyətə verib kənardan daşımırlar. Əvvəlki ziyarətçinin düzəltdiyi evi dağıdıb, daşlarından öz niyyət etdiyi villanı qururlar. Beləcə, nə qədər böyük villa niyyət etsən, o qədər çox ev dağıtmalı olursan.

Bura isə həmin Şeyx Yusifin məscididir. Kəndin içindədir. Deyilənə görə, əsası şeyxin özü tərəfindən qoyulub. Onu digər məscidlərdən fərqləndirən bir özəlliyi var. Təkbir gətirdikdə səsin özünə qayıdır. Amma indi daşı daş üstündə durmur. Sökülən yerlərinə daş qoymaq istəsən də, anındaca uçur.

Sakinlər yüz illəri yola salmış bu tarixi abidənin uçmaması üçün damını örtüblər, amma indi o da sıradan çıxıb. Qapısı çürüyüb Allah evinin. Əl vurduqca ovxalanıb tökülür. Pəncərələrinə isə dəmir barbaqlıqlar vurulub. Qapı yox, pəncərə barmaqlıqlı...

Uzun illərdi azan səsi eşidilməyən Şeyx Yusif məscidi sahibsiz heyvanların yuvasına çevrilib. Ömrü boyu xəlvətilik kimi önəmli bir dini-fəlsəfi dünyagörüşünü yayan müqəddəs mövlananın uyuduğu türbəni yüz illərdi qoruyur, tikdiyi məscidi dağıdırıq. Nə yaşıl kilimi var, nə də Mədəniyyət Nazirliyinin lövhəsi. Anlayırsan ki, həyətində yaşıl qutusu yoxdu deyə, baxanı da yoxdu.

Yəqin, elə buna görə, duaların qəbulu da, möcüzələr də məscidin içərisində yox, damında baş verir.

Özü can üstündə olan Allah evinin uçuq-sökük damında iki həyat başlayıb. İki yaşıl doğulub, göyə doğru uzanır. Dini kitablarda müqəddəs buyrulan iki ağac: Biri üzüm, digəri əncir... Sanki bizdən qaçıb, gəldikləri yerə - cənnətə getmək istəyirlər...

“BakuPost”


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar