Budəfəki qış imtahan sessiyası tələbələr üçün çətin keçəcək - Ekspert

16 Dekabr 2021 10:35    314 Baxış   
Budəfəki qış imtahan sessiyası tələbələr üçün çətin keçəcək -  Ekspert

Təhsil naziri Emin Əmrullayev ali və orta ixtisas təhsili müəssisələrində 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmr imzalayıb. Əmrə əsasən, sözügedən təhsil müəssisələrində cari tədris ilinin payız semestrinin imtahan sessiyası 3 yanvar 2022-ci il tarixindən əyani formada təşkil ediləcək.

Pandemiya səbəbindən uzun müddət online formada keçirilən imtahanların yenidən ənənəvi formaya qayıtması tələbələrə hansısa çətinliklər yarada bilər?

Təhsil eksperti Kamran Əsədov məsələni Modern.az-a şərh edərkən bildirib ki, online imtahan keçiriləndə tələbələr kənardan kömək alır, bəzən müəllimlər ciddi şəkildə güzəşt etdiyi üçün hazırda ənənəvi formada imtahanın keçirilməsi ciddi çətinliklər yaradacaq:

“İlk növbədə qeyd edim ki, 2020-ci ilin mart ayından etibarən Azərbaycanda tədris prosesi məsafədən təşkil edilməyə başladı. Bu addımın atılması da zəruri idi. Təhsil müəssisələrində kifayət qədər böyük sayda insan olur. Bu qədər insanın aktiv hərəkət etməsi birmənalı şəkildə yoluxmaya öz təsirini göstərəcəkdi.

Bu səbəbdən 2020-ci ilin yaz imtahan sessiyası ənənəvi qaydada yox, məsafədən təşkil edildi. Bu da özü ilə müəyyən problemlər gətirmişdi. Bunun müsbət cəhəti ondan ibarət idi ki, Azərbaycan təhsil sisteminin elektronlaşması ilə təhsil verənlər alətlərdən istifadə edərək tədrisi təşkil etmək bacarıqlarına yiyələndilər. Və nəticədə tələbələrin əksəriyyəti ənənəvi qaydada yox, online rejimdə keçirilən imtahanlara adaptasiya oldular.

Birmənalı şəkildə qeyd edim ki, ali təhsil müəssisələrində imtahan sessiyasının yenidən ənənəviyə qayıtması özündə müəyyən problemlər yaradacaq. Etiraf edək ki, tədrisin online rejimdə təşkil olunmasından müəyyən qədər sui-istifadə edənlər vardı. Yəni tələbələr kənardan kömək alırdılar, bəzən müəllimlər ciddi şəkildə güzəşt edirdi. Amma bu keyfiyyətli təhsil deyildi”.


Təhsil eksperti yeni imtahan sessiyasında tələbələrin fiziki və psixoloji vəziyyətini nəzarətdə saxlamağn vacibliyini vurğulayıb:


“Artıq yenidən ənənəvi tədrisə qayıdırıq. Yanvar ayının 3-dən etibarən ali təhsil müəssisələrində imtahan sessiyası başlayır.

Hesab edirəm ki, ən vacib məqamlardan biri imtahan sessiyasının təşkili ilə bağlıdır. Qeyd edim ki, əvvəlki ənənəvi qaydada imtahanlara nisbətdə bu il tələbələrdə müəyyən qədər çətinliklər olacaq. Yazılı formada imtahanlara keçid tələbələrdə adaptasiya problemi yaradacağı üçün ali təhsil müəssisələrindən bu məsələdə müəyyən qədər anlayışlı davranmaqlarını tövsiyə edirik. Xüsusi ilə illik yekun qiymətləndirmə zamanı tələbələrin uzun müddətdən sonra ənənəvi tədrisə keçdikləri zaman yaşadıqları psixoloji gərginliklər nəzərə alınmalıdır”.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar