Cəbhədən məktub var - "Amalımız, düşüncəmiz ancaq irəli getməkdir"

26 Sentyabr 2020 16:52    784 Baxış   
Cəbhədən məktub var -  "Amalımız, düşüncəmiz ancaq irəli getməkdir"
Yaxın günlərdə bizim qrup yoldaşımız, dostumuz-qardaşımızı da səfərbərliyə cəlb etdilər. Sağlıq sorunlarına və 52 yaşda olmasına baxmayaraq, sevinərək, hətta qaça-qaça getdi. Heç 3 gün keçməmiş adam artıq cəbhə bölgəsinin cənub müdafiə xəttindədir. Təbii ki, smartfona icazə yoxdur və əlaqə kəsildi. Amma şükür tanrıya ki, keçmiş hərbçi dostlarımız və veteran döyüşçülər vasitəsilə əlaqə qura bildik. Adam (məlum səbəblərdən adının çəkilməsini istəmir) aşağıdakıları bizə çatdırdı:

“Salam, mənim əziz və hormətli tələbə yoldaslarım. Görürəm, mənə görə çox narahatsınız, sizi başa düşürəm, amma məndən ötrü narahat olmayın. Bu bir şərəfli yoldur, bunu mən bir dəfə keçmişəm və ikinci dəfə də keçməyi Allah mənə qismət elədi. Hal-hazırda mənim üçün hər sey keçib ikinci plana. Ev, ailə, qohum-əqrəba, sizlər. Amalımız, düşüncəmiz ancaq irəli getməkdir.

Bura elə bir yerdir ki, aramızda bunu görənlər yaxsı bilər, hər şeyi unudursan. İnanın mənə, burda hər gun posta gedən cavan uşaqlara baxanda adam istəyir, onların əlindən silahi alıb ozu getsin. Onları öz övladın kimi görürsən və istəmirsən ki, o uşaqlar savaşa getsin. Gərək biz gedək, onlar qalsın, getməsin. Axı onlar hələ nə görüblər bu həyatda.

Mən hal-hazırda axırıncı nöqtələrdən birindəyəm, məndən ötrü heç narahat olmayın, Allah qoysa sağ-salamat qayıdarıq, inşallah. Mənlə maraqlanan hər bir kəsə öz dərin təşəkkürumu bildirirəm. Çox sağ olun.

Görüsmək umidi ilə.”

Adətən belə mövzulara girmirəm. Amma bu məktubu ona görə paylaşıram ki, orduda ruh yüksəkliyi var, özünə inam var, qida təchizatı mükəmməl, demək olar, hər şey yüksək səviyyədədir. Çatışmayan tək şey var - “İrəli” əmri. Sıravi əsgərin Qarabağı yuxarıdan aşağı şumlayacağımıza şübhəsi yoxdur. İçimizdəki xainləri təmizləsək, Ordumuzun qarşısında heç kim dura bilməz. Heç kim.

Müşfiq Hüseynov, həkim-farmakoloq



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar