Cəbhənin əsas istiqamətlərindəki son vəziyyət - Düşmənin bel sütunu artıq sınıb

26 Oktyabr 2020 10:24    2720 Baxış   
Cəbhənin əsas istiqamətlərindəki son vəziyyət -  Düşmənin bel sütunu artıq sınıb

Bu gecə səhərədək cəbhənin bütün istiqamətlərinldə intensiv döyüşlər olub.

Qubadlı şəhərinin azad olunmasından çılğına dönən düşmən əks-hücuma keçsə də, ağır zərbələrlə geri oturdulub.

Dünən və gecə saatları Ermənistan Silahlı Qüvvələrinin taktikasında yenilik etməsi ilə müşahidə olunub. Belə ki, düşmən Ermənistan istehsalı olan zərbə döyüş dronlarından istifadə edir. Belə drondan istifadə ilə bağlı ilk video yayılıb.

Bundan başqa, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasınnın (Gümrü) hərbçilərinin bir qisminin Ermənistan-Azərbaycan sərhədinə toplaşması ermənilərə 4 minə yaxın hərbçisinin sərhəddən ayıraraq döyüşlərə yollamağa imkan verib.

Qırmızı Bazar və Laçın istiqamətlərində xüsusilə ağır döyüşlər gedir.

Əvvəllər dəfələrlə yazdığım və xəbərdar etdiyim kimi, Dağlıq Qarabağda ordumuzu çətin döyüşlər gözləyirdi.

Belə də oldu: Ermənistanın nizami hərbi birləşmələri ilə yanaşı, qarabağlı ermənilərin partizan-diversiya birləşmələri döyüşlərə qoşulub.

Hadrut, Ağdərə, Qubadlı, Laçın, Kəlbəcər, Zəngilan, Ağdam, Xocalı, Əsgəran istiqamətlərdə belə ermənilərin toplam sayı təqribən 6400 nəfəri keçib.

Cəbhənin əsas istiqamətlərindəki situasiyaya nəzər salaq:

✅ AĞDƏRƏ İSTİQAMƏTİ. Burada vəziyyət stabil ciddi olaraq qalır. Kiçik Qarabəy və Ulu Qarabəy kəndlərinin arasındakı ərazidə Ermənistandan gətirilmiş yeni motoatıcı alayın müdafiə konstruktları, istehkamları və atış nöqtələri qurulmağa başlayıb.

Həsənriz-Umudlu-Çardaqlı istiqamətində trassoblindajlar yenilənir, haubits toplarının mövqeləri qurulur.

Qozlu-Çərəkdar-Bağlıpəyə istiqamətində düşmənin reaktiv artilleriya qurğularının toplaşması istisna deyil.

Ağdərə şəhərinə gəldikdə isə, bu yaşayış məntəqəsindəki düşmənin Müdafiə Rayonunun Seysulan-Şıxarx istiqamətdən taktiki üstünlük zərbələrinə məruz qoyulması hazırda məqbul variantlar sırasındadır.

✅ AĞDAM İSTİQAMƏTİ. Şıxbabalı və Bağbanlar istiqamətlərində düşmənin eşelonlaşmış fortifikasiya sistemlərinin, müdafiə istehkamlarının dağıdılmasına ciddi zərurət duyulur.

Belə olarsa, Qaradağlı-Xıdırlı qövsü formalaşar və klassik "kisə" yox, bir qədər yenilənmiş "üzük" taktikasından yararlanaraq düşmənin eyni vaxtda 2 Müdafiə Rayonunu zəiflətmək mümkün olar.

Novruzlu-Şıxbabalı istiqamətdə konusvari taktiki operativ teatr yarandığından, mobil qruplar vasitəsilə "ikiqat qapqan"ın bazisi formalaşandan sonra düşmən fasiləsiz kiçik intensivliyi hücumlarla ətalətə məhkum edilərək onun cinahlardan operativ reaksiyasının qarşısı alınar.

Daha sadə desəm, 1942-ci ildə Stalinqrad yaxınlığında nasistlərin 6-cı Ordusuna qarşı tətbiq olunmuş taktika köhnə olsa da, işləkdir.

✅ QUBADLI-LAÇIN İSTİQAMƏTİ. Bu məkanda düşmənin artilleriya batareyaları xüsusi problem yaradır. Düşmənin ön xətlərinə frontal hücumlar effektiv deyil.

Çünki burada Ermənistan ordusunun yaxşı möhkəmləndirilmiş mövqelərində MT-12 "Rapira" tank əleyhinə topları, "Msta-2" özüyeriyən artilleriya qurğuları, 152 mm çaplı "Akasiya" artilleriya qurğusu, 2B9 "Vasilyok" avtomatik minaatanları və s. var.

Eyni zamanda, Ermənistandan 125 mm-lik 2A45M "Sprut" və 152 mm-lik 2A62 "Pat-B" toplarının da gətirildiyi iddia olunur.

Laçının müdafiəsinə bilavasitə Ermənistanın müdafiə naziri David Tonoyanın başçılıq etdiyini xatırladım. Yəni düşmən burada sonadək döyüşmək, əsla geri çəkilməmək niyyətindədir.

Ona görə də düşmən mövqelərinin dağıdılması və zərərsizləşdirilməsi üçün cəbhə aviasiyasından istifadə şərt halını alır.

✅ FÜZULİ-XOCAVƏND-XOCALI-ƏSGƏRAN İSTİQAMƏTİ. Burada da vəziyyət sadə deyil. Naxçıvanlı-Qasımlı-Xanabad-Seyidbəyli istiqamətində düşmənin 4 cərgədən ibarət frontal eşelonlaşmış müdafiə istehkamları xətti var. Həmin xətt uzaqvuran artilleriya, reaktiv artilleriya sistemləri ilə vurulur.

Burada düşmənin hiyləgərliyi yüksəkliklərdəki müşahidə-dayaq məntəqələrinin arxasında "əks skat" tipli səngərlər sistemini qurmasıdır. Yəni burada mina sahələri, tank əleyhinə çuxurlar, iri "skat"lı səngərlər və s. var.

Düşmən həmin xətlərin tank hücumu ilə yarılacağına ümid edir. Bunu əsla etmək olmaz, çünki frontal tank hücumu olarsa, ermənilər mütləq şəkildə tank əleyhinə raket qurğularından istifadə edəcəklər.

Gecə döyüşlərinin yekunu, əməliyyatların taktiki-strateji təhlili göstərir ki, düşmənin bel sütunu artıq sınıb.

Ləngliyə əsla yol vermək olmaz. Astagəllik əleyhimizə işləyir, çünki Ermənistan bütün vasitələri işə salaraq Qərbi Azərbaycana qarşı qoymağa çalışır. Buna yol verməmək üçün soyuqqanlı, düşünülmüş və rasional şəkildə düşmənin başını əzməliyik.

Qələbə bizimdir.

Elçin Alıoğlu



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar