Cənnət xala Məşədikazımını arzulayan kimi, xalq da Səhiyyə Nazirliyindən imdad diləyəcək

27 İyul 2020 12:13    386 Baxış   
Cənnət xala Məşədikazımını arzulayan kimi, xalq da Səhiyyə Nazirliyindən imdad diləyəcək
Yadınızdadır, bir ara ölkədə koronavirusa yoluxma sayı durmadan artırdı. O zaman TƏBİB rəhbərliyi və sözçüsü efirdən xalqı məsuliyyətsizlikdə günahlandırırdı. Tribunadan elə danışdılar ki, sanki xalq bunlar üçün oyuncaqdı. Halbuki öz ayıblarına özləri kor ola bilmədilər.

Verdikləri əndirəbadi qərarlar sayəsində ölkədə koronavirusa yoluxanların sayını da artırdılar, xalqı da borclu çıxardılar. Buna misal olaraq, şənbə-bazar qadağasını çəkə bilərik. Bütün bunlara hökumət tərəfindən güzəşt edildi və TƏBİB rəhbərliyinin bu günahını yeni qurumun təcrübəsizliyinə bağışladılar. Amma ölkə səhiyyəsinin etibar edildiyi TƏBİB rəhbərliyi bundan dərs çıxarmadı. Növbəti və bağışlanmaz səhvini etdi.

Söhbət 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən yanlış məlumatdan gedir. TƏBİB açıqladı ki, göndərilən məlumatlarda texniki xəta ilə əlaqədar yanlışlıq olub. Qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərə çağırış edilərək, rica edildi ki, testin nəticəsini nəzərə almasınlar. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bidirildi ki, 27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək.

Edilən məsuliyyətsizliyə, insanların hissləri ilə oynamasına görə TƏBİB rəhbərliyi, qurumun sözçülərindən kimsə xalqdan üzr istəmədi. Sanki elə belə də olmalıymış. Görünənsə budur ki, bu gedişlə TƏBİB nəinki üzr istəyəcək, hətta öz səhvinə görə əvvəlki kimi yenə camaatı borclu çıxaracaq!

Qaynana filminin sonunda Cənnət xala (Nəsibə Zeynalova) Məşədi Kazımın portretinin qarşısında göz yaşı tökərək, "Hardasan, hardasan, ay Məşədikazım, gəl-gör Cənnətinin nə cəlalı var?!", - deyir. İndi TƏBİB-in bu əməlindən sonra qorxaq ki, xalq, Cənnət xalanın Məşədikazımı arzuladığı kimi, onsuz da bir yaraya dərman olmayan Səhiyyə Nazirliyini arzulasın...

Nurlan Hüseyn



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar