Deputatdan ABŞ və ATƏT-ə etiraz: “Bu, həyasızlığın son həddidir”

24 İyul 2021 18:20    696 Baxış   
Deputatdan ABŞ və ATƏT-ə etiraz:  “Bu, həyasızlığın son həddidir”

"Hər iki qurumun açıqlaması, əslində, onların özünü gülünc vəziyyətdə qoyur. ATƏT-in Minsk qrupunun açıqlamasına diqqət edin: “Biz tərəfləri sakitliyə və təmkinli olmağa çağırır, təxribatçı addımlardan çəkinməyə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin bayrağı altında tezliklə danışıqlara qayıtmağa çağırırıq”. Yenə tərəfləri eyniləşdirmək, yenə ikili standart. Son 28 ildə eşitdiyimiz “bəyanatları” sözbəsöz təkrarı".

Dominant.az xəbər verir ki, bunu deputat Əziz Ələkbərli ATƏT-in Minsk qrupu və ABŞ-ın Dövlət Departamentinin Azərbaycan-Ermənistan sərhədində qeydə alınan gərginliklə bağlı yaydığı açıqlamalarına münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, Azərbaycan ərazilərinin işğalının 30 il uzadılmasına xidmət edən və fəaliyyət göstərdiyi 28 il ərzində işğal altındakı torpaqlarımızda törədilən erməni vandallığına, yaşayış məntəqələrinin, abidələrin, qəbiristanlıqların yer üzündən silinməsinə göz yummaqla bu prosesə rəvac verən “ATƏT” dediyimiz bu qurum bütün bu əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmaq əvəzinə, hələ bir “həmsədrlərin bayrağı altında” bizi danışıqlara qayıtmağa çağırır:

"Buna həyasızlığın son həddi deyirlər. Dişi-dırnağı ilə açıq-aşkar erməni faşizmini dəstəkləyən Fransanın bayrağı altında Azərbaycanı danışıqlara dəvət etmək siyasi şizofreniya əlamətindən başqa bir şey deyil. O ki qaldı ABŞ-ın Dövlət Departamentinin açıqlamasına, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəflərlə dünyaya bəyan etsə də ki, Dağlıq Qarabağ anlayışı artıq siyasi leksikondan çıxarılmalıdır, Azərbaycanda belə bir ərazi-inzibati bölgü yoxdur və bu münaqişə artıq bitmişdir, ABŞ-ın Dövlət Departamenti öz açıqlamasında yenə “Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həlli”ndən danışır. Mənə elə gəlir ki, belə mövqeləri ilə həm ATƏT, həm də ABŞ Dövlət Departamenti bir daha təsdiq edirlər ki, Cənubi Qafqazda indiki regional geopolitik reallıqda mövqe sərgiləməyə hələ hazır deyillər, hazır olmaları üçün zamana ehtiyacları var".

(modern.az)




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar