Dövlət olaraq torpaqlarımızı işğaldan azad etməyə tam haqqımız var!

29 Sentyabr 2020 00:35    466 Baxış   
Dövlət olaraq torpaqlarımızı işğaldan azad etməyə tam haqqımız var!
Biz millət olaraq, tariximizdə saysız-hesabsız savaşlar yaşamışıq. Amma 20-ci əsrdə Anadoluda yaşanan Çanaqqala savaşı, Azərbaycanda 1920-ci ildə baş verən Gəncə üsyanı millətimizin spesifik bir xarakterini ortaya qoydu.

Heç bir dövlətin, heç bir ordunun, heç bir silahın Vətən sevgisindən daha güclü olmadığını göstərdi bizə.

İstər bir neçə ölkənin Türk Millətinə qarşı Çanaqqalada apardığı imperialist işğal siyasətinə qarşı olan milli dirəniş ruhunun, istər sovet işğalına qarşı istiqlal mücahidlərinin və Xalq Cümhuriyyəti ordusunun zabitlərinin Gəncədə başlatdıqları xalq üsyanının kökündə bir millətin dirilişinin, oyanışının, milli duruşunun vətənsevərlik sayəsində olduğunu görürük.

Lakin 2-ci Respublikanın quruluşundan bir müddət sonra isə millətçilik ideyalarına xor baxıldı, demokratik prinsiplərlə boş dünyəvi vətəndaşlıq- kosmolitik ideyası qarışdırıldı. Biz deyəndə ki, milli ideologiya hər bir dövlətin təməl daşıdır, bizi anlamayanlar tapıldı, liberal dəyərlərə qarşı çıxırsınız , - deyə ittiham edənlər oldu. Buyurun, baxın, bu da nəticə. Bizim qanımıza susayanları "bəşəri, insani dəyərlər" adı altında bağıraraq müdafiə edən gənclər peyda olubdur.

Biz aylardır, həm yazılarımızda, həm teleçıxışlarımızda məhz bugünki günə görə deyirdik ki, belə bir münaqişəyə cəlb olunmuş, müharibə vəziyyətində olan ölkənin gəncləri milli ideoloji ruhda siyasi tərbiyə almalıdırlar. Məhz bu səbəbdən də cəmiyyətdə hər zaman milli ideologiya aparıcı olmalıdır.

Uydurulmuş saxta tarixlə süni gənclik yetişir, süni gənclik isə əcnəbini böyüyü bilən, işğalçının əlini öpən, böyüdükcə də qul təffəkkürlü tarixçi, siyasətçi, yazar olur.

Müasirləşməklə milli kimliyin qorunmasının bir arada olması - demokratiya və milli azadlıqdır. Bir millətin var olması üçün hər iki fikrin bir arada gerçəkləşməsi labüddür.

Millət sevdası olmayan yerdə azadlıq və demokratiya fikri də irreal görünür.

Və unutmayaq ki, gerçəyə sayğısı olmayanın heç bir şeyə sayğısı olmaz. Gerçəksə budur ki, torpaqlarımız işğal olunub, insanlarımız terrora məruz qalıb və bizim dövlət olaraq torpaqlarımızı işğaldan azad etməyə, terrorçuları məhv etməyə tam haqqımız var!

Tanrı Ordumuzu qorusun!

Anar Əsədli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar