Dünyanı qadınlara verin qiyamətə qədər

08 Avqust 2020 11:07    515 Baxış   
Dünyanı qadınlara verin qiyamətə qədər
Dominant.az şair Hafiz Hacxəlilin şeirlərini təqdim edir.


Dəniz, bu payız da səni tək qoyub gedəcəm uzaqlara.
Mən atalı-analı bir yetim,
Sən böyük okeanların qoyub getdiyi,
yanağından qan əvəzinə neft damdığı
kür bir uşaq.
Bilirəm, bağışlamayacan məni.
Bilirəm.
O sahildə gözünü yumub, bu sahildə məni tapmaq
istəyən dalğaların qayalara həkk olan şəklimə
şıram atacaq.
Dəniz,
sahilində oturub ağlamayacam daha.
Kasıb balıqlara sonuncu yol pulumu atmayacam.
Sonuncu kərə gülümsəyəcəm üzünə,
sonuncu kərə duzlu gözlərindən öpəcəm.
Sonbeşik dalğanı alacam qucağıma öz balam kimi.
Unutma məni dəniz, unutma.
Qoynunda can verən balıqçılara başdaşı qoy
son xatirəmi.
Qağayıları dilə tut, getdiyimi bilməsinlər.
Sən Allah onları incitmə.
Mən getdim, dəniz,
Sən bu şəhərdən getmə.

Sənin pəncərən

Yuyulmur pərdəsi də,
Gözdən düşüb pəncərən.
Hər yerini toz basıb,
Daha deyil sən görən.

Barmağının izini,
Şahid kimi saxlayıb.
Sən gəlin köçən günü.
Hönkür-hönkür ağlayıb.

Canı taxta olsa da,
Yaddaşı var onun da.
Üstünə kədər qonar,
Ağ göyərçin donunda.

Nə halına acıyan,
Nə dərdini bilən var.
Nə könlünü oxşayan,
Nə gözünü silən var.

Neçə-neçə xatirə,
Şəkillənib gözündə.
Son gəlinlik şəkilin
Donub qalıb üzündə.

Baxar dilsiz yollara,
Baxar boynu bükülü.
Həsrətini çəkməkdən
Rəngi vaxtsız tökülüb.

Məni unutmağına,
Nə deyim, bəlkə haqdı.
O dilsiz pəncərəni
Unutmağın günahdı.

***
Dünyanı qadınlara verin qiyamətə qədər.
Onda hər şey dəyişəcək.
Qurd quzuyla otlayacaq.
Nə dinlər döyüşəcək,
Nə də dillər.
Ağlar qaraları, qaralar ağları sevəcək.
Qurana Allahın kitabıdır deyib, sarılacaq Terri Cons.
Anası olmuş Bin laden kabusuna çevrilməyəcək Avropanın.
Amerikanın uydurma qəhrəmanları,
Özünün yaratdığı terrorçuları dünyaya qan uddurmayacaq.
Fələstində məni öldürmə deyən bir körpəni yahudu əsgəri alacaq qucağına
Oz balası kimi.
Allahdan qorxuram deyib.
Biz qan tökdük, qan içdik,
Kişilər, dünyanı qadınlara verək.

GÖZLƏRİN

Üzün şehə batmış yaz çiçəyidi,
Nazınnan oynayır arı gözlərin.
Sən başdan-ayağa gülüstansanmış.
Sarısı, yaşılı, alı gözlərin.

Deyirlər, uzadır məhəbbət ömrü,
Yarı yolda qoyur xəyanət ömrü.
Allahın verdiyi əmanət ömrü
Yarı sən alırsan, yarı gözlərin.

Sevgi çox dərdlərin əlacı oldu,
Mən sevirəm dedim, nə acı oldu.
Yorğun baxışlarım araçı oldu
Anlaya bilsəydi barı gözlərin.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar