"Dünyanın teatra çevrildiyi bir vaxtda bizə teatr lazımdır?"

02 Sentyabr 2020 15:20    484 Baxış   
 "Dünyanın teatra çevrildiyi bir vaxtda bizə teatr lazımdır?"
Teatr terminləri üçün darıxanlardansınız? Mən də!

Uzun müddətdir ki, amfiteatr, loja, parter, benuar, pritça, parter, amplua, absurd tamaşa, anşlaq, kulis, improvizasiya, etüd, dublyor, dirijor, deklamasiya, monoloq, debüt, premyera, butafor, benefis, arioza, ariya, qarderob, qastrol, qrim, opera, operetta, libretto, rejissor, rejissor assistenti, melodrama, uvertura, mizanqurma, monoloq, repertuar, müzıkl, orkestr çökəyi, paduqa, pantomima, parodiya, pesonaj, rekvizit, repetitsiya, replika, resenziya, dekor, bariton, soprano, suflyor, süjet, kompozisiya, komediya, dram, tragediya, tragikomik situasiya, tərəf-müqabil, truppa, tryuk, virtuoz, vestibül, dublyor, vokal, yumor, parodiya, xormeyster, baletmeyster, konsertmeyster və s. sözlərini eşitmirik...

Ömrünüzdə heç olmasa, bircə dəfə də olsa, teatra gedib tamaşaya baxmısınız, sənət məbədi haqqında təəssüratlarınız necə olub, hansı sözlər yaddaşınızda qalıb ?

Yazı zamanı bu və ya digər terminlərdən istifadə etmək məcburiyyətində qalsam da, tamaşaçılarla canlı ünsiyyətdə, sosial şəbəkə izləyiciləri ilə yazışmalarımda həmişə onların anlaya biləcəyi tərzdə fikrimi ifadə etmişəm.

Yadımdadır, bir dəfə bir xanım mənə yazmışdı: "Ay bala, mənim teatrdan heç başım çıxmır. Amma səni izləyirəm, marağım artır, şənbə və bazar günü nəvəmə də bilet alıb tamaşaya baxamağa gəlmək istəyirəm. Filan tamaşa haqqında indidən mənə məlumat ver, zəhmət olmasa. Amma sən Allah, elə izah et ki, başa düşüm. "Premyara", "debüt", "anşlaq" zad yazmısız ha, o nə mənədir elə?"

O günlər geri dönəydi və mən də böyük məmnuniyyətlə teatr terminlərini bütün detalları ilə soruşanlara izah edərdim. Çünki mənim anlamımda teatr təkcə qalstuklular üçün deyil. Teatr sadə vətandaşların da anladığı, çəkinmədən gəlib-gedə biləcəyi məkan olmalıdır... Teatrı sevmək lazımdır.

Ümid edirəm ki, bezdirici günlər tezliklə bitəcək və biz də sevimli işimizə dönəcəyik, həsrətində olduğumuz teatr terminlərimizi yenidən eşidəcəyik.

Onlayn teatr olar? "Zoom"da görüşlərin, "Zoom"da tamaşa və balet məşqlərinin keyfiyyəti də internetin sürətindən asılıdır. Onun da vəziyyəti hamıya bəllidir. Əlbəttə, canlı ünsiyyəti heç nə əvəz etmir. Gün o gün olsun ki, "Zoom"un zülmündən xilas olaq.

Bəlkə də ürəyinizdə deyirsiniz ki, "Bizə teatr lazımdır?". Dünyanın teatra çevrildiyi bir vaxtda...

Fəridə Aslanova



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar