Ehtiyacın yazdırdığı şeirləri indi yaza bilmirəm - Polis şair

17 May 2021 17:47    10872 Baxış   
Ehtiyacın yazdırdığı şeirləri indi yaza bilmirəm -  Polis şair

Keçmiş gündü, lap keçmiş gün. O keçmişdən qopa bilmirəm. Xatırladıqca yanağımdan ürəyimə axan göz yaşlarımın pıçıltısını məndən başqa kimsə eşitmir.

“Unudan adam ağlamaz”,- deyiblər. Ağlayırsansa, deməli, xatırlayırsan...

Hamıya danışılası, bölüşüləsi dərd deyil. Gözümə, könlümə yad olmayan bir neçə dosta danışmışam. Onlar da “Dünən dünəndə qaldı, bu gün gör sən hardasan”,- deyib mənə təsəlli veriblər. Mən o dünənə yenidən dönmək istəyirəm. Atamın, anamın ağarmayan saçlarını, şux yerişlərini, əyilməyən qədlərini görmək, qayğılı da olsa, ürəkdən gələn gülüşlərini eşitmək istəyirəm.

Ehtiyacın mənə yazdırdığı şeirləri indi yaza bilmirəm.

Avtobusa minməyə pulum olmayanda,
Metroyla getməyə bir jetonum belə qalmayanda.
Bir sən olursan, bir də universitetdən evimizəcən uzanan yol.

Yolların başına dolana-dolana,

Məni evimizə pulsuz çatdıran ayaqlarım, çox sağ ol...

Pulsuzluq ağır dərddi. Bunu indi bilirəm. Amma çox da uzaq olmayan keçmişdə bu mənimçün dərd deyil, pərtlik idi.

Mən heç vaxt “venetka” çəkdirmədim...

Xatirələrin yumağı açıldıqca bir ara avtobuslarla yanaşı sərnişin daşıyan “raf”ları xatırlayıram. Gediş haqqı elə onlarda da avtobusdakı kimi idi. Pulumuz olanda gediş haqqını ödəyirdik. Olmayanda isə...
Ən çox avtobusdan istifadə edirdik. Niyəsini deyim, çünki cibimizdə pul olmayanda ondan düşüb qaçmaq asan idi. Bir dəfə avtobusun arxa qapısından düşüb qaçanda maşın az qalmışdı ki, məni vursun. Onda anam məni qucaqlayıb o qədər ağlamışdı ki...

“Özüm də bədbəxt olacaqdım, özgəni də bədbəxt edəcəkdim”. Bu söz hələ də qulaqlarımdadır. O yanğı hələ də sinəmi göynədir.

İllər keçdi. Əlimiz çörəyə çatanda, cibimiz pul tanıyanda dostun, tanışın, hətta tanımadığımız birinin belə, gediş haqqını ödəyib könlümüzü sevindirdik. Yol pulu tapmadığımız o günlərin heyfini çıxdıq. Ən böyük qazancımız kiminsə üzündə gülüş, xoş təbəssüm görmək idi.

Şəffaflığı təmin etmək, sərnişinlərin rahatlığını düşünərək gediş haqqını ödəmək üçün kart sisteminə keçid sanki insanları biri-birindən daha da uzaqlaşdırdı. Bir soyuqluq çökdü qəlblərə, üzlərə. O gülüşlər, o təbəssümlər, o gözləntilər dondu elə bil.
Mən də kartdan istifadə edirəm. İnanın, mənzil başına çatanda özümdən ixtiyarsız əlimi cibimə atıram. Hətta düşüb qaçmağa fürsət axtarıram. Yadıma düşəndə ki...

Keçmişdi, lap keçmiş gün. Anamın - “Özüm də bədbəxt olacaqdım, özgəni də bədbəxt edəcəkdim” sözü də o uzaq keçmişdə qalıb indi.

Hafiz Hacxalıl



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar