“Əli Həsənov hakimiyyətdaxili oyun qaydalarını pozduğuna görə cəzalandırılıb”

08 İyun 2020 10:55    1461 Baxış   
“Əli Həsənov hakimiyyətdaxili oyun qaydalarını pozduğuna görə cəzalandırılıb”
"Əli Həsənov barəsində cinayət işi açılmalıydı, çünki o, məmur olduğu vaxt varlanıb, özü üçün şirkətlər yaradıb"

Bildiyiniz kimi, bir müddət öncə bir qrup jurnalist Prezident İlham Əliyevə, həmçinin hüquq-mühafizə orqanlarına jurnalistlər üçün tikilmiş binalardakı mənzillərlə bağlı araşdırılma aparılması üçün müraciət ünvanlamışdı. Bunun ardından müraciəti imzalayan jurnalistlər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb dindirildi.

Korrupsiya idarəsində dindirilən jurnalistlərin bildirdiyinə görə, Baş İdarədə, juranlistlər binasındakı 411 mənzil barədə araşdırma aparılır. Və həmin jurnalistlər inanırlar ki, Prezidentin sabiq köməkçisi Əli Həsənov, Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli barədə cinayət işi açılacaq.

Maraqlıdır, bu araşdırmaların nəticəsi olaraq Əli Həsənova cinayət işi açıla bilərmi? Dominant.az-ın məsələ barədə sualına “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev aydınlıq gətirib.


M.Əliyevin sözlərinə görə, Ə.Həsənov hər hansı bir cinayət işi törətdiyinə görə tutduğu vəzifədən azad edilmədiyinə görə, ona cinayət işi açılmasını tələb edə bilmərik: “Əli Həsənov hakimiyyətdaxili oyun qaydalarını pozduğuna görə cəzalandırılıb. O cümlədən də Vüqar Səfərli. Əslində isə Həsənov barəsində cinayət işi açılmalıydı, çünki o, məmur olduğu vaxt varlanıb, özü üçün şirkətlər yaradıb. Yəni, siyasi imtiyazından istifadə edərək başqalarının biznesini dağıdıb və öz biznesini qurub. Bu da cinayətdir, korrupsiyadır, ona görə də Əli Həsənov mütləq cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır”.

Müsahibimiz onu da qeyd edib ki, Vüqar Səfərlinin hansısa əməllərində cinayət işi aşkarlanarsa və həbs olunarsa, həmçinin onun əməlləri Əli Həsənova bağlılığı sübut olunarsa, o zaman Əli Həsənov da cinayətə cəlb oluna bilər: “Ancaq ilk növbədə cinayət məsuliyyətinə Vüqar Səfərli cəlb olunmalıdır. Sonra cinayətdə Səfərli ilə Həsənovun əlaqələri təsdiq olunmalıdır. Əgər hüquq mühafizə orqanlarında bu barədə yoxlama gedirsə, yoxlamanın nəticəsinə uyğun da qərar verilməlidir”.

““Xəzər” televiziyası kimi, Beynəlxalq Mətbuat Mərkəzi də Əli Həsənovdan alınmalıdır və mən düşünürəm ki, alınacaq da. Bəlkə də alınıb elə, amma biz bilmirik”, - deyə M.Əliyev vurğulayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar