Əlilliyi olan şəxslərə özünüməşğulluq əngəli

20 Yanvar 2021 20:45    419 Baxış   
 Əlilliyi olan şəxslərə özünüməşğulluq əngəli

I qrup əlilliyi olan Kamil Həsənov həkim səhvi nəticəsində səsini itirib. Əməliyyat zamanı yanlış olaraq səs telləri zədələnib. Nəticədə adi səslə danışa bilmir, səsi batıb. Buna görə ona I qrup əlillik dərəcəsi təyin edilib. Ona uyğun müavinət də alır. Ancaq aldığı məbləğin onun müalicəsinə və digər zəruri tələbatlarına çatmadığını deyir: “Tez-tez həkim müayinəsindən keçməliyəm, müalicə olunmalıyam. 250 manat mənim heç bir dəfə müayinə olunmağıma bəs etmir. Müayinələr gecikəndə isə xəstəliyim artır”.

K.Həsənov maddi durumunu yaxşılaşdırmaq üçün özünüməşğulluq proqramına qoşulmaq istəyir. Özünün dediyi kimi, problemi yalnız səsinin batmasındadı, digər əzaları tam sağlam və iş qabiliyyətindədir. Özü də işsiz qalmaq istəmir. Üstəlik ailədə işləyə bilən tək özüdür, anası yaşlı qadındır, bacısı isə əlilliyi olan şəxsdir. Ailənin bütün yükü üzərində olduğundan K.Həsənov özünüməşğulluq proqramına qoşulmağa qərar verib. Bunun üçün Ağdaş rayon Məşğulluq Mərkəzinə müraciət edib. Lakin aldığı cavab onu daha da məyus edib. Mərkəzdən ona şifahi şəkildə bildiriblər ki, I qrup əlilliyi olan şəxslər əmək qabiliyyətli hesab olunamdıqları üçün onların proqrama qoşulması mümkün deyil.

Bütün ümidləri ölən K.Həsənov bu günlərdə qarşılaşdığı problemlə bağlı Prezident İlham Əliyevə, eləcə də Əmək və Əhalinin Sosial Mudafiəsi naziri Sahil Babayevə müraciət edib:

“Yazıb sizə bildirirəm ki, mən I qrup əlil kimi Məşğulluq Mərkəzinə dəfələrlə müraciət etmişəm. Özüm üçün bir iş qurmaq istəyirəm. Ancaq I qrup əlil olduğum üçün işə yararsız olduğumu dedilər, məni avadanlıqla təmin etmirlər. Ancaq mən işləyə bilərəm. Problem ancaq səsimin batmasıdı. Xahiş edirəm I qrup əlilliyi olan şəxslərin özünüməşğulluq proqramına cəlb olunmasına, avadanlıqlarla təmin edilməsinə göstəriş verəsiniz”.

Əlilliyi olan Sevda Səfər də I qrup əlilliyi olan şəxslərin məşğulluq probleminin hələ də tam olaraq həll edilmədiyini bildirib: “Baxın, bir tərəfdən Əmək Məcəlləsində və Vergi Məcəlləsində işləyən I və II qrup əlillər üçün güzəştlər nəzərdə tutulub. Onlara işləmək qanunla qadağandırsa, o zaman bu güzəştlər niyə nəzərdə tutulub?”

Məsələyə aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik.

Nazirliyin mətbuat katibi Fazil Talıbov bildirib ki, dövlət başçısının tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan və əmək bazarının inkişafında önəmli rola sahib olan özünüməşğulluq proqramı əmək qabiliyyətli işsiz şəxslərin dövlətin dəstəyi ilə özünü işlə təmin etməsinə şərait yaradır. Proqramın əsas şərtlərindən biri müraciət edən vətəndaşın “Məşğulluq haqqında” qanuna əsasən işsiz statusunun olmasıdır: “Məşğulluq haqqında” qanuna əsasən, işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs hesab olunur. Əmək zəmanəti verilməyən əlilliyi olan şəxsləri “Məşğulluq haqqında” qanuna əsasən işsiz kimi qeydiyyata almaq mümkün olmadığından həmin şəxslər proqrama cəlb oluna bilmir”.

F.Talıbov burada istisnaların olduğunu da qeyd edib. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin tibbi ekspert komissiyaları tərəfindən əmək qabiliyyətini tamamilə itirmiş və psixi-ruhi pozuntular səbəbilə əlilliyi olan şəxslərə əmək zəmanəti verilə bilmir. Digər hallarda isə bütün əlilliyi olan şəxslərə əmək zəmanəti verilir və həmin şəxslər özünüməşğulluq proqramının icrası zamanı üstün hüquqa malikdirlər.

Onu da qeyd edək ki, “Məşğulluq haqqında” qanuna əsasən, işsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. Əmək qabiliyyəti olmayan əlilliyi olan şəxslər bu proqramdan yararlanmaq istədikdə onların ailə üzvləri üçün dövlətin dəstəyi ilə kiçik təsərrüfatlar yaradıla bilər.

Dominant.az



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar