İki gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsində “İsgəndər” operativ-taktiki raket komplekslərindən Azərbaycana qarşı istifadə olunduğunu, lakin raketin partlamadığını etiraf etdi. Paşinyanın bu açıqlamasına cavab olaraq, Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov isə Ermənistanın Qarabağdakı müharibə zamanı “İsgəndər” raket sistemlərindən istifadə etməyini bildirdi. İ.Konaşenkovun sözlərinə görə, “İsgəndər” raketlərinin bütün ehtiyatları Ermənistan ordusunun anbarlarındadır.
Maraqlıdır, hansı tərəf doğru deyir?
Dominant.az-ın sualına təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl aydınlıq gətirib:
"“İsgəndər” məsələsini Paşinyandan öncə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan aktuallaşdırdı. Raket kompleksi Sarkisyanın hakimiyyəti dövründə Ermənistan ordusuna verildiyindən o fəxrlə danışırdı və indiki hakimiyyəti bu kompleksdən istifadə etmədiyinə görə ittiham etdi. 2021-ci ildə ilk müsahibə verən Paşinyan bu məsələyə jurnalistin sualı ilə toxundu və müharibə bitəndən bu barədə danışmırdı. Məntiqlə də Paşinyanın dedikləri həqiqətə daha yaxındır. Niyə yalan danışsın? Rusiya Müdafiə Nazirliyinin dedikləri isə bəraətə bənzəyir, silahlarının markasını qoruyurlar".
"Bu işin həqiqət olub olmamasını Azərbaycan sübut edə bilər. Paşinyanın dediyinə görə, raket Şuşaya atılıb. Əgər o raketin partlamayan və ya qismən partlayan hissəsi Şuşadadırsa onu minaları zərərsizləşdirənlər tapa bilərlər və ya tapıblar. Amma bizim neytral qalmağımız daha məqsədəuyğundur. Qoy, hər iki tərəf bir-birini nə qədər istəyir ittiham etsin. Biz hansısa tərəfin doğru və ya səhv olduğunu bilsək belə, bildirməməliyik. Bu bizim maraqlarımıza uyğundur", - deyə İ.İsmayıl vurğulayıb.
Xanlar Əlizadə