Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməlidir

22 Fevral 2021 12:50    2373 Baxış   
Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməlidir

Üçtərəfli bəyanatın müddəalarını icra etmək əvəzinə, hələ də sənədin şərhi ilə məşğul olan Ermənistan, eyni zamanda, siyasi təxribatlarını və hərbi cinayətlərini davam etdirir. Hazırkı mərhələdə bunu həm də “xəritə oyunu” üzərindən aparır. Daha dəqiq desək, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Səbəb kimi göstərdiyi bəhanə isə çox bəsitdir – qətiyyən inandırıcı deyil: “bu xəritələr yoxdur”. Təbii ki, bu ermənilərin yüzlərlə yalanından sadəcə biridir. Reallıq budur ki, işğaldan azad edilmiş ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş sahələrdir. Və şübhə yoxdur ki, minalar xəritə əsasında basdırılıb.


Təbii ki, cinayətkar dövlətin “xəritə oyunu” vasitəsilə həyata keçirmək istədiyi plan aydındır: əvvəla, maksimum surətdə çoxlu insanın həlak olmasına müvəffəq olmağa çalışırlar. İkincisi isə, azərbaycanlıların bu ərazilərə qayıdışına müvəqqəti də olsa, mane olmaq, müddəti mümkün qədər uzatmaq istəyirlər.

Əlbəttə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə bütün imkanlardan maksimum yararlanmaqla minatəmizləmə prosesini davam etdirir. Amma ərazinin geniş olması, minalanmış sahələrin miqyasının kiçik olmaması, yəni yüzlərlə kvadrat kilometr ərazini əhatə etməsi, üstəlik, Ermənistanın “xəritə təxribatı” işi çətinləşdirir.

Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməlidir. Bu, beynəlxalq hüquq normaları əsasında qəbul edilmiş müvafiq konvensiyaların tələbidir. İşğaldan azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsi məhz bu təxribatın nəticəsidir və hərbi cinayət hesab olunur. Eyni zamanda, bu cür qeyri-konstruktiv mövqe regional təhlükəsizliyə ciddi təhdid yaratmaqdır ki, bunun da qarşısını almaq üçün beynəlxalq təşkilatlar adekvat addımlar atmalı – məcburedici tədbirlər görməlidirlər.

Nurlan Qələndərli, politoloq



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar