Ey qələm sahibi, bil ki, sən qələm əhlisən, ticarət əhli deyilsən!

29 İyul 2020 18:05    1048 Baxış   
Ey qələm sahibi, bil ki, sən qələm əhlisən, ticarət əhli deyilsən!
Qələmin ilk qələmin sahibinə müxalif olmasın!

Azərbaycan mətbuatının inandırıcılığı, təəssüf ki, gün keçdikcə azalır. Ancaq yenə də jurnalistlərimizin və bütün qələm əhlinin həqiqət yolunda faydalı olacaqlarına dair ümidimi itirmirəm. Keçən həftə (22 iyul) milli mətbuatımızın 145 yaşı tamam oldu. Bu yazını da bu münasibətlə qələmə almağa qərar verdim. Məqsəd əksəriyyətinin inanclı insanlar olduğuna inandığım jurnalistlərə və cümlə qələm əhlinə ilahi mesajlar vasitəsilə səslənişdir, yazarkən ilahi çağırışa mütləq qulaq versinlər deyə…

İnsanlar üçün ilahi bir xəbərdarlıq olan Qurani-Kərimdə “Qələm” adında bir surə var. Adını ilk ayədəki “qələm” sözündən alır. Burada qələmə və yazıya and içilir. “Qələmə və onunla yazılanlara and olsun ki…” buyurur Uca Allah (Qələm, 68/1). Beləcə yazının, yazmağın önəmini vurğulamaqla bərabər qələmin qüdsiyyətinə də işarə vurur yaradan.

Elə isə,

Ey qələm sahibləri! Mürəkkəbə batırdığınız qələmin haqqını verin.

Sizə vacibdir ki, yazının şərəfini qoruyasınız. Məsuliyyətinizi dərk edin.

Yazdıqlarınız həyatları məhv etməsin, ümidlərə son qoymasın. Zinhar mərhəmətsizlərdən və zalımlardan olmayın.

Unutmayın, qələmdən tökülən kəlamdan xilas olmaq əbədiyyən mümkün deyil. Bilin ki, məzlumun iki əli iki dünyada yaxanızda olacaq. Odur ki, kimsəyə haqsızlıq etməyin. Qələminiz kimsəyə ələm verməsin.

Ey qələm sahibi! Bil ki, sən qələm əhlisən, ticarət əhli deyilsən.

Əlindəki qələm ağlının dayaz sularından ilham almasın, ruhunun dərinlikləri də işin içində olsun.

Həqiqət axtarışında ol, mənfəət bütxanasında yox!

Bil ki, əlində tutduğun qələm hər şeyi yaradanın ilk yaratdığı varlıqdır. “O, yaratdığı hər şeyi gözəl yaratdı.” (Səcdə, 32/7)

Elə isə gözəl olan qələmi kirlətmə. “Sənə əmr edildiyi kimi doğru yolda ol.” (Hud, 11/112)

Yəni yalnız ilahi əmrə tabe ol və əsla doğru yoldan ayrılma.

Dön, yuxarıdakı ilk ayəni bir daha oxu və bil ki, qiymətini idrak etməklə mükəlləf olduğun qələm Rəbbinin and içdiyi müqəddəsindir.

Odur ki, qələmini mənəvi kirlilikdən daim uzaq tut.

Sən qələmindən mahir təbib kimi istifadə etməyə məcbursan, zinhar yanlış damarlara girmə.

Əsla bəndə əmrinə tabe etmə qələmini.

Unutma zinhar; vaxtı gələndə qələmin xatırlamaq istəmədiklərini üzünə vurar.

Özünü böyük görmə və yadından çıxartma ki, çətin günlər də gələcək, ağır hesabların verildiyi zamanlar da yetişəcək, həqiqətin həqiqi qiymətini tapdığı vaxtlar da olacaq.

Bil və yaxşıca düşünmədən azacıq belə, yazma.

Xatırla “O, qələmlə yazmağı öyrətdi” ayəsini (Ələq, 96/4).

Xatırla və Rəbbinin sənə həqiqəti yazmağı öyrətdiyini unutma.

“O, təkəbbürlənənləri sevməz!” (Nəhl, 16/23) buyruğunu da unutma.

Bil ki, təkəbbürlü olanları sevməz qəzəbi tutanda yaxanı qurtara bilməyəcəyin bir zillət ilə səni damğalayacaq olan.

Bəli, uca dağların sahibi burnu yuxarıda gəzənləri xoşlamaz.

Ona görədir ki, “Biz yaxın bir vaxtda onun burnunu damğalayacağıq” buyurur kitabında (Qələm, 68/16).

Yəni, “Təkəbbürünü qırıb onu rəzil edəcəyik.”

Elə isə, Rəbbinin qələmi ilə yazılan “yaxın bir vaxt”dan qorx.

O “yaxın vaxt” gəlmədən əvvəl təkəbbürü kənara qoyub təvazö zirehinə bürün.

Ancaq bil ki, zalımlara, eləcə də imkanlılara göstərəcəyin təvazökarlıqdan zərər görər şəxsiyyətin.

Odur ki, dünya əhli qarşısında dünya mənfəəti üçün kiçilmə. Zinhar yaltaqlardan olma.

Və ziyanda olmamaq üçün həqiqəti yalanlayanlara boyun əymə. Alçaqlara, iftiraçılara, xeyrə mane olanlara, yaxşılığın amansız düşmənlərinə, həddi aşanlara, daş ürəklilərə və ehtiraslarının əsiri olan zalımlara da zinhar boyun əymə. Əksinə, qələmin bu əxlaq yoxsunlarının qarşısında daim kəskin olsun.

Daim düşün qələmi və onunla yazdıqlarını.

Qələminlə yıxdıqların ləzzət verməsin, haqsız yerə yazdıqların xoş gəlməsin sənə.

Bil ki, ədalətdən ayrıldığın hər an yandıracaq bədənini.

Sənə ümid bağlayanların ümidini puç edən hər səhifə əzabın olacaq.

Çünki qələmi yaradan sətir-sətir haqq-hesaba çəkəcək səni.

Odur ki, olan nədirsə onu yaz! Həqiqəti ancaq.

Düşün “Yer üzündəki hər kəs fanidir” ayəsini (Rəhman, 55/26).

Və qələmini büt yerinə qoyma, fani müqtədirləri məbud bilmə zinhar.

Çünki bəndəlik etməyə layiq ola bilməz ölümlülər, yox olmağa məhkum olanlar.

Bu gün qələm sahibi olmaq rahatlığı olmayan bir peşə halına gəlsə də, sənin kəlamın zinhar qələmi yaradanın kəlamına zidd olmasın. Qələmini ilk qələmin sahibinə müxalif etmə, qoy yazsın həqiqəti.

Tərəzini yazı stolunun üstünə qoy, ziyanını düşün və bil ki, adil olsan qələm xilaskarın olar, zalım olsan cəzan əzabdır, atəşdir əbədi.

Sonda onu da bil ki, bu yazı xatırlatmaqdan ibarətdir ancaq.

Agah ol ki, qəflət göstərdikləri hər mövzuda insanlara həqiqəti, doğru yolu xatırladan Quranda Uca Allahın buyruğudur xatırlatmaq. Çünki O (c.c.), “Sən xatırlat! Çünki xatırlatmaq inananlara fayda verər.” buyurur kitabında (Zariyat, 51/55).

Zaur Şüküroğlu



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar