Fuadın ölümünü istəyənlər, siz onu görməyəcəksiniz!

03 Avqust 2020 10:37    615 Baxış   
Fuadın ölümünü istəyənlər, siz onu görməyəcəksiniz!
İki gün əvvəl Azərbaycan cəmiyyəti xaricdən ölkənin informasiya mühitinə ötürülən növbəti dezinformasiyanın şokunu yaşamalı oldu: guya, AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı həbsxanada işgəncələrə dözməyərək, dünyasını dəyişib!

Jurnalist həmkarlarımız Fuadın qardaşlarının nömrəsini tapmaq niyyətiylə zəng vurub bu “faciəvi ölüm” xəbərini verəndə, ani olaraq özümü başına ildırım düşmüş quru ağac kimi hiss etsəm də, ağzımdan çıxan ilk söz bu olmuşdu: “Ola bilməz, inanmıram!”

Ona görə yox ki, özümü itirmişdim, yox, belə qəfil ölüm xəbərləri almağa artıq alışqanam mən, sadəcə, Allahını tanıyan və Onun ədalətinə, mərhəmətinə əminliyi olan, hər insanı da bir missiya ilə yaratdığı düşüncəsiylə yaşayan biri kimi, Fuad Qəhrəmanlının bu cür “faciəvi ölüm”ü haqq etmədiyinə, bir növ, ilahi missiyasını tamamlamadan Allahın onun bu dünyadan köçməsinə razılıq verməyəcəyinə daha çox inanırdım...

Budur, şükür ki, artıq zaman bu inamımda da məni peşiman etmədi və həmişəki kimi, haqlı çıxardı: Fuad sağdır, ölməyib və ona yad olmayan həbsxana divarları arasında yenidən qeyri-müəyyən müddətə dustaq həyatını yaşayır!

Baxmayaraq ki, Fuadın polad iradəli və polad dəyanətli qardaşı Poladla birgə həmin an axtarışlarımızla yayılan xəbərin arxasında konkret siyasi məqsədlər yatan dezinformasiya olduğunu tezcə müəyyənləşdirmişdik, hətta bunun doğma Şahbuzumuza - ürəyi xəstə anasına və yaşlı atasına gedib çatmaması üçün onu yayanlardan bu dezinformasiyanı səhifələrindən dərhal yığışdırmalarını da xahiş etmişdik.

Ancaq kimə deyirsən?! Aşkar görünürdü ki, “Fuad həbsxanada öldürülüb!” dezinformasiyası və bu dezinformasiya üzərində də yaradılan siyasi gurultu bir əli xarici kəşfiyyatın, bir əli hakimiyyət içərisindəki “köhnələr”in ətəyində olan bir şəbəkəyə hədsiz dərəcədə gərəklidir!

Biz onlara “Yalandır, yığşdırın!” deyirik, onlarsa israrla “Hakimiyyətin içindəki mötəbər mənbəmiz öldürüldüyünü deyir” inadında davam edir, üstəlik, bunu daha geniş miqyasda tirajlamağa da cəhd göstərirlər...

Di yaxşı, bir halda ki indi hər şey dəqiqləşib, heç soruşdunuzmu o“hakimiyyətdəki etibarlı mənbələriniz”dən sizə bu cür dezinformasiyaları niyə soxuşdurduqlarını?! Di açın də sizi bu cür gülünc və axmaq vəziyyətdə qoyan əlaqələrinizi, niyə açmırsınız?! Bəs başqa vaxt deyirsiniz ki, hakimiyyətlə heç bir əlaqəniz yoxdur?! Bəlkə, deyəsiniz, cəmiyyət də görsün, tanısın “siyasi perespektivinizə inanaraq” istintaq təcridxanalarından sizə belə “səhih xəbərlər”lə yatırım qoyan o “mötəbər köstəbəklər”inizi?!

Heç utanırsınızmı?! İllərlə xalqa yalan sırıyan və indi bu yalanları ucbatından “Yalançı çoban” nağılındakı çobanın gününə düşən və hər gün söydüyünüz hakimiyyətdən sizin bir fərqiniz varmı?! Görmürsünüz ki, illərlə siyasi maraqları naminə cəmiyyətə, xalqa yalan dediklərindən indi söylədikləri həqiqətlərə də inanan tapılmır?! O halda niyə siz də onların yolunu gedirsiniz?! Fərqiniz varmı, sizin tənqid etdiyiniz bu hakimiyyətdən?!

Başqası tanımasa da, mən sizi yaxşı tanıyıram: yoxdur fərqiniz, eyni ağacın ayrı-ayrı budaqlarısınız! Sizin toxumunuzu torpağa əksək, yenə də cücərib-böyüyüb bu hakimiyyət, hətta ondan daha betəri olacaqsınız!

Bunlar yalançıdırsa, saxtakardırsa, siz onlardan da betər yalançı və saxtakarsınız!

Hakimiyyət illərlə öz maraqları naminə adamları qurban verdiyi kimi, siz də öz ətrafınızı – illərlə cani-dildən sizə xidmət etmiş insanları, bax, beləcə, heç nədən, bir balaca canınıza qorxu, vəlvələ düşən kimi, o dəqiqə satır, qurban verir, ölümünə çalışır, hətta öldürür və üstəlik, o ölümü üzərində də siyasi oyun qurursunuz!

“Fuad işgəncə altında öldü” xəbərini yayarkən, heç ani olaraq fikirləşdinizmi onun yorğan-döşəkdə öz ölümünü gözləyən anasının, atasının halını; Fuadın yaşadığı həyat ucbatından ürəyi xəstə olmuş bacısının, saçları bir gecədə ağarmış qardaşlarının halını?! Qoydunuzmu özünüzü, doğmalarınızı o atanın, o ananın, o qardaşın, o bacının yerinə?!

Başqası bilməsə də, mən bilirəm: yox! Çünki siz Fuadı ilk dəfə deyil ki, öldürürsünüz!

Bir neçə ay əvvəl Fuad doğma evinin içindən xəyanət zərbəsi alıb büdrəyəndə, yıxılanda, siz onun əlindən tutmadınız, saxlamadınız! Ömrünü, bütün gənclik illərini, ailəsini uğunda qurban verdiyi partiyasında tutduğu vəzifəsindən çox rahatca uzaqlaşdırdınız – siyasi baxımdan öldürdünüz onsuz da dərddən və həbsxana divarları arasındakı nəmişlikdən ciyərləri parçalanıb çürüyən, vərəmləyən bu adamı!

Halbuki məhz onda, indi efirlərdən kükrəyən sinənizi və uzanan boyunuzu qabağa verib, Fuada mənəvi dayaq durmaq, onun əlindən tutub saxlamaq, qaldırmaq və düşmənlərinizə, rəqiblərinizə “Mən öz əsgərimi meydanda heç bir halda tək qoymaram, sonadək qoruyacam onu!” mesajını vermək gərəkdi!

Sizsə “Amandır, feministlər, LGBT-çilər üstümüzə gəlir, Qərb bizdən küsər” təlaşıyla onu tək-tənha, yalnız buraxıb, Mehdiabaddakı həyətində intihar ağacının altına itələdiniz!

Və nə yaxşı ki, yenə də qüdrətli Allahın mərhəməti və hikməti sayəsində, Poladla birgə, son anda Fuadı boynuna keçirdiyi kəndirdən xilas edə, həyata qaytara bildik, özünü öldürmək fikrindən birdəfəlik daşındırdıq! O kəndirin izləri hələ də qalır Fuadın boynunda!

Fuad onda da ölmədisə, demək ki, Allah onun qədərinə bu cür – izi başqasının üzərində qalacaq “naməlum şərait”də ölümü yazmayıb hələ!

Tanıyanlar yaxşı bilir: mən Fuadın siyasi mövqeyini bölüşməsəm də, onu bir partiya çərçivəsindən daha böyük görmüşəm, ideallarına sayğı duymuşam həmişə! Çünki Fuadı təmənnasız olaraq bu millətin davasını aparacaq, ömrünü milli davaya həsr etmiş azsaylı yetkin siyasət adamlarımızdan biri kimi tanımışam! Dönməzliyinə, yoluna və düşərgəsinə sadiqliyinə, sadəliyinə və səmimiyyətinə heyrət və pərəstiş etmişəm: dəfələrlə “yanlış yolda” olduğuna inandırmaq istəsəm də, etiraf edim ki, tutarlı arqumentləriylə o məni haqsız çıxarıb, qınayıb, suçlayıb həmişə!

O, düşərgəsinin, partiyadaşlarının səhv hərəkətlərini, “yanlış yolda” olmasını ifrat təəssüb hissiylə yaxın buraxmasa da, təəssüf ki, düşərgədaşları ona adekvat olmayıblar - həmişə ən çətin anlarında onu müdafiəsiz və yalqız qoyublar, seçdirmək, fərqləndirmək istəməyiblər. Halbuki Fuad seçilən, fərqlənən idi...

Son günlərin “Fuad öldürüldü!” xəbəri də bir daha bunu sübuta yetirdi - adamlar özlərinə indidən alibi yaratmaq, gələcəkdə hansısa proseslərdən sığortalanmaq üçün məhz Fuadın adı üzərində ictimai diqqəti fokuslamaq, oyun qurmaq qərarı veriblər!

“Fuaddan işgəncə yoluyla sədrinin əleyinə ifadə almaq istəyiblər” arqumentini dövriyyəyə buraxsalar da, unutdular ki, Fuad 23 yaşında “Müxalifətin mitinq taktikası”nı yazmaq üstə tutulanda da, 40 yaşında “Nardaran işi”ndə həbsə atılanda da, o, kimsənin əleyhinə ifadə verməyibsə, 45 yaşında bunu heç etməz!

Fuadın üzünə durmağa isə nə çox adam – o, artıq qətiyyən buna təəccüblənməz...

Təqsiri Fuadda yox, özünüzdə, öz əməllərinizdə axtarın, cənablar, mərd adamları isə ləkələməyin!

Məncə, hakimiyyət dairələri də kimlərinsə Fuadın həyatı üzərində hansısa oyunlar qurduğunun fərqində olmalı və onun içəridə qorunmasını mütləq şəkildə təmin etməlidirlər! Çünki bu “kimlərsə” kimdirlərsə, bu ölkənin gerçək düşmənləridir – onu içdən və kənardan əlbir olub, qarışdırmağı planlayanlardır...

Allah Səni qorusun, əziz Dost! Allahdan qüdrətli heç kim yoxdur! Sənin ölümünü arzulayanları, ona çalışanları bu dəfə də Allah özü məyus edəcək, əmin ol!

Elxan Şükürlü



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar