Genom mühəndisliyi laboratoriyasının müdiri: “Bu, sonun başlanğıcıdır” - MÜSAHİBƏ

30 İyul 2020 20:20    338 Baxış   
Genom mühəndisliyi laboratoriyasının müdiri: “Bu, sonun başlanğıcıdır” -  MÜSAHİBƏ
Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində Moskva Fizika və Texnologiya İnstitutunun genom mühəndisliyi laboratoriyasının müdiri Pavel Volçkov dünyada mövcud epidemioloji vəziyyət, Vyetnamda təsbit edilən yeni koronavirus növü və COVID-19-un ikinci dalğası barədə danışıb.

- Ümumilikdə dünyada pandemiya ilə bağlı mövcud epidemioloji vəziyyət necədir?

- Pandemiya dekabr ayında Çində başlayıb. Aydındır ki, virus Çindən fərqli ölkələrə fərqli vaxtlarda – birinə tez, birinə sonra yayılıb. Buna görə ümumi vəziyyət qarışıqdır. Artıq xəstələri sağalmış, vəziyyətin öhdəsindən gəlmiş ölkələr də var, hələ də aktiv şəkildə COVID-19 ilə mübarizə aparan ölkələr də.

Ancaq ümumilikdə deyə bilərəm ki, bu, sonun başlanğıcıdır. Moskva üçün faiz olaraq deyərdim ki, insanların 40-60%-də koronavirusa qarşı immunitet yaranıb. Rusiya üzrə orta hesabla danışmaq çətindir, amma fərqli bölgələr üçün, yəqin ki, 20-60% təşkil edər.

- Vyetnamda SARS-CoV-2 koronavirusunun daha yoluxucu növünün yayılmağa başladığı bildirilir. Bu COVID-19 mutasiyasıdır, yoxsa yeni virusdur?

- Vyetnam bu virusun daha yoluxucu olduğuna dair inandırıcı sübut təqdim etməyib. Bu gün hər şeyə çox ciddi yanaşırıq; ağzımızı süd yandırıb, amma suyu üfürürük və bu, doğrudur. Vyetnam, həqiqətən də, yayılmanın lokallaşdırılması üçün böyük işlər gördü, virusun daha çox və ya az yoluxucu olmasından asılı olmayaraq, bu, yaxşı haldır. Müxtəlif vəziyyətləri müqayisə etdiyimiz üçün onun yoluxma dərəcəsini qiymətləndirmək olduqca çətindir. COVID-19 ilk dəfə peydə olanda ona hazır deyildik və xəbərlərə etinasız reaksiya verirdik. İndi isə bütün dünya əhalisi maskalarda gəzir, karantin tədbirlərinə anlayışla yanaşır, şərti desək, hamı əllərini yuyur. Mövcud vəziyyət o vaxtkı ilə müqayisəolunmazdır.

Onun yoluxucu və təhlükəli olması barədə yalnız məlumatlara əsaslanaraq nəticə çıxarmaq mümkündür, o da ki, əlimizdə heç nə yoxdur. Heç Vyetnamın özü də belə məlumatlara sahib deyil.

- Artıq bəzi ölkələr yavaş-yavaş sərhədlərini açır. Ümumiyyətlə, insanlar COVID-19 kimi yeni viruslardan və ya onun mutasiyalarından qorxmalıdırlarmı?

- Şübhəsiz, COVID-19 ilə bağlı durumun təkrarlanmaması üçün hər zaman dərd gəlməsinə hazır olmaq lazımdır. Mövsümi qrip virusu gələcək, yeni virus, başqa bir şey olacaq, amma buna da hazır olmalıyıq, bu, normaldır, həyatımızın bir hissəsidir. Sadəcə buna əvvəlcədən hazırlaşmaq, stresə düşmədən reaksiya vermək lazımdır.

İnfeksiyalar gözlənilən hadisədir, qanunauyğunluqdur. Buna görə bütün inkişaf etmiş ölkələrdə reaksiya protokolları formalaşıb, xüsusi xidmətlər fəaliyyət göstərir. Bizim vəzifəmiz infeksiyanın qarşısını alacaq tamhüquqlu protokollar hazırlamaq, tədbirlər görmək, infeksiya yaranıbsa, onu lokallaşdırmaq, onun epidemiyaya, Allah eləməsin, pandemiyaya çevrilməsinin qarşısını almaqdır.

- Bəzilərinin sentyabr ayında olacağını proqnozlaşdırdığı ikinci dalğanı gözləməliyikmi?

- Hər şey üçün resurs olmalıdır. İkinci dalğanın yaşanması üçün hələ immuniteti olmayan çox sayda insan lazımdır. Ancaq rəqəmlər azalır, immunitetli insanların sayı isə artır. Buna görə, güman ki, ikinci dalğa olmayacaq. Coğrafi flyuktasiyalar olacaq. Məsələn, karantin zamanı gedən insanlar geri qayıdacaqlar və s. Ancaq qlobal dəyişikliklər olmayacaq, yalnız kiçik dalğalanmalar olacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar