Hara sürüşürsünüz, a “Barama qurdları”?!

03 Fevral 2021 13:28    3621 Baxış   
Hara sürüşürsünüz, a “Barama qurdları”?!

Prezidentin AzTV-yə müsahibəsinin təhlili göstərir ki, hakimiyyət içərisindəki “köhnələr” hələ də “təzələr”in hökmranlığını qəbul etmək, onların fəaliyyətlərində uğur qazanmalarını istəmirlər və bu səbəbdən, əllərini də, pullarını da artıq işdən çəkiblər və əməlli-başlı özbaşınalıq edirlər.

Bunun adı sabotajdır! Sabotajsa, nəticə etibarilə, əhalini qiyama, etirazalara təhrik deməkdir!

Baxın, Prezident açıqca deyir ki, Elman Rüstəmov özbaşınalıq edərək, Şuşada nümayəndəlik açmaq istədiyi haqda mətbuata açıqlama verib və üstəlik də, subordinasiyanı gözləməyib. Yəni, təklifi Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə vermək və onunla məsləhətləşmək əvəzinə, heç kimlə məsləhətləşmədən birbaşa mətbuata çıxıb...
Prezidentə yarınmağa və gözə girməyə fürsət axtaran digərləri – Kəmaləddin Heydərov, Cahangir Əsəgərov, Elçin Quliyev, Səfər Mehdiyev və digərləri də düzülüblər növbəyə ki, birdən Elman Rüstəmov hoppanıb düşər qabağa, bunlar geri qalar...

İndi gəlin, PA rəhbəri gənc Samir Nuriyevlə məsləhətləşməyi özünə ar bilən və Pezidentin tənqid etdiyi ilk üçlükdəki məmurun kimliyinə baxaq:


1. Elman Rüstəmov – düz, 30 ildir ən yüksək vəzifələri tutur. 1991-ci ildən PA-da məsləhətçi, 1992-ci ildən Milli Bankda birinci müavin olub, 1995-ci ildən də Milli Bankın sədridir. Milyonlara deyil, milyardlara sahibdir və 2015-ci il devalvasiyasında xalq, iş adamları qan ağladığı vaxt, o, sevinir, toy-bayram edirdi... Axı fırıldaqçı maliyyə əməliyyatının müəllifi o idi, milyonlar, milyardlar irəli düşmüşdü...

2. Kəmləddin Heydərov – düz, 26 ildir birinci şəxsdir, 1995-ci ildən 2006-cı ilədək Gömrük Komitəsinin rəhbəri olub, 2006-dan da üzübəri Fövqəladə Hallar naziridir. Elə-belə “Fövqəlnazir” demirlər – uzun illər ölkədəki ən böyük iqtisadi-siyasi-maliyyə imperatorluğunun başında məhz o durub.

3. Cahangir Əsgərov – düz, 25 ildir dövlət büdcəsinin anasını ağladan AzAL-ın rəhbəridir, milyardlarla sərvətə sahibdir...

Əlbəttə, Prezidentin dediyi kimi, siyahını uzatmaq da olar. Ancaq bu 3 nümunə nələrin baş verdiyini bilmək üçün, məncə, yetərlidir: 25 ildir dövləti talayan bu oliqarxlar dövlətin çətin günündə ona əl uzatmaq əvəzinə, idarəçiliyə gətirilən gəncləri bəhanə edib, burcudub aradan sürüşmək istəyirlər...

Hara sürüşürsünüz, a “Barama qurdları”?!

Elxan Şükürlü



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar